ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Sentyabrın 19-u Naxçıvan Dövlət Universitetində (NDU) Türkiyənin Çankırı Karatekin Universiteti (ÇKU) və Iğdır Universiteti ilə əməkdaşlıq görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə NDU-nun rektoru Elbrus İsayev, ÇKU-nun rektoru Mevlüt Karataş, Iğdır Universitetinin rektoru Ekrem Gürel və universitetlərin rəhbər şəxsləri iştirak ediblər.
Elbrus İsayev qonaqları salamlayıb və əməkdaşlıqdan məmnunluq ifadə edib. ÇKU və Iğdır universitetlərinə yeni rektor təyinatları münasibətilə təbriklərini çatdırıb. Rektor bildirib ki, müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsi olan NDU-nun dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələri var və ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyənin özünəməxsus yeri var. 20-dən artıq xarici ölkədən 2000 əcnəbi tələbə kontingentinə malik ölkə ali təhsil məktəbləri arasında ön sırada qərarlaşır. Azərbaycan dili ilə yanaşı tədrisi ingilis dilində olan ixtisaslar da daxil olmaqla, universitetdə dörd istiqamətdə 250-yə yaxın proqram üzrə kadrlar hazırlanır. IELTS Qeydiyyat və İmtahan mərkəzi, IBM Mərkəzi, Texnologiyalar Parkı və digər strukturlar, layihələr əsasında beynəlxalq əməkdaşlıqlar gücləndirilir. Eləcə də NDU ilə ÇKU arasında əməkdaşlıq münasibətləri artan inkişaf dinamikası ilə davam edir və ikili diplom proqramı uğurla icra olunur. Həmçinin Iğdır Universiteti ilə mövcud şaxəli əməkdaşlıq çərçivəsində ortaq bir çox layihələr təşkil edilir.
Qonaqlar görüşü olduqca əhəmiyyətli və vacib əməkdaşlıq olaraq qiymətləndirib, universitetləri haqqında məlumat verib, birgə fəaliyyətin irəlidə daha uğurlu göstəricilərin əldə olunmasına yol açacağını əlavə ediblər. Çankırı Karatekin Universitetininin rektoru Mevlüt Karataş ölkədənkənar ilk rəsmi ziyarətinin NDU-ya olduğunu qeyd edərək elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsi, eləcə də duzla bağlı tədqiqatlar, ortaq araşdırmalar istiqamətində fikirlərini bölüşüb. Iğdır Universitetinin rektoru Ekrem Gürel təhsil və tədqiqata dair maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, irəlidə planlaşdırılan ortaq fəaliyyətlərə dair təkliflərini qeyd edib.
Ümumilikdə görüş çərçivəsində əməkdaşlıq protokolu və ikili diplom proqramının yenilənməsi, duzla bağlı tədqiqatlar müzakirə olunub. Bu il noyabr ayında NDU-da keçiriləcək “III Beynəlxalq Duz Araşdırmaları Konqresi” haqqında fikir müzakirəsi aparılıb. Eləcə də konqresə hazırlıq işlərinə dar ilkin məlumatlar qeyd olunub. Həmçinin hər üç universitetin birgə yaradacağı “Beynəlxalq Duz Araşdırmaları İnstitutu”nun fəaliyyəti ilə bağlı təkliflər dəyərləndirilib.
Sonra Naxçıvan Dövlət Universiteti ilə Çankırı Karatekin və Iğdır Universitetləri arasında əməkdaşlıq protokolları yenilənib. Universitetlər arasında müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması, ikili diplom layihələri yönündə əlaqələrin daha da inkişaf etdirilməsi nəzərdə tutulub. Mühazirələrin təşkili, o cümlədən onlayn formatda dərslərin keçirilməsi, seminar, konfrans və akademik toplantılarda qarşılıqlı iştirak, elmi nəşrlərin, tədris materiallarının və məlumatların mübadiləsi, qısamüddətli xüsusi təhsil proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlıq vurğulanıb. Beləliklə, tərəflər arasında imzalanan protokollar universitetlərin beynəlxalq əlaqələrinin genişlənməsinə, tələbə və müəllimlər üçün yeni imkanların açılmasına, eyni zamanda Türkiyə -Azərbaycan təhsil əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcək.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, rəsmi görüşdən sonra qonaqlar NDU-nun müxtəlif fakültə və mərkəzlərinin fəaliyyəti ilə tanış olub, universitetin tabeliyindəki Təbii Ehtiyatlar İnstitutuna, Bioresurslar İnstitutuna, Duzdağ Müalicə Mərkəzinə səfər ediblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.