AZ

27 Sentyabr – tariximizin qəhrəmanlıq rəmzidir

Azərbaycan xalqının yaddaşına həkk olunan ən mühüm tarixi günlərdən biri 27 sentyabrdır. 2020-ci ilin məhz həmin günündə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və bununla da 44 gün davam edən Vətən müharibəsi başlandı. Bu gün isə ölkəmizdə “Anım Günü” kimi qeyd edilir.

Anım Günü yalnız kədər və hüzn günü deyil, eyni zamanda xalqımızın birliyinin, mübarizə əzminin və qəhrəmanlıq tariximizin təcəssümüdür. Azərbaycan xalqı və dövləti həmin gün Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini böyük ehtiramla yad edir. Onların fədakarlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olundu.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq qələbə qazandı. Bu qələbə təkcə hərbi uğur deyildi, həm də milli ruhun, vətənpərvərliyin, xalq-ordu birliyinin möhtəşəm nümunəsi oldu. Hər bir şəhidin qanı bu zəfərin təməlində dayanır, onların qəhrəmanlığı gələcək nəsillər üçün əbədi örnəkdir.

27 sentyabrda Azərbaycan boyu bütün dövlət qurumları, ictimaiyyət nümayəndələri, gənclər və minlərlə vətəndaş şəhidlərin xatirəsini yad edir, onların məzarlarını ziyarət edir. Bu, həm də dövlətimizin tarixə və qəhrəmanlarına verdiyi böyük dəyərin göstəricisidir.

Anım Gününün keçirilməsi gələcək nəsillərin yaddaşında milli qürurun, azadlıq sevgisinin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə xidmət edir. Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər ki, biz tarixi ədaləti bərpa etdik, şəhidlərimizin qanı yerdə qalmadı.

27 sentyabr – Anım Günü həm şəhidlərin müqəddəs xatirəsinə ehtiram, həm də xalqımızın Zəfər tarixinin unudulmaz səhifəsidir. Bu gün biz bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir, onların işıqlı xatirəsini ehtiramla yad edirik.

Əminə Ağazadə

Milli Məclisin deputatı

Seçilən
11
4
sabahinfo.az

5Mənbələr