AZ

Alimlər internetdə yayılan pəhriz məsləhətlərini tənqid etdilər-Miflər və reallıq

Son illər sosial şəbəkələrdə “iltihab əleyhinə pəhrizlər” sürətlə populyarlaşaraq milyonlarla izləyici qazanıb.

AzPost xəbər verir ki, bu pəhrizlərin əsas ideyası qlütensiz, südsüz və şəkərsiz qidalanmanı təşviq etməkdir. İzləyicilərə qısa zamanda artıq çəkidən, şişkinlikdən və digər sağlamlıq problemlərindən qurtulma vədi verilir. Lakin alimlər xəbərdarlıq edirlər ki, bu cür sərt məhdudiyyətlər elmi əsası olmayan, hətta sağlamlığa zərərli yanaşma ola bilər.

Mütəxəssislərin sözlərinə görə, orqanizmdə iltihab hər zaman mənfi proses deyil: bu, yaraların sağalması və infeksiyalara qarşı müdafiə üçün zəruri mexanizmdir. Problem xroniki, yəni uzunmüddətli iltihabla bağlıdır. Belə vəziyyət şəkərli diabet, ürək-damar xəstəlikləri və hətta onkoloji xəstəliklərin yaranma riskini artırır.

Tədqiqatlar göstərir ki, qeyri-sağlam qidalanma — fast-fud, qazlı içkilər, şirniyyat və yarımfabrikatların çoxluğu, tərəvəz və lif çatışmazlığı — xroniki iltihabı gücləndirən əsas amillərdəndir. Bu səbəbdən qidalanmanın sağlamlaşdırılması vacibdir, amma sosial şəbəkələrdə təqdim olunan radikal qadağalar deyil.

Alimlərin fikrincə, ən çox təsdiqlənmiş və faydalı “iltihab əleyhinə” yanaşma Aralıq dənizi pəhrizidir. Bu qidalanma tərzində tərəvəz, meyvə, paxlalılar, qoz-fındıq, zeytun yağı üstünlük təşkil edir, balıq və süd məhsulları isə orta dərəcədə istifadə olunur. Elmi araşdırmalar göstərir ki, bu pəhrizə riayət edən insanlarda iltihab göstəriciləri əhəmiyyətli dərəcədə aşağı olur.

Bəzi bloqerlərin təbliğ etdiyi qlütensiz və südsüz həyat tərzi isə hər kəs üçün uyğun deyil. Alimlər bildirirlər ki, yalnız çölyaki xəstəliyi və ya süd zülalına allergiyası olan şəxslər üçün bu məhdudiyyətlər vacibdir. Əks halda, bu qadağalar qida çatışmazlığına gətirib çıxara bilər.

Üstəlik, süd məhsulları əksər hallarda neytral və ya hətta iltihab əleyhinə təsir göstərir. Fermentləşdirilmiş məhsullar – qatıq və kefir – təbii probiotik mənbə hesab olunur. Qlütendən isə əsas zərər təmizlənmiş un məmulatlarından – ağ çörək, peçenye və tortlardan gəlir.

Mütəxəssislər yekun olaraq bildirirlər ki, sağlam insan üçün sərt qadağalara əməl etmək zəruri deyil. Ən yaxşı yanaşma balanslı və müxtəlif qidalanma, kifayət qədər yuxu, stressin idarə olunması və aktiv həyat tərzidir.

AzPost.az

Seçilən
13
1
azpost.info

2Mənbələr