AZ

27 sentyabr 2020: Suverenliyimizə gedən yolun başlanğıcı

"27 sentyabr 2020-ci il Azərbaycanın yeni tarixində ən mühüm hadisələrdən biridir". 

Bu sözləri politoloq Rizvan Hüseynov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, 2020-ci ilin 27 sentyabrı tariximizin son 100 ilində ən mühüm hadisələrdən biridir:

"Biz bu hadisə ilə 28 may 1918-ci ildə Azərbaycanın müstəqillik əldə etməsini və yaxud da müstəqilliyimizin bərpası olan 18 oktyabr 1991-ci il tarixini bərabər tuta bilərik. Çünki 2020-ci ilin 27 sentyabr tarixi suverenliyimizin, ərazi bütövlüyümüzün və torpaqlarımızın işğaldan azad olunmasının başlanğıc nöqtəsidir".

382689

Ekspert vurğulayıb ki, şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə torpaqlarımızı işğaldan azad etdi:

"Nəticədə 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur qaldı. Yəni 44 günlük Vətən müharibəsi bizim şanlı və yeni tariximizin ən parlaq səhifələrindən biridir. Ona görə ki, bütün yeni tariximizdə əsasən kədərli hadisələri və günləri və tarixlər qeyd edirik. Lakin 27 sentyabr mübariz xalqımızın ən böyük savaşının başlanğıc nöqtəsidir. Bu, zəfərimizin ən böyük bir nişanəsidir". 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, 30 ilə yaxın müddət ərzində hər kəs torpaqlarımız uğrunda müharibənin başlamasını gözləyirdi:

"Mən də keçmiş hərbçi, Birinci Qarabağ müharibəsi dövründə xidmət etmiş bir əsgər, sonradan zabit olaraq çox böyük bir həsrətlə bu günü gözləyirdim. İstər jurnalist vaxtı çalışdığım müddətdə, istərsə də Elmlər Akademiyasında işlədiyim vaxtda əlimdən gələn informasiya mübarizəsində və başqa sahələrdə bu günü yaxınlaşdırmaq üçün əlimdən gələni edirdim".

Rizvan Hüseynov xatirələrini də bölüşüb:

"44 günlük müharibə zamanı da indi yanımdadır, sanki həmin həyəcanı yaşayıram. Biz hiss edirdik ki, çox böyük hadisələr var irəlidə, amma bunu çox geniş yaymaq, demək olmazdı. 27 sentyabr 2020-ci bazar günü idi. Sübhdən bu xəbəri mən aldım, hələ çox geniş kütlə bilmirdi. Çox böyük bir həyəcan keçirdim.

O vaxt pandemiya vaxtı idi, amma Bakıya gəldim. Bir qrup istefada olan zabit dostlarla toplaşdıq. 44 günlük müharibə ərzində bütün Azərbaycan xalqı kimi biz də çalışdıq ki, kiçik bir töhfə də olsa ordumuza dəstək verək". 

Politoloq fikirlərini belə yekunlaşdırıb:

"Yəni bu, hamımızın qələbəsi və bizim birliyimizin nişanəsidir. Birlik nədən ibarətdir? Xalq, Ali Baş Komandan və ordudan ibarətdir. Hər kəs Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi və tarixi zəfərə imza atdıq. Bu birliyin təcəssümünü biz həmin günlərdə, 44 günlük Vətən müharibəsində bir xalq və dövlət olaraq yaşadıq". 

Pərviz

Seçilən
33
50
hit.az

10Mənbələr