Emmanuel Makron Ursula Fon der Lyayen ilə nə barədə danışıb?
Avropa Komissiyasında şəffaflıq məsələsi yenidən gündəmə gəlib. Emmanuel Makronun “Signal” tətbiqi vasitəsilə Ursula Fon der Lyayenə göndərdiyi mesajın açıqlanması üçün Komissiyada araşdırma başlayıb. Həmin mesaj 2024-cü ilin yanvarında göndərilib və Makron burada Fransa fermerlərinə potensial zərər vura biləcək Aİ–MERCOSUR ticarət sazişi barədə ciddi narahatlığını ifadə edib. Bu ilin mayında isə araşdırmaçı jurnalistika platforması “Follow the Money”in jurnalisti Aleksandr Fanta Komissiyadan Makronun mesajına ictimai çıxış imkanı verilməsini istəyib.
Komissiya sonradan təsdiqləyib ki, Lyayen həqiqətən də həmin mesajı alıb, lakin qeyd edib ki, mesajın məzmunu “Fransanın artıq hamının yaxşı bildiyi mövqeyinin təkrarından ibarət olub”. Bundan əlavə, Komissiya bildirib ki, 2022-ci ildə qəbul edilmiş təhlükəsizlik qaydalarına əsasən Fon der Lyayen “Signal” tətbiqində “mesajların itməsi” funksiyasını aktivləşdirib. Makronun mesajı arxivləşdirməyə kifayət qədər əhəmiyyətli hesab edilmədiyi üçün avtomatik silinib. Fantanın informasiya sorğusu bundan sonra rədd olunub. Jurnalist iddia edib ki, komissiya Makronun mesajını saxlamalı idi, çünki bu, Aİ–Mercosur danışıqlarına təsir göstərib. O, daha sonra məsələ ilə bağlı Ombudsmana şikayət ünvanlayıb: “Komissiya etiraf edir ki, Fon der Lyayenin “Signal” mesajlarında avtomatik silinmə funksiyasından istifadə olunur. Bu isə o deməkdir ki, biz onları, yəqin ki, heç vaxt görməyəcəyik. Görünür, həmin sənədlərin saxlanılıb-saxlanılmamasına qərar vermək yalnız Komissiyanın ixtiyarındadır, başqalarının yox”, – deyə Fanta “Linkedln” hesabında yazıb. Hadisədən dərhal sonra Komissiya Ombudsman ofisi ilə əməkdaşlıq edəcəyini bildirib və şəxsi yazışmaların avtomatik silinməsini müdafiə edib. Komissiyanın mövqeyi belə olub: “Bu, məlumat sızmaları və təhlükəsizlik pozuntuları riskini azaldır. Mobil cihazda yaddaşın səmərəli istifadəsi üçün mesajlar avtomatik silinib”.
Ümumiyyətlə, Aİ institutları daim demokratik legitimlik və şəffaflıq prinsiplərinə önəm verdiklərini bildirirlər. Ancaq indi ortaya çıxan məqam göstərir ki, əsas fiqurların qərar prosesinə təsir edən mesajları “yox olub”. Əgər Makronun Aİ–MERCOSUR sazişi ilə bağlı ciddi narahatlığı rəsmi sənədlərdə qeyd olunmayıbsa, o zaman qərarların necə formalaşdığı barədə tam təsəvvür almaq mümkün deyil. Bu, həm də siyasi məsuliyyət məsələsini ortaya qoyur.
Məsələnin mahiyyətini anlamaq üçün MERCOSUR razılaşmasının özündə nəyi ehtiva etdiyinə baxmaq lazımdır. Razılaşma Aİ ilə Cənubi Amerika ölkələri arasında kənd təsərrüfatı və sənaye məhsullarının azad ticarətini nəzərdə tutur. Lakin sazişin Fransa fermerləri üçün yaratdığı narahatlıqlar kifayət qədər dərin və çoxşaxəlidir. Əvvəla, MERCOSUR ölkələrində istehsal xərclərinin xeyli aşağı olması, ucuz işçi qüvvəsi, geniş torpaq sahələri və irimiqyaslı istehsal imkanları Avropa fermerləri ilə müqayisədə böyük üstünlük yaradır. Avropa fermerləri isə ciddi ekoloji standartlara, gübrə və pestisid məhdudiyyətlərinə riayət etmək məcburiyyətindədirlər. Bu isə onların məhsullarının maya dəyərini artırır və nəticədə Braziliya, Argentina və digər tərəfdaş ölkələrin məhsulları Avropa bazarına daha ucuz qiymətlə daxil olur. Qeyri-bərabər rəqabət fransız fermerlərinin gəlirlərini azaldır, kənd yerlərində sosial sabitliyi pozur və fermer təsərrüfatlarının kütləvi iflasına yol açır. İkinci mühüm məqam ekoloji tərəddüdlərlə bağlıdır. Fransa fermerləri hesab edirlər ki, MERCOSUR ölkələrində kənd təsərrüfatının genişlənməsi Amazon meşələrinin qırılması və karbon emissiyalarının artması hesabına reallaşır. Belə olan halda, Avropa İttifaqının “yaşıl keçid” və iqlim dəyişmələri ilə mübarizə strategiyası kağız üzərində qalır. Saziş, əksinə, qlobal ekoloji böhranı dərinləşdirən amillərdən birinə çevrilir. Üçüncü istiqamət isə sosial ölçüdür. Fransada kənd təsərrüfatı həm də milli kimliyin, regionların sosial və mədəni həyatının ayrılmaz hissəsidir. Ucuz idxalın artması fermerlərin gəlirini azaldır, kənd yerlərində işsizliyi və sosial narazılığı gücləndirir.
Makronun bu kontekstdə məsuliyyətsizliyi ondan ibarətdir ki, o, fermerlərin narahatlıqlarını Ursulaya mesajında dilə gətirsə də, sonradan məsələyə əhəmiyyət verməyib. Nəticədə, MERCOSUR sazişi ətrafında yaranmış gərginlik iqtisadi və ekoloji problemlərlə yanaşı, həm də Avrokomissiyanın siyasətində məsuliyyət və şəffaflıq böhranını ortaya çıxarır. Makronun ikili davranışı isə fermerlərin etimadını daha da sarsıdır və Fransa cəmiyyətində “siyasi elitanın xalqın real maraqlarını müdafiə etmək əzmində olmaması” barədə narazılığı gücləndirir. Bu etimad böhranı Avrokomissiyanın imicinə də təsir göstərir. Çünki əgər bir dövlət başçısının mövqeyi şəxsi mesajlarla ötürülüb ardınca texniki bəhanələrlə silinirsə, demokratiya amili sual altına düşür. Ona görə də “istənilməyən” ləqəbli Makronun qarşısında iki seçim var: O, ya kənd təsərrüfatı və sosial həyatın taleyini korporativ maraqlar naminə qurban verərək gizli mesajlarla idarə olunan “sövdələşmə demokratiyası”na boyun əyəcək, ya da fermerlərin, ekoloji hərəkatların səsini eşidərək, real şəffaflıq yolunu seçəcək. Əks halda, hər yeni silinmiş mesaj gözlənilməli dəyərləri də yavaş-yavaş süpürüb aparacaq...
Elşad MİRBƏŞİROĞLU,
siyasi elmlər doktoru, politoloq
Avropa Komissiyasının fəaliyyəti və qəbul etdiyi qərarların şəffaflığı ilə bağlı artıq neçə illərdir şübhələr mövcuddur. Xatırlatmaq lazımdır ki, COVID–19 pandemiyası dövründə də Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen ətrafında böyük qalmaqal yaşanmışdı. Həmin vaxt ictimai fəallar və jurnalistlər ondan hesabat tələb edirdilər.
Söhbət “Pfizer” şirkəti ilə vaksinlərin alınmasına dair razılaşmadan gedirdi. Həmin dövrdə Macarıstandan olan deputatlar Fon der Lyayenə qarşı ciddi kampaniya başlatdılar və məsələ Avropa Parlamentində səsverməyə çıxarıldı. 175 deputat ona etimadsızlıq göstərsə də, tələb olunan üçdəiki səs çoxluğu əldə olunmadı və Lyayenin vəzifədən uzaqlaşdırılması baş tutmadı. Ursula Fon der Lyayen bu dəfə Avropa İttifaqı ilə MERCOSUR razılaşması ətrafında yaranan vəziyyətə aydınlıq gətirməkdən imtina edir. Söhbət Aİ ilə Cənubi Amerika ölkələri arasında, əsasən, kənd təsərrüfatı sektorunu əhatə edən sazişdən gedir. Avropanın bir sıra ölkələri bu razılaşmaya qarşı çıxış ediblər. Sayları çox olmasa da, maraqlarını qorumaq istəyən kənd təsərrüfatı ölkələri sazişə ciddi müqavimət göstəriblər. Bu sırada ən sərt mövqelərdən birini elə Fransa özü nümayiş etdirib. Prezident Emmanuel Makron bu razılaşmanın Fransa fermerləri üçün “ölümcül təsir” göstərəcəyini bəyan edib və öz etirazını “Signal” tətbiqi üzərindən Fon der Lyayenə göndərib. Avropa Ombudsmanı və Avropa Parlamentində bir sıra deputatlar həmin yazışmanın mətnini tələb edirlər. Ancaq Lyayen və onun ofisi mesajların artıq mövcud olmadığını bildirir. Bu isə Avrokomissiyanın yenidən qeyri-şəffaflıq ittihamları ilə üzləşməsinə səbəb olub. Artıq ikinci dəfədir ki, strateji əhəmiyyətli qərarların müzakirəsinə dair yazışmaların “izsiz” itməsi halları yaşanır. MERCOSUR razılaşması isə Aİ-də ciddi fikir ayrılığı yaradıb. Çoxları bu razılaşmanı iqtisadi əlaqələrin genişlənməsi kimi deyil, kənd təsərrüfatına zərbə, milli iqtisadiyyatlarda geriləmə və sosial narazılıqların artması kimi qiymətləndirir. Görünən odur ki, Fon der Lyayen razılaşmaya xələl gəlməməsi üçün Makronla yazışmaların arxivləşdirilməsinə imkan verməyib. Ancaq bu addım mövcud etimad böhranını daha da dərinləşdirir.
Nəzrin ELDARQIZI
XQ