44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında başlayan sülh danışıqlarının ən həssas mövzularından biri minalanmış ərazilər məsələsidir. İşğaldan azad edilən torpaqlarda milyonlarla mina basdırılması təkcə təhlükəsizlik problemi deyil, həm də humanitar fəlakətdir. Savaşdan sonra yüzlərlə mülki və hərbi şəxsin mina qurbanına çevrilməsi göstərir ki, bu məsələ regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Ermənistanın təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiqliyi isə danışıqlar prosesinə əlavə gərginlik qatır və beynəlxalq vasitəçilərin də məsuliyyətini gündəmə gətirir.
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonra başlayan danışıqlar prosesində Azərbaycanın əsas tələblərindən biri minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi ilə bağlı olub:
“Nəzərə alsaq ki, Ermənistan işğal dövründə Azərbaycan ərazilərində təxminən bir milyon yarım mina basdırıb, bu, çox ciddi təhlükə yaradır. Təsadüfi deyil ki, savaşdan sonra 400-ə yaxın vətəndaşımız mina partlayışlarının qurbanı olub.
Ermənistan formal olaraq minalanmış sahələrin xəritələrini Azərbaycana versə də, onların dəqiqliyi böyük şübhə doğurur. Aparılan yoxlamalar göstərir ki, bu xəritələrin dəqiqliyi maksimum 25 faiz civarındadır ki, bu da olduqca aşağı göstəricidir. İki gün öncə baş verən hadisə – Azərbaycan kəşfiyyatçısının mina partlayışına düşməsi – bir daha bu məsələnin aktuallığını ortaya qoyur”.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində minalanmış ərazilərin xəritələri məsələsi yenə də əsas tələblərdən biri olaraq qalacaq:
“Ermənistan isə çox güman ki, bəhanə gətirəcək: guya mövcud xəritələr tam təqdim olunub, digər sahələrin xəritələri isə onların əlində yoxdur. Belə arqumentlərin səslənəcəyi gözləniləndir. Ona görə də Azərbaycan bu məsələyə xüsusi diqqət ayırmalı və beynəlxalq tərəfdaşlarla, xüsusilə də ABŞ ilə müzakirələri davam etdirməlidir. Çünki 8 avqust birgə bəyanatının altında Azərbaycan və Ermənistanla yanaşı ABŞ Prezidentinin də imzası mövcuddur”.
//Gülnarə Abasova, Editor.az