AZ

Sosial şəbəkə üzərindən cinayət : hamı bu tələyə düşə bilər DİQQƏT

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 23-də Bakıda vətəndaşın azyaşlı övladının fotosunu icazəsiz paylaşaraq 10 min manat ianə yığan şəxsin saxlanılması ictimaiyyətdə narahatlıq yaradıb. Bildirilir ki, artıq sosial şəbəkələr üzərindən edilən saxta yardım kampaniyaları həm insanların etimadını sarsıdır, həm də ehtiyacı olanlara kömək prosesinə kölgə salır. Hətta məsələnin qanunvericilik yolu ilə həll edilməsi, müəyyən qadağaların qoyulması təklif olunur.

İanə kampaniyalarının etibarlılığını necə yoxlaya bilərik? Bununla bağlı yeni qanuna ehtiyac varmı?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, qanunvericilikdə bütün dövlət, yaxud qeyri-dövlət, həmçinin qeyri-kommersiya təşkilatlarının və ayrı-ayrı şəxslərin ianə qəbul etmək hüququ tanınır:

Fazil Mustafa

“Bu baxımdan ianə verə bilənlərin çərçivəsi də müəyyən edilib. Ona görə də saxta yardım kampaniyalarını daha çox ianə qəbul edən şəxslər və ya təşkilatlar aşkarlamalıdır. Əgər bu barədə şikayət varsa, hüquqi müstəvidə araşdırılmalıdır. İanə könüllü xarakter daşıyır və məhdudiyyətlər tətbiq etmək problemlərə yol aça bilər. İnsanlar ianəni ordunun, əlil və ya şəhid ailələrinin, xeyriyyə təşkilatlarının, məktəblərin, bağçaların, qocalar evlərinin xeyrinə verə bilərlər. Bu səbəbdən yardım kampaniyalarına qanunla məhdudiyyət qoyulmasına ehtiyac yoxdur. Saxta ianələrin qarşısını almaq üçün onların ifşa edilməsi, ictimai qınaq və hüquqi tədbirlər ən optimal yoldur. Bu istiqamətdə tədbirlər görülməlidir”.

Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova bildirib ki, rəqəmsal dünyada sui-istifadə halları yalnız ianə toplamaqla məhdudlaşmır:

Mehriban Zeynalova

“Xeyirxahlıq və biganə olmamaq xalqımıza xas xüsusiyyətlərdəndir. Lakin həm rəqəmsal, həm də real mühitdə bu keyfiyyətdən sui-istifadə edənlər həmişə olub və olacaq. Ən təhlükəli məqam isə xalqda olan bu müsbət xüsusiyyətin zədələnməsidir, bu da ən ağır cinayətlərdən biridir. Belə kampaniyalara qoşulub yardım göstərmək istəyənlər mütləq ailə ilə şəxsən görüşməli və ya müvafiq qurumlardan dəqiq məlumat almalıdır. Çox vaxt müəyyən qurumların yardıma ehtiyacı olanlarla bağlı rəsmi məlumatları olur və onlar da həmin şəxslərə dəstək göstərirlər.

Sosial şəbəkədə paylaşılan elanlarda şəffaflıq çox vacibdir. Yəni ianənin kimə toplandığı, yığılan vəsaitin necə istifadə olunacağı aydın şəkildə göstərilməlidir. İnsanların tanımadığı şəxslərə və təsdiqlənməmiş səhifələrə pul göndərməsi risklidir. Yalnız etibarlı platformalara güvənmək tövsiyə olunur”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr