AZ

Naxçıvan Şəhər İcra Hakimiyyətində “27 Sentyabr - Anım Günü”nə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 25-də Naxçıvan Şəhər İcra Hakimiyyətində “27 Sentyabr - Anım Günü”nə həsr olunmuş tədbirdə əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək bildirib ki, 27 sentyabr tarixi həm qürur, həm də hüzn günüdür. Qürur duyuruq ki, Azərbaycan xalqı öz igid oğul və qızlarının qəhrəmanlığı sayəsində torpaqlarını işğaldan azad etdi, dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Eyni zamanda hüznlüyük, çünki bu zəfərin qazanılması yolunda canından keçən şəhidlərimiz oldu, onlar beş ildir ki, bizim aramızda olmasalar da qəlblərimizdə daim yaşayır və Azərbaycan dövləti, xalqı var olduğu müddətcə şəhidlərimiz hər zaman hörmət və ehtiramla yad olunacaqlar. İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır, xalqımız işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova və Vətən müharibəsi qazisi İlkin Baxşəliyev çıxış edərək qazandığımız Zəfərin Azərbaycan xalqının mübarizliyini, ölkəmizdə xalq-ordu-rəhbər vəhdətinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdiyini qeyd ediblər. Vurğulanıb ki, hər birimizin vətəndaşlıq borcu şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan igid oğullarımızı daim qəlbimizdə yaşatmaq, onların xatirələrinə dərin ehtiram bəsləməkdir.
Sonra “27 Sentyabr - Anım Günü”nə həsr olunmuş film və kompozisiya izlənilib, şəhid ailələri və qazilərlə xatirə şəkli çəkdirilib.
Tədbirdə şəhid ailələri, qazilər, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Heydər Əliyev adına Hərbi Liseyin, Naxçıvan Hərbi Kollecinin, 7-ci Hərbi Polis Şöbəsinin rəhbər heyəti və kursantları, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbələri iştirak edib.

Seçilən
12
1
ikisahil.az

2Mənbələr