AZ

“Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpozium öz işinə başlayıb

Sentyabrın 25-də AMEA-nın Əsas binasının Dairəvi konfrans zalında Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Folklor İnstitutu, AR Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpozium öz işinə başlayıb.
Əvvəlcə simpozium iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar. Həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
Daha sonra konfrans iştirakçıları AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Məhmət Akif Ərsoy, Məhtimqulu Fəraqi, Çin və Pakistan mərkəzlərində, həmçinin Elektron zalda olub, onların fəaliyyətləri barədə məlumat alıblar.
Beynəlxalq simpoziumun açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AR mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti prof. Dr. Aktotı Raimkulova, Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, AR Milli Məclisinin deputatları, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, əməkdaşları, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan alimlər və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq qeyd edib ki, dövlət başçısının 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə və beynəlxalq miqyasda dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, tanınmış ictimai xadim, akademik Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunur.
Akademik İsa Həbibbəyli bildirib ki, Üzeyir Hacıbəyli dünyanı heyrətə gətirən zəngin yaradıcılığında Azərbaycanın xalq musiqisindən istifadə etməklə, əslində xalq aşıq musiqisinin peşəkar musiqi ola bilmə baxışını meydana qoyub və nəticə etibarilə aşıq musiqisi peşəkar musiqimizin mənbəyi və böyük mərhələsidir. AMEA rəhbəri dahi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqinin əsasları” adlı monumental əsərinin bunu isbat etdiyini söyləyib.
Üzeyir Hacıbəylinin böyük sənətimizin, mədəniyyətimizin, incəsənətimizin, ictimai fikrimizin və elmimizin görkəmli nümayəndəsi kimi dünya miqyasında qəbul edildiyini deyən akademik İsa Həbibbəyli onun 140 illik yubileyinin bu günlərdə özünün də iştirakı ilə UNESCO-da yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Üzeyir Hacıbəyliyə, Aşıq Ələsgərə yenidən qayıtmaqla bütün dünya xalq musiqimizin, aşıq sənətimizin nə qədər zəngin, bənzərsiz və orjinal, eləcə də həm milli, həm də bəşəri olduğunu çox aydın şəkildə gördü.
Dünya musiqi tarixində bir çox tanınmış bəstəkarlar olmasına baxmayaraq, Üzeyir Hacıbəylinin öz universal yaradıcılığı ilə onlardan fərqləndiyini və onunla müqayisə edilə biləcək şəxsin olmadığını deyən AMEA prezidenti qeyd edib ki, görkəmli xadimimiz Şərqdə ilk operanın yaradıcısı, eləcə də Azərbaycanda konservatoriyanın, simfonik orkestr və xor məktəbinin təsisçisi kimi bu səviyyədə musiqi sənətində dahi yaradıcı göstərmək çətindir.
“Biz fəxr edirik ki, Azərbaycan xalqının Üzeyir Hacıbəyli kimi böyük mütəfəkkiri, musiqiçi alimi, elm xadimi var. O, həm də Azərbaycan Milli Elmlər Akadedmiyasının ilk 15 təsisçisindən biridir və Akademiyanın bugünkü Memarlıq və İncəsənət İnstitutunun ilk direktoru olmuşdur”, – deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.
Aşıq Ələsgərin yaradıcılığına da diqqət çəkən AMEA prezidenti qeyd edib ki, görkəmli söz ustadı Azərbaycan aşıq sənətini yüksək səviyyədə inkişaf etdirib, tarixi Azərbaycan torpaqlarında – Qərbi Azərbaycanın Göyçə mahalında aşıq sənətini özünün zirvəsinə çatdırıb.
Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Molla Cümə, Sarış Aşıq və bir çox dillərə dastan olan aşıq ustalarımız olmasına baxmayaraq, Aşıq Ələsgərin onların zirvəsində dayandığını deyən AMEA prezidenti böyük söz ustadının yüksək ifaçılıq mədəniyyəti, aşıq havaları üzərində rəqs etməsi, bədii qiraəti ilə fərqləndiyini vurğulayıb.
“Aşıq Ələsgər aşıq ədəbiyyatının nizamnaməsini yazmışdır və zəngin yaradıcılığı ilə onu Azərbaycan aşıq ədəbiyyatının Məhəmməd Füzulisi hesab edirəm. Aşıq Ələsgərin və Üzeyir Hacıbəylinin ortaq nöqtəsi hər birinin öz sənətinin zirvəsində dayanmasıdır. Həmçinin Aşıq Ələsgər tarixi torpaqlarımızda, Göyçə mahalında yazıb-yaratmış, Üzeyir Hacıbəylinin şah əsərlərindən olan “Koroğlu” operasının baş qəhrəmanı isə həm də tarixi Qərbi Azərbaycan torpaqlarımız uğrunda mübarizə aparmış, nəticə etibarilə görkəmli bəstəkarımız bununla bütövlüyümüzü əks etdirmişdir. Həmçinin Aşıq Ələsgər də Üzeyir Hacıbəyli kimi rəngarəngliyə üstünlük vermiş, aşıq sənətinin bütün növlərində – qoşma, gəraylı, deyişmə, gözləmə, dastan, rəvayət, qıfılbənddə gözəl nümunələr yaratmışdır”, deyə akademik İsa Həbibbəyli qeyd edib.
Bugünkü beynəlxalq tədbirin həm də türk xalqlarının musiqi mədəniyyətinə nəzər salacağını deyən akademik İsa Həbibbəyli simpoziumun işinə uğurlar arzulayıb.
Sonra çıxış edən AR mədəniyyət nazirinin müavini Murad Hüseynov Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş geniş tədbirlərin keçirildiyini, 2009-cu ildən başlamış Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bu il 17-nin baş tutduğunu bildirib. Qeyd edib ki, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi dünyanın müxtəlif ölkələrində qeyd olunur, beynəlxalq miqyasda konfranslar, seminarlar, simpoziumlar keçirilir.
“Bugünkü tədbirlə Türk dünyasının iki görkəmli şəxsiyyətinin milli mədəniyyətimizə və bəşəriyyətə bəxş etdikləri dəyərləri öyrənəcəyik”, – deyən Murad Hüseynov beynəlxalq simpoziumun işinə uğurlar arzulayıb.
Sonra çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti prof. Dr. Aktotı Raimkulova qeyd edib ki, dahi Üzeyir Hacıbəyli Şərq və Qərb musiqisini birləşdirməklə Azərbaycan və dünya musiqisinə yeni nəfəs gətirib, xalq yaradıcılığından istifadə etməklə milli kimliyi gücləndirib. Aşıq Ələsgərin isə qoşma və dastanları ilə gələcəyə yol göstərdiyini deyən Aktotı Raimkulova vurğulayıb ki, bugünkü tədbirlə türk xalqlarının musiqisini öyrənəcəyik və bu, gələcək tədqiqatlar üçün geniş imkanlar açacaq.
O, həmçinin rəhbərlik etdiyi Türk Mədəniyyəti və İrsi Fondunun tarixi, üzv ölkələr və fəaliyyət istiqamətləri, Türk dünyasında həyata keçirdiyi layihələr barədə iştirakçılara məlumat verib.
Daha sonra tədbir öz işini plenar məruzələrlə davam etdirib. Azərbaycan Milli Konservatoriyasının rektoru prof. Dr. Kamilə Dadaşzadə, Qırğızıstan Milli Elmlər Akademiyasının Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldacan Akmataliyev, Türkiyənin Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutundan prof. Dr. Metin Ekici və AMEA-nın Folklor İnstitutunun direktoru f.e.d. Hikmət Quliyev plenar məruzələrlə çıxış ediblər.
Həmçinin AR Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Qazaxıstanın M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun baş direktoru akademik Kenjexan Matjanov, Türkiyənin Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru prof. Dr. Erhan Özden və Özbəkistan Fənlər Akademiyası Ə.Nəvai adına Ədəbiyyat Muzeyinin direktoru prof. Dr. Jabbor Eshonqulov çıxış edərək türk xalqlarının musiqi mədəniyyətindən danışıb, simpoziumun işinə uğurlar arzulayıblar.
Sonra bir sıra hədiyyə və sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, simpozium işini 25-26 sentyabr tarixlərində Azərbaycan Milli Konservatoriyasında davam etdirəcək.

Seçilən
15
veteninfo.az

1Mənbələr