AZ

Azərbaycanda mina və kasetli silahların qurbanlarının sayı açıqlanıb

Bakı. TurkicWorld

"Kasetli silah qurbanları" kasetli silahların tətbiq edilməsi nəticəsində öldürülən və ya cismani zədə alan, yaxud psixi sarsıntıya məruz qalan, iqtisadi zərərə düşən, sosial cəhətdən təcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətli dərəcədə əziyyət çəkən bütün şəxslər nəzərdə tutulur. Bunlara kasetli silahların birbaşa təsirinə məruz qalanlar, ailə üzvləri və yaşadıqları icmalar daxildir.

TurkicWorld-in xəbərinə görə, bu barədə məlumat "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin kasetli sursat probleminə dair hesabatında öz əksini tapıb.

Bildirilib ki, bu layihə çərçivəsində aparılan təhqiqat zamanı 1992–2025 illəri əhatə edən dövr ərzində Füzuli, Bərdə, Goranboy, Beyləqan, Ağdam, Tərtər, Yevlax, Kəlbəcər, Qəbələ və Şuşa rayonlarından, Bakı, Gəncə və Mingəcevir şəhərlərindən olan 233 mülki şəxs kasetli silah qurbanı kimi müəyyən edilib.

Kasetli silahla baş verən hadisə anında 8-i uşaq (5 qız, 3 oğlan), 13-ü qadın olmaqla 51 nəfər həlak olub, 34-ü uşaq (18 qız, 16 oğlan), 47-i qadın olmaqla 182 nəfər yaralanıb. Hadisə anında ən kiçik zərərçəkən 5 yaşında, ən yaşlı şəxs isə 78 yaşında olub.

Bundan başqa 21 hərbçinin kasetli silah qurbanı olduğu müəyyən edilib, bunların da iki nəfəri həlak olub, 19 nəfəri yaralanıb.

01.01.2025-31.07.2025 tarixlərində 15 mina hadisəsi nəticəsində 20 nəfərin mina və PHS qurbanı olması faktı qeydə alınıb. Həlak olan qeydə alınmayıb. Mina və PHS partlayışları Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Goranboy, Kəlbəcər, Qazax, Xocalı, Xocavənd rayonlarının ərazisində baş verib. Zərərçəkənlərin 3 nəfəri uşaq və gənclər olub. O cümlədən 1 nəfər qadın və 19 nəfər kişi partlayıcı sursatlardan zərərçəkmiş kimi qeydə alınıb.

10.11.2020-31.07.2025 tarixlərini əhatə edən dövr ərzində baş vermiş mina hadisələri nəticəsində 55 nəfəri mülki şəxs olmaqla 70 nəfər həlak olub, 160 nəfəri mülki şəxs olmaqla 332 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan 12 nəfər kasetli silah qurbanı olub.

1991-ci ildən 31 iyul 2025-cü il tarixədək 3 400 nəfərdən çox mina və PHS qurbanı olub. Bunların 600 nəfəri həlak olub, 2 812 nəfər yaralanıb. Qurbanların 38 nəfəri qadın, 362 nəfəri uşaq və gənclərdir.

131 nəfər Vətən müharibəsi zamanı, 12 nəfər isə sonradan olmaqla ümumilikdə 143 nəfər kasetli sursatların qurbanı olub.

Seçilən
24
7
turkic.world

8Mənbələr