AZ

Çoxəsrlik tariximizin ən şanlı səhifəsi

“2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq şlkəmizə qarşı növbəti təcavüzə başladılar. Nəticədə hərbi qulluqçularla bərabər Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin təqdimatı oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan xalqı Ordumuzun arxasında möhkəm dayanaraq ona əlavə güc verdi. Şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib. Qələbəmiz milli iradənin, milli ruhun, milli ləyaqətin təntənəsidir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

 

Millət vəkili qeyd edib ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusu ilk gündən Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etdi: “44 günün hər günü tariximizə zəfər səhifəsi kimi yazıldı. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, bu işğala, haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna nail olduq. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin, bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı”.

 

Malik Həsənov vurğulayıb ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir: “Son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir”.

 

Millət vəkili bildirib ki, dövlət hər zaman öz əsgərinin yanındadır: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub. Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlər təsis edilib. Bu, Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar”.

 

Malik Həsənov 2020-ci ilin 10 dekabr tarixində şanlı Zəfərimizin, Azərbaycan Ordusunun qüdrətinin, potensialının dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər Paradından da bəhs edib: “Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkələrimiz arasındakı qardaşlığın bariz nümunəsi kimi Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər türk əsgərləri iştirak etdilər. Zəfər Paradında müzəffər Azərbaycan Ordusunun şəxsi heyətinin və hərbi texnikasının, həmçinin ələ keçirilən hərbi qənimətlərin bir qismi və Şuşada ucaldılan Qələbə Bayrağı nümayiş etdirildi. Düşmən üzərində Qələbənin təbliği məqsədilə Bakıda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlıda sonsuz iftixar və qürur hissi yaradır”.

 

Millət vəkili bu mühüm məqamı da xüsusi vurğulayıb ki, diplomatik cəbhədə də böyük uğurlar qazanıldı: “Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən nüfuzlu media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Azərbaycana dost ölkələr ədalətli mübarizəmizdə ölkəmizə böyük dəstək verdilər. Bu sırada qardaş Türkiyənin və Pakistanın adını xüsusi qeyd edirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin başlandığı ilk gündən dünyaya bu mesajı çatdırdı: “Azərbaycan tək deyil”. Qardaş ölkənin sonadək siyasi və mənəvi dəstəyini dövlətimiz, xalqımız daim yüksək dəyərləndirir. Bu qardaş dəstəyi hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsində də özünün aydın ifadəsini tapır”.

 

Malik Həsənov bildirib ki, tarixi Zəfərimizin ardınca Böyük Qayıdışa doğru inamlı addımlar atılır: “Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimləri keçirilir, yeni layihələrə start verilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Prezident İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarabağın, Şərqi Zəngəzurun hava qapısının dünyaya açılması, 6 şəhərin, xeyli sayda kəndin və qəsəbənin sakinlərinə qovuşması son beş ildə bu torpaqlarda görülən bərpa-quruculuq işlərinin ölçüyəgəlməzliyini təsdiqləyir. Qarabağ, Şərqi Zəngəzur əsl cənnət məkana çevrilir”.

Seçilən
10
2
modern.az

3Mənbələr