AZ

Gözlərdə quruluq niyə yaranır və necə aradan qaldırmaq olar?

Həkimlər göz quruluğunun sadəcə narahatlıq deyil, ciddi fəsadlara yol aça biləcək bir vəziyyət olduğunu bildirirlər. Quru göz sindromu zamanı gözlər kifayət qədər yaş istehsal etmir və ya mövcud göz yaşları çox tez buxarlanır. Nəticədə gözlərdə yanma, qızartı, bulanıq görmə və işığa qarşı həssaslıq kimi əlamətlər meydana çıxır.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, göz yaşı filminin yağ, su və selikdən ibarət təbəqələrindən hər hansı birində pozuntu baş verdikdə xəstəlik inkişaf edə bilər. Yaşla əlaqədar olaraq göz yaşı istehsalı azalır və xüsusən menopozdan sonrakı dövrdə qadınlarda bu problem daha çox müşahidə olunur.

Risk faktorlarına A vitamini çatışmazlığı, şəkərli diabet, autoimmun xəstəliklər (Sjogren sindromu, lupus, romatoid artrit), həmçinin kondisioner, küləkli hava və uzun müddət kompüter qarşısında işləmək daxildir. Bundan əlavə, bəzi dərmanların – antihistamin, antidepresant və qan təzyiqi dərmanlarının istifadəsi də göz quruluğunu gücləndirə bilər.

Quru gözün yüngül formalarında süni göz yaşı damcıları və həyat tərzi dəyişiklikləri faydalı ola bilər. Daha ağır hallarda isə həkimlər xüsusi dərmanlar və ya cərrahi üsullarla müalicə aparır. Ev şəraitində isti kompreslər, göz qapaqlarının masajı və omeqa-3 ilə zəngin qidaların rasiona daxil edilməsi simptomların yüngülləşməsinə kömək edə bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, uzunmüddətli və müalicəsiz quru göz kornea zədələnməsinə, iltihaba və hətta görmə itkisinə səbəb ola bilər. Bu səbəbdən simptomlar müşahidə olunduqda vaxtında həkimə müraciət etmək tövsiyə olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
14
e-saglam.az

1Mənbələr