AZ

Bağırsaq sağlamlığının gizli açarı: Meditasiya

Son illərdə aparılan tədqiqatlar bağırsaq sağlamlığı ilə zehni rifah arasında güclü bir əlaqənin olduğunu ortaya qoyur.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bağırsaq yalnız qidaların həzmi ilə məhdudlaşmır, həm də “ikinci beyin” kimi əhval-ruhiyyə, immun sistem və ümumi sağlamlıq üzərində mühüm rol oynayır.

Bağırsaq-beyin oxu adlanan bu ikitərəfli əlaqə mədə-bağırsaq traktındakı neyronlarla mərkəzi sinir sistemi arasında davamlı biokimyəvi siqnallara əsaslanır. Trilyonlarla mikroorqanizmdən ibarət bağırsaq mikrobiomu serotonin və GABA kimi əhval-ruhiyyəni tənzimləyən maddələr istehsal edir. Onların balanssızlığı xərçəng, ürək-damar xəstəlikləri, habelə depressiya və narahatlıqla əlaqələndirilir.

Mütəxəssislər bildirirlər ki, xroniki stress bağırsaq hərəkətlərini pozur, keçiriciliyi artırır və mikrobiomanı zəiflədir. Bu isə qıcıqlanan bağırsaq sindromu (QBS) və iltihablı bağırsaq xəstəliklərinin yaranmasına yol aça bilər.

Elmi araşdırmalar göstərir ki, meditasiya bu proseslərə əhəmiyyətli təsir göstərə bilər. Dərin nəfəs və “mindfulness” kimi meditasiya texnikaları stressi azaldaraq bağırsaq bakteriyalarının tarazlığını bərpa edir, iltihabı azaldır və immun sistemini dəstəkləyir. Harvard Tibb Məktəbinin apardığı genişmiqyaslı bir araşdırma meditasiya proqramlarının lipid metabolizmasını yaxşılaşdıraraq həm fiziki, həm də zehni sağlamlığa töhfə verdiyini sübut edib.

Tibet buddist rahibləri üzərində aparılan digər bir tədqiqat isə meditasiya ilə məşğul olan şəxslərin bağırsaq mikrobiomlarının daha zəngin və faydalı bakteriyalarla dolu olduğunu göstərib. Bu da onların daha az stress, daha yaxşı metabolizma və daha güclü ürək-damar sağlamlığı ilə əlaqələndirilir.

Mütəxəssislər hesab edir ki, gündəlik həyata meditasiya və stressi idarə edən üsulların daxil edilməsi bağırsaq sağlamlığını qorumaq və müxtəlif xəstəliklərin qarşısını almaq üçün mühüm addım ola bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
16
e-saglam.az

1Mənbələr