AZ

Danimarkada dron həyəcanı - Aalborg Hava Limanı bağlanıb

BAKI, TurkicWorld,Fərid Mikayılov

Danimarkada bir neçə hava limanının üzərində icazəsiz dronların görünməsi ölkədə təhlükəsizlik həyəcanına səbəb olub.

TurkicWorld xəbər verir ki, Şimal bölgəsində yerləşən və həm mülki, həm də hərbi uçuşlara xidmət edən Aalborg Hava Limanı çərşənbə gecəsi təxminən üç saatlıq bağlanıb.

Polisin məlumatına görə, Esbjerg, Sonderborg və Skrydstrup hava limanları da eyni vaxtda dronlarla müşahidə olunub, lakin fəaliyyətini dayandırmayıb. Aalborg polisi hadisəni diqqətlə izlədiklərini, lakin dronların sayını və məqsədini müəyyən edə bilmədiklərini açıqlayıb.

Baş nazir Mette Frederiksen hadisəni “Danimarka infrastrukturuna qarşı ən ciddi hücum” adlandırıb. İki gün əvvəl Kopenhagendə də oxşar insident qeydə alınmış, bu isə Rusiyanın iştirakı ilə bağlı narahatlıqları artırmışdı.

Norveçdə də bənzər hal yaşanıb: Oslo Hava Limanı bazar ertəsi dron təhlükəsinə görə üç saatlıq bağlanıb. Avropa Komissiyası rəhbəri Ursula von der Leyen dron hadisələrini “sərhədlərimizdə davam edən təhdidin bir hissəsi” kimi dəyərləndirib.

Rusiyanın Kopenhagendə və Aalborgda baş verən hadisələrdə əli olduğu iddiaları isə Moskva tərəfindən rədd olunub. Kreml sözçüsü Dmitri Peskov ittihamları “əsassız” adlandırıb.

Hadisələr NATO üzvlərini də hərəkətə keçirib. Estoniya, Polşa və Rumıniya hava məkanlarının Rusiya dronları tərəfindən pozulduğunu açıqlayıb. NATO isə Rusiyanın hərəkətlərini sərt şəkildə qınayaraq alyansın “lazımi hərbi və qeyri-hərbi vasitələrlə” cavab verəcəyini bəyan edib.

ABŞ Prezidenti Donald Tramp isə BMT-dəki çıxışında NATO üzvü ölkələrin hava məkanını pozan Rusiya təyyarələrini vurmalı olduğunu deyib.

Seçilən
21
turkic.world

1Mənbələr