AZ

Bu qadınlara 65 yaşından əvvəl pensiya verilə bilər – YENİ TƏKLİF

Azərbaycanda pensiya almaq hüququ olan qadın və ya kişi vəfat edən həyat yoldaşının pensiyasını ala bilər. Bu, qanunvericiliklə tənzimlənir.

Yəni əgər pensiyaçı ər vəfat edirsə, onun həyat yoldaşı özü də pensiya yaşına çatıbsa, pensiya alırsa, onda ərinin pensiyasını almaq hüququna malikdir. Bu qayda, eyni zamanda, ər üçün də keçərlidir.

Sadəcə, yaşayan şəxs həm öz, həm də vəfat edən həyat yoldaşının təqaüdünü ala bilməz. İkisindən biri arasında seçim eləməlidir. Əgər vəfat edən şəxsin aldığı təqaüd daha çoxdursa, onun həyat yoldaşı öz pensiyasından imtina etməklə həmin məbləği seçə bilər.

Göründüyü kimi, ölən ər və ya arvadın pensiyasını almaq üçün şəxs mütləq özü də təqaüdçü olmalıdır. Bu isə təqaüd alan ərini (arvadını) itirmiş və pensiya yaşına çatmamış işləməyən qadınların narazılığına səbəb olur. Çünki qadın heç vaxt işləməyibsə, yaşı 55-65 aralığındadırsa, ərinin vəfatı ilə ona verilən təqaüd kəsilirsə, çıxılmaz durumda qalır. Xüsusilə, övladı olmayan, tənha qadınlar (kişilər) bundan daha çox əziyyət çəkirlər.

Bəs işləməyən qadınların (kişilərin) istisna olunması təklif edilə bilərmi? Yəni bu hallar nəzərə alına bilərmi?

Mövzuya münasibət bildirən deputat Fazil Mustafa Bizim.Media-ya açıqlamasında deyib ki, bu kateqoriyadan olan vətəndaşlar üçün ya ayrıca bir prosedur düşünməli, ya da ərinin (arvadının) pensiyası ona verilməlidir:

“Söhbət konkret insanın həyatından, birgə yaşayışda əldə elədikləri gəlirdən gedir. İşləyən insanın, kişinin qazandıqları üzərində qadının da haqqı var. Ona görə də bu kimi məsələlərdə daha optimal yol seçilməlidir”.

O, hansısa formada həmin insanlara dəstək verilməsinin vacibliyini vurğulayıb:

“Konkret şəxsin həyat yoldaşı vəfat etdikdən sonra onun  necə yaşayacağı müvafiq qurumları narahat etməlidir. Onlar düşünməlidirlər ki, hansısa formada həmin şəxslərə dəstək vermək vacibdir”.

Günay Şahmar, Bizim.Media

Seçilən
12
2
bizim.media

3Mənbələr