AZ

Azərbaycan hüquq sistemində Süni intellektlə yeni dövr

Azərbaycanda hüquqi sənədlərin və qanunvericilik bazasının daha səmərəli axtarışı üçün hazırlanan “E-qanun.ai” platformasının təqdimatı keçirilib. Yeni sistem istifadəçilərə qanunları sürətli analiz etmək, dəqiq nəticələr əldə etmək və onları anlaşılan formada xülasə şəklində görmək imkanı yaradır. Platforma həmçinin axtarış nəticələrinin filtrlənməsi, şəxsi hesabda saxlanılması və əvvəlki sorğulara çıxış kimi funksiyaları da dəstəkləyir. 
“E-qanun.ai” kimi süni intellekt əsaslı hüquqi platformaların tətbiqi Azərbaycanda hüquqi maariflənməni və vətəndaşların qanunvericiliyə çıxış imkanlarını nə dərəcədə gücləndirə bilər?
Moderator.az-a danışan hüquqşünas-ekspert Yunis Xəlilov deyib ki, müasir dövrdə hüquqi məlumatların sürətli və dəqiq əldə olunması həm hüquqşünaslar, həm də ictimaiyyət üçün həyati əhəmiyyət daşıyır:
 
 “Ənənəvi axtarış sistemləri çox vaxt vaxt aparır və nəticələri yalnız açar sözlər üzərindən təqdim edir. Süni intellektin inkişafı isə bu sahədə yeni imkanlar açır. Azərbaycanın hüquqi ekosistemində bu imkanları reallığa çevirən “E-qanun.ai”  platforması artıq istifadəyə təqdim olunub. Bu sistem yalnız hüquqşünasların deyil, dövlət qurumlarının, tədqiqatçıların və tələbələrin gündəlik işini asanlaşdıracaq.
 
“E-qanun.ai” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən etdiyi texniki tələblər əsasında, AZCON Holding tərkibində fəaliyyət göstərən Milli Süni İntellekt Mərkəzi tərəfindən hazırlanıb. Layihə, “Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın 8.2.2-ci tədbiri – təbii dil emalının gücləndirilməsi çərçivəsində həyata keçirilib.
 
Bu strategiyanın əsas məqsədi hüquqi məlumatların rəqəmsallaşdırılması və ictimaiyyətə daha əlçatan formada təqdim olunmasıdır. “E-qanun.ai”  bu məqsədin konkret nəticəsidir və hüquqi sənədlərin axtarışında tamamilə yeni yanaşmanı təqdim edir”.
 
Hüquqşünas  E-qanun.ai-ın  “E-qanun.az” ilə əsas fərqlərini belə izah edib:
 
“E-qanun.az – rəsmi dövlət portalıdır və hüquqi qüvvə daşıyan sənədlərin tam mətnlərini təqdim edir. Burada sənədlər yalnız açar sözlər, qəbul edən orqan, sənəd nömrəsi və tarix üzrə tapıla bilər. E-QANUN.AI isə həmin rəsmi bazanın üzərində işləyən süni intellekt dəstəkli axtarış sistemidir. Burada istifadəçi təbii dildə sual verə, mənaya görə sorğu apara və nəticələrin süni intellekt tərəfindən hazırlanmış qısa xülasəsini görə bilər.
 
Əgər E-qanun.az dəqiqlik və hüquqi qüvvəyə malik məlumatın mənbəyidirsə, E-QANUN.AI isə bu məlumatları anlamaq və təhlil etmək üçün ağıllı köməkçi rolunu oynayır. Məsələn, bir qanunun bütün mətnini oxumaq yerinə, əvvəlcə onun süni intellekt tərəfindən hazırlanmış xülasəsini görmək, sonra isə rəsmi mətnə keçid etməklə vaxt qazanmaq mümkündür”.
 
Yunis Xəlilov platformanın əsas imkanlarından danışarkən qeyd edib ki, “E-qanun.ai”  yalnız klassik axtarışla məhdudlaşmır, süni intellektin imkanlarını maksimum dərəcədə istifadə edərək hüquqi araşdırmanı çox daha səmərəli edir:
 
“İstifadəçilər artıq qanunları yalnız açar sözlərlə deyil, mənaya görə də axtara bilirlər. Məsələn, “məktəbdə intizam qaydaları necə tənzimlənir?” sualını yazdıqda, sistem yalnız açar sözlərə deyil, mətnin ümumi mənasına baxaraq nəticə verir. Bu, hüquqşünas olmayan şəxslər üçün xüsusilə faydalıdır.
 
Qanunların və digər normativ aktların uzun mətni çox vaxt oxucu üçün çətinlik yaradır. “E-qanun.ai”  sənədin əsas hissələrini qısa və anlaşılan formada təqdim edir. Hüquqşünas üçün bu, ilkin istiqamətlənmə, tələbə və jurnalist üçün isə mövzunu başa düşmək üçün rahat vasitədir.
 
Platforma istifadəçilərə tapdıqları aktları qovluqlarda saxlamağa, əvvəlki axtarışlara isə tarixçə bölməsindən baxmağa imkan verir. Bu xüsusiyyət xüsusilə davamlı hüquqi araşdırma aparan mütəxəssislər üçün faydalıdır. Sistemdə mövzuya, qəbul edən orqana və tarixə görə filtrləmə imkanı mövcuddur. Bundan əlavə, nəticələrdən birbaşa E-qanun.az saytında yerləşən rəsmi mətnə keçid mümkündür".
 
Bəs kimlər üçün nəzərdə tutulub?
 
 Hüquqşünas bildirib ki, “E-qanun.ai”  geniş auditoriya üçün nəzərdə tutulub:
 
“Hüquqşünaslar və vəkillər üçün – vaxt itkisini minimuma endirir və daha səmərəli hüquqi təhlilə imkan yaradır.
 
Dövlət qurumları üçün – normativ sənədlərin sürətli tapılması və təhlili prosesini asanlaşdırır.
 
Universitet tələbələri və tədqiqatçılar üçün – hüquqi araşdırmalarda zəngin və asan başa düşülən mənbə rolunu oynayır.
 
Media nümayəndələri və ictimaiyyət üçün – qanunların məzmununu daha sadə və başa düşülən formada təqdim edir.
 
“E-qanun.ai” -nin verdiyi nəticələr informativ xarakter daşıyır. Hüquqi nəticə çıxarmaq və məhkəmə proseslərində istifadə etmək üçün E-qanun.az portalında yerləşən rəsmi mətn əsas götürülməlidir. Bu yanaşma hüquqi dəqiqliyi qorumaqla yanaşı, süni intellektin təqdim etdiyi rahatlıqdan faydalanmağa imkan yaradır.
 
E-QANUN.AI yalnız texnoloji bir yenilik deyil, həm də hüquq sahəsində rəqəmsal transformasiyanın başlanğıcıdır. Bu platforma sayəsində hüquqi sənədlərə çıxış daha sürətli, dəqiq və əlçatan olacaq. Azərbaycanın hüquqi sisteminin beynəlxalq rəqəmsal hüquq tendensiyalarına qoşulmasında bu layihənin rolu mühüm olacaq.
 
Süni intellektlə gücləndirilmiş hüquqi axtarış yalnız vaxt qənaəti deyil, həm də hüquqi maarifləndirmə üçün yeni bir addımdır. Bu, Azərbaycanın hüquqi dövlət quruculuğunda mühüm bir mərhələdir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
25
1
moderator.az

2Mənbələr