Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyi 19 sentyabrda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbirini Neftçala rayonunda yerləşən İnteqrasiya təlimli internat tipli gimnaziyada keçirdi.
Manset.az xəbər verir ki, tədbiri layihə rəhbəri, təşkilatın sədri Elnurə Abuşova açaraq, vurğuladı ki, hər bir qız uşağı təhsildən kənarda qaldıqda, əslində bütün cəmiyyət bir addım geri atmış olur. “Biz istəyirik ki, hər bir qız öz arzularına, istedadına sahib çıxsın, sabahın həkimi, müəllimi, mühəndisi, elm adamı olsun. Onların üzündəki işıq bizim gələcəyimizin işığıdır” – deyə o əlavə etmişdir. Elnurə xanım həmçinin yerli icmaların və məktəblərin birgə əməkdaşlığının bu yolda əsas dayaqlardan biri olduğunu xüsusi qeyd etmişdir.

E.Abuşova layihənin əsas məqsədi barədə danışarkən vurğuladı ki, hədəfimiz daha çox çətinliklər, zorakılıq, erkən nikah və s. bu kimi riskli hallarla üzləşən, layihədə qeyd edilən rayonların kənd və qəsəbələrində yerləşən təhsil ocaqlarında təhsil alan qızlarla tədbirlərin təşkili, erkən nikahların qarşısının alınması, qızların təhsilə daha geniş cəlb edilməsi və sağlam ailə dəyərlərinin təşviqidir. Məqsədə nail olmaq üçün müxtəlif sosial qruplar arasında maarifləndirici tədbirlər və media kampaniyası həyata keçirilərək davranış və yanaşmalarda müsbət dəyişikliklərə nail olunması nəzərdə tutulur.
Daha sonra çıxış üçün söz Mediasiya Şurasının Salyan rayonu üzrə nümayəndəsi, Salyan 1 saylı Mediasiya Təşkilatının və Salyan rayon Vəkil Bürosunun müdiri, vəkil mediator Elman Hənifəliyə verildi. O, auditoriyaya müraciət edərək bildirdi ki, erkən nikah – bu sadəcə qanun pozuntusu deyil, bir insanın həyatını, xəyallarını yarıda qoymaqdır. Gənc qızın qəlbində oxumaq, öyrənmək, öz gələcəyini qurmaq arzusu var. Bu arzuları əlindən almağa heç kimin haqqı yoxdur. Ekspert təəssüflə bildirdi ki, statistik göstəricilərdə erkən nikahlarda müəyyən azalma müşahidə edilsə də, problem hələ də ciddiliyini saxlayır.
“Bu məsələ yalnız dövlətin işi deyil, hər bir valideynin, müəllimin, hətta qonşunun belə məsuliyyətidir. Bir qızın təhsilinə dəstək olmaq – gələcək bir nəsli xilas etmək deməkdir” – deyə o vurğulayıb.
Ardınca söz alan “Ümidli Gələcək” təşkilatının nəzdində fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nin rəhbəri Kəmalə Ashumova isə erkən nikahların qızların ruhunda açdığı yara izlərdən danışmışdır. O qeyd etdi ki, erkən nikaha məcbur edilən qızların çoxu uşaqkən uşaq olmağı unudur. Onlar özlərini ailə yükünün, məsuliyyətin altında tapır, arzularını ürəyində basdırır. Bu, onların azad seçim haqqının əlindən alınmasıdır.
Kəmalə xanım əlavə edib ki, hər bir qızın güvənə biləcəyi, danışa biləcəyi bir ünvan olmalıdır: “Bu layihə təkcə qızlara hüquqlarını öyrətmir, onlara "sən bacaracaqsan, sən dəyərlisən" mesajını da verir.
Tədbirin yekununda iştirakçılarla birlikdə “Uşaq Qaynar Xətti”nə zəng edilib və uşaqlar müraciət prosesini praktik olaraq müşahidə etmişlər. Qaynar xəttin operatorları ilə canlı ünsiyyət yaradılaraq uşaqlara müraciət mexanizmi əyani şəkildə göstərilib. Bununla yanaşı, tədbir zamanı həm uşaqları, həm də valideynləri maraqlandıran suallar səsləndirilmiş, mövzu ətrafında diskussiya aparılmış və bütün suallar ətraflı şəkildə cavablandırılmışdır. Beləliklə, tədbir yüksək fəallıq və maraqla qarşılanaraq uğurla başa çatmışdır.
Tədbirdə Neftçala rayon İnternat tipli gimnaziyasının 7, 8 və 9 sinif şagird-qızları (45 nəfər), valideynlər (6 nəfər), müəllimlər (6 nəfər), psixoloq və məktəb rəhbərliyi aktiv iştirak etmişdir.
Xatıladaq ki, “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi 01 avqust 2025-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsinin icrasına başlayıb. Layihənin müddəti 01.08.2025 – 31.10.2025-ci il tarixlərini əhatə edir.








