AZ

Bişkekdə Türk Akademiyasının qırğız dilində yeni nəşrlərinin təqdimatı keçirilib

Bişkekdə Qırğızıstanın Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində Astanadakı Türk Akademiyasının yeni nəşrlərinin təqdimat mərasimi keçirilib. 

Tədbirdə Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov; Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti Kanat Abdrahmatov, Qırğızıstan Prezidentinin müşaviri, Tarix Elminin İnkişafı Komissiyasının sədri Arslan Koyçiyev, Qırğızıstan Milli Elmlər Akademiyasının B.Yunusəliyev adına Dilçilik İnstitutunun direktoru Sırtbay Musayev, Qırğızıstan-Türkiyə Manas Universitetinin professoru Kubatbek Tabaldiyev, elmi dairələrin nümayəndələri iştirak edib.

Tədbirdə son iki ildə qırğız dilinə tərcümə edilən elmi əsərlər, Türk Akademiyasının həyata keçirdiyi layihələr əsasında hazırlanan kitablar və elmi məqalələr təqdim olunub.

Mərasimdə Türk Akademiyasının nadir əsəri – “Qırğızıstanın Batken vilayətində Egiz-Kara və Ak-Taş petroqlifləri” adlı elmi albom-monoqrafiya ilk dəfə olaraq Qırğızıstanda geniş oxucu kütləsinə təqdim olunub. Bu nəşr elmi təsvirlər və yüksək keyfiyyətli illüstrasiyalarla tamamlanıb və Batken bölgəsindəki petroqliflərin ilk sistemli toplusudur. Kitabda Batken bölgəsində yaşamış qədim qırğızların zəngin tarixi araşdırılır.

Türk Akademiyasının hazırladığı və nəşr etdiyi terminoloji lüğətlərin də təqdimatı olub. Bundan əlavə Akademiyanın türk ölkələri arasında iqtisadiyyat, nəqliyyat və enerji əlaqəsi, ərzaq təhlükəsizliyi və davamlı inkişaf, su ehtiyatları, təhsil və elmi sahədə əməkdaşlığı əhatə edən analitik hesabatlar təqdim olunub. 

Tədbir çərçivəsində baş tutan sərgidə nümayiş etdirilən nəşrlər arasında türk düşüncəsinin nadir abidələri də olub. 

Akademik V.V. Bartoldun “Uluqbəy və onun dövrü” əsəri qlobal elm və mədəniyyətə mühüm töhfələr vermiş böyük hökmdar və alimlərin həyatından bəhs edir. Tanınmış Azərbaycanın tanınmış dövlət xadimi Məmməd Əmin Rəsulzadənin “Azərbaycan Respublikası” əsəri türk dünyası tarixində ilk respublika – Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) tarixindən bəhs edir. Müasir özbək ədəbiyyatının banilərindən olan Əbdürrauf Fitrətin “Hindli səyyahın xatirələri (Buxara şəhərinin əsl siması)” əsərində Buxaranın real həyatını parlaq şəkildə təsvir edilir. “Türk xalqlarının fəlsəfi və siyasi fikir tarixi” adlı antologiyanın birinci cildinə türk dünyasının tanınmış ideoloqlarının, maarifçilərinin, ictimai xadimlərinin əsərləri daxil edilib.

Tədbir zamanı Türk Akademiyasının prezidenti Şahin Mustafayev qeyd edib ki, qurum türk dövlətləri və xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsinə yönələn mühüm elmi və mədəni layihələr həyata keçirir və bu istiqamətdə fəaliyyət davam etdiriləcək. 

*  * *

Səfər çərçivəsində Türk Akademiyasının prezidenti, akademik Şain Mustafayev Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti Kanat Abdrahmatovla görüşüb.

Görüşdə Şahin Mustafayev Akademiyanın fəaliyyəti, elmi təşəbbüslər, həyata keçirilən layihələr barədə ətraflı danışıb, türkologiya elminin hərtərəfli inkişafında və birgə tədqiqatların aparılmasında qırğız alimlərinin mühüm töhfələrinin olduğunu vurğulayıb.

Kanat Abdrahmatov birgə təşəbbüsləri dəstəkləməyə və akademik əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Görüşün yekununda tərəflər əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı saziş imzalayıb.  

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Bişkek 

 

Seçilən
11
xalqqazeti.az

1Mənbələr