Şahmat üzrə dünya çempionu, əslən bakılı Harri Kasparov Qarabağdakı son vəziyyətlə bağlı açıqlama verib. Kasparov bölgədə qan axmamasını alqışladığını, lakin bunun onun üçün emosional olaraq ağır olduğunu bildirib.
Çempion, "ermənilərə güzəşt olunacaqmı, az da olsa muxtariyyət veriləcəkmi" sualının hələ də açıq qaldığını qeyd edib. O, həmçinin bütövlükdə Qarabağın artıq mövcud olmadığını və ermənilərə aid torpaq qalmadığını da dilə gətirib.
Mövzu ilə bağlı Olaylar qəzetinin və eyniadlı informasiya agentliyinin baş direktoru, yazıçı Yunus Oğuz Kasparovun fikirlərinə kəskin münasibət bildirib. Y. Oğuz məşhur aktyor Robert De Nironun 44 günlük müharibə zamanı Azərbaycana kömək məqsədilə 1 milyon dollar vəsait köçürməsi barədə yayılan xəbərlərə toxunaraq, aktyorun buna səbəb kimi "erməniləri yaxşı tanıdığını" bildirdiyini xatırladıb.
Baş redaktor Kasparovun açıqlamalarının zamanlamasını tənqid edib: "İndi Kasparov Azərbaycanın güclü bir vaxtında, yəni həm dünyada iqtisadi, həm diplomatik gücünü görəndən sonra açıqlamalar verir. Kasparov 1988-ci ildən Ermənistanın və ermənilərin yanında olub, onlara maliyyə yardımı edib. Baxmayaraq ki, Azərbaycanın çörəyini yeyib böyüyüb."
Yunus Oğuz Kasparovun hərəkətlərini "xəyanət" adlandırıb və onun ölkəyə buraxılmaması təklifini irəli sürüb: "Mən hesab edirəm ki, onu heç vaxt Azərbaycana buraxmaq lazım deyil. O ki qaldı muxtariyyət məsələsinə, o söhbət artıq bitib və arxivə göndərilib."
Yazıçı əlavə edib ki, belə adamlar yenə Azərbaycana xəyanət edəcəklər. "Azərbaycanın çörəyini yeyib böyüyüblər. Heydər Əliyev hər şeyi edib ki, Kasparov dünya çempionatına çıxsın və dünya çempionu olsun. O isə 44 günlük müharibə zamanı Ermənistana maliyyə yardımları edirdi. Ona görə də belə insanları Azərbaycana buraxmaq olmaz. Çünki yenə də su bulandıracaqlar," - deyə Y. Oğuz fikrini yekunlaşdırıb.
Sevda Dəniz