AZ

Bu bina görənləri dəhşətə gətirdi hər an çökə bilər: FHN niyə susur?

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Şirvan şəhərində yerləşən yaşayış binası sakinlər və ətraf əhali üçün ciddi təhlükə mənbəyinə çevrilib. Belə ki, Şirvan şəhəri, S.Zeynalov küçəsi, bina təhlükəli vəziyyətdədir. Binaya təmir üçün çağırılan usta bildirir ki, binanın zirzəmisinə düşəndə dəhşətə gəlib. Onun sözlərinə görə, binanın təməli çökmək üzrədir, betonlar yararsız vəziyyətə düşüb və 5 mərtəbəli bina hər an çökə bilər. Usta həmçinin əlavə edib ki, binanın təməl kolonu çökmüş, armaturlar əyilib və bu vəziyyət binanı yaşayış üçün tamamilə təhlükəli edir.

Burada məsuliyyət hansı qurumun üzərinə düşür? Ən əsası sakinlərin oradan köçürülməsi mümkündürmü?

Globalinfo.az-a danışan əmlak eksperti Mülkədar Rüstəmov deyib ki, bu binalar sovet dövründə tikildiyi üçün mənzillər Mənzil İstismar Sahələrinin (MİS) balansındadır və adətən icra hakimiyyətinin tabeliyində olur:

“Buna görə də, Fövqəladə Hallar Nazirliyinin (FHN) tikintiyə nəzarət qurumu həmin binalara baxış keçirib qərar verməlidir. Rayon və regional səviyyədə FHN vəziyyətlə bağlı sxem hazırlamalı və bina barədə rəy formalaşdırmalıdır. Əgər binanın qəzalı olduğu müəyyənləşərsə, vətəndaşlara kompensasiya verilməli və sakinlər köçürülməlidir. Qəzalı binaya mütəxəssislərin rəyi əsas götürülərək, bütün sakinlər təxliyə olunmalıdır. Bu məsələ yalnız dövlət komissiyasının qərarı ilə həll olunur”.

Ekspert əlavə edib ki, binanın zirzəmisində aparılan qanunsuz konstruktiv dəyişikliklər, obyektlərin yaradılması, sahənin genişləndirilməsi və s. ciddi təhlükə yaradır:

“Xüsusilə Bakıda bu hallar daha çox yayılıb. Belə ki, qanunsuz müdaxilələr təmələ yüklənməni artırır və binanın strukturuna zərər vurur. Bu özbaşınalıqlar nəzarət boşluqlarının nəticəsidir. Nəzərə alınmalıdır ki, bu tip binalarda kütləvi əhali yaşayır. Adətən hər blokda 15-20 ailə, beş bloklu, beşmərtəbəli yaşayış massivləridir. Təməl və ya strukturda problem varsa, kiçik qaz partlayışı belə böyük tələfatlara səbəb ola bilər, zəlzələ və digər təbii fəlakətləri isə demirik. Buna görə də, müvafiq komissiya dərhal baxış keçirməli, sakinlərin təhlükəsizliyi üçün qərar verməli, icra hakimiyyətinə müraciət edilməli və vətəndaşlar komissiyanın rəyinə yönləndirilməlidir. Çünki bu binalar sovet dövründə dövlət balansında tikildiyindən şəxsi MTK-ların idarəsində deyil və yalnız dövlət mexanizmi ilə vəziyyəti həll etmək mümkündür”.

Müsahibimizin sözlərinə görə, sovet dövründə tikilmiş kommunal mənzillərin vəziyyəti mütləq şəkildə FHN-nin və dövlət komissiyasının ekspert rəyi əsasında qiymətləndirilməlidir:

Mülkədar Rüstəmov

“Zirzəmidə və digər konstruktiv yerlərdə qanunsuz müdaxilələr binanın təməlini zəiflədərək həyati təhlükə yaradır. buna görə sakinlərin təxliyəsi və kompensasiyası yalnız dövlət qərarı ilə təşkil olunmalıdır. Birmənalı olaraq məsuliyyət icra hakimiyyətinin üzərinə düşür. Mənzil kommunal təsərrüfatının tabeçiliyində olsa da, bütün binaların vəziyyəti və təhlükəsizliyi ilə bağlı əsas cavabdehlik icra hakimiyyətinə aiddir”.

Mülkədar Rüstəmov onu da vurğulayıb ki, əsas məsuliyyət daşıyan qurumlardan biri də FHN-nin tikintiyə nəzarət qurumudur:

“Onlar mütəmadi baxış keçirərək binaların vəziyyətini qiymətləndirməlidirlər. Hər hansı hadisə baş verdiyi təqdirdə məsuliyyət onlara aiddir. Niyə vaxtında müdaxilə olunmadı və sakinlər niyə vaxtında təxliyə edilmədi. Əgər bina ciddi problemlidirsə, mütləq baxış keçirilməli, mütəxəssislər tərəfindən rəy verilməli və sakinlər təxliyə olunmalıdır. Bu, birmənalı şəkildə onların vəzifəsidir”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlasaq da, hələ cavab almamışıq.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
globalinfo.az

1Mənbələr