AZ

“Boz kardinal” təcridxanaya salındı | VİDEO

AzVision.az Moldova mediasına istinadən xəbər verir ki, bütün sərnişinlər endikdən sonra maskalar və gülləkeçirməz jiletlər taxmış polis əməkdaşları əlləri qandallanmış Plaxotnyuku təyyarədən çıxarıblar. Sonradan onu avtobusa mindirib həbsxanaya aparıblar.

Oliqarxın Afinadan onunla birlikdə uçan vəkili Luçian Rogak da polis tərəfindən saxlanılıb. Onun saxlanmasının səbəbləri məlum deyil.

“Plaxotnyuk əvvəllər Moldovanın keçmiş baş naziri Vlad Filatın saxlandığı təmir edilmiş kameraya yerləşdiriləcək”, - yerli mətbuat yazır.

Ölkənin Ədliyyə naziri Veronika Mixaylov-Moraru bunu qanuni tələblər və keçmiş yüksək vəzifəli məmurlar üçün təhlükəsizlik tədbirlərinə əməl olunması zərurəti ilə izah edib.

Moldova prokurorluğunun bildirdiyinə görə, Plaxotnyuk sentyabrın 26-da məhkəmə qarşısına çıxarıla bilər. Məhkəmə onun“milyardın oğurlanması”işinə ayrıca baxılıb-baxılmaması barədə qərar verməlidir.

1990-cı illərdə Plaxotnyuk Moldovada ən nüfuzlu şəxs sayılırdı, onun hökumətə və parlament çoxluğuna qeyri-rəsmi şəkildə nəzarət etdiyi iddia olunurdu.

Plaxotnyuk Moldovanı 2019-cu ilin iyununda, Demokrat partiyası hakimiyyəti itirəndə tərk edib. Bir neçə ay sonra onun barəsində “milyardlıq oğurluq”la bağlı çirkli pulların yuyulması işi üzrə həbs qərarı çıxarılıb.

Ümumilikdə, qaçaq oliqarx üç cinayət işi üzrə müttəhim qismində tanınır:cinayətkar qrup yaratmaqda və ona rəhbərlik etməkdə, külli miqdarda dələduzluqda (“Metalferos” işi) və “bank fırıldaqları” çərçivəsində çirkli pulların yuyulmasında ittiham olunur.

Eyni zmanada, Plaxotnuka qarşı Rusiyada da maliyyə fırıldaqçılığı, narkotik qaçaqmalçılığı və cinayət təşkilatına rəhbərlik etmək ittihamı ilə cinayət işi var. O, həmçinin Avropa İttifaqı (Aİ) və ABŞ-nin sanksiyaları altındadır.

Sentyabrın 19-da ölkənin Ədliyyə nazirliyi gözlənilmədən onun ekstradisiyasını dayandırdıqdan sonra Yunanıstan hakimiyyəti Moldova oliqarxı Vladimir Plaxotnyukun ekstradisiyası prosesini bərpa edib. Prokurorluq aydınlaşdırıb ki, Yunanıstan ilkin olaraq Kişinyovun bütün müraciətlərinə baxıb və hər biri üzrə onun ekstradisiyasına razılaşıb.

Beləliklə də, 6 illik qaçqınlıq həyatından sonra keçmiş oliqarx və siyasətçi Moldovaya təhvil verilib.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
50
azvision.az

1Mənbələr