AZ

Mingəçevir Kürün gözəlliyinin, ruhunun və enerjisinin hiss olunduğu məkan

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mingəçevir, 25 sentyabr, Vüsalə Cənnətova, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasının növbəti ünvanı Mingəçevir şəhəridir.

Mingəçevir Kürün gözəlliyini, möhtəşəmliyini hiss edə biləcəyiniz yerlərdəndir. Çayın sahilində yerləşən "İşıqlar şəhəri" təmizliyi, göz oxşayan mənzərələri və ən əsası sərin sahil xətti ilə tanınır. Bu ərazi təbiətin gözəlliyi ilə yanaşı, eyni zamanda, macəra və rahatlığı özündə birləşdirir. 1948-ci ildə şəhər yaranandan sakinlərinin istirahəti üçün Kür çayının sahilində bulvar yaradılıb. Şəhərdən keçən çayın hər iki sahilindəki parklar göz oxşayır. Sahəsi 15 min kvadratmetr olan “Sağ Sahil parkı”nda əsasən otel, mehmanxana tipli müəssisələr, iaşə obyektləri yer alsa da, çayın digər tərəfində yerləşir. Sahəsi 34400 kvadratmetr olan “Sahil parkı”nda isə 2013-cü ildə aparılan yenidənqurma işləri nəticəsində əhalinin istirahəti üçün hər cür şərait mövcuddur. Buraya üz tutanlar bulvarda piyada və ya velosipedlə gəzə, idmanla məşğul ola, Kürün yaratdığı möhtəşəm mənzərəni doyunca seyr edə, dadlı balıq yeməklərindən zövq ala bilirlər. Bundan başqa, qayıqlarla, katerlərlə, kiçik gəmilərlə Kür boyunca gəzinti gözəl və fərqli təəssüratlar bəxş edir.

Yerli sakinlərlə yanaşı, çox sayda turistlər çayın hər iki sahilini izləməkdən zövq alırlar.

Beynəlxalq standartlara uyğun yenidən qurularaq “Kür” Olimpiya Tədris-İdman Mərkəzi də çayın sahilində yerləşir. Buna görə də mingəçevirlilər və şəhərin qonaqları yerli və beynəlxalq miqyaslı avarçəkmə yarışlarını izləmək imkanı da əldə edirlər. Burada su qış aylarında donmur. Bu da soyuq iqlimə malik bir çox xarici ölkə təmsilçilərinin məşqləri Kürdə keçməsinə şərait yaradır. Bura həvəskar balıqçılar üçün də ideal məkandır. Bundan başqa, əraziyə nadir və miqrasiya edən quş növlərini izləmək üçün quş müşahidəsi həvəskarları üz tuturlar. Qağayı yemləmək də onlara zövq verir. İnsanlar Kür çayı üzərində yerləşən 185 metr uzunluğu, 14 metr eni olan avtomobil yolu üçün salınmış körpüsündən bütün bu gözəllikləri izləyə bilirlər.

Turistlər el arasında "Mingəçevir dənizi" kimi adlandırılan Mingəçevir su anbarını seyr etməyi də unutmurlar. Su anbarının ətrafında, boz qayalıqların yanında çimərlik ərazilər də mövcuddur.

Bir sözlə, Mingəçevir ekoturizm, ailəvi istirahət və su macəraları üçün əla yer hesab edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
azertag.az

1Mənbələr