AZ

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Hesablama Palatası Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Respublikasının Hesablama Palatası 2025-ci il İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi və tabeli qurumlarda dövlət vəsaitlərinin istifadəsinə dair audit aparıb. Audit 2023–2024-cü illəri əhatə edib, ümumilikdə 62,6 mln. manat xərclənib.

Audit nəticələrinə görə, Agentlikdə büdcə proqnozlaşdırılması düzgün aparılmayıb, bəzi ödənişlərin təyinatı dəyişdirilib, işçilərə artıq əməkhaqqı hesablanıb. Nasos stansiyalarında avadanlıqların uçotda göstərilən yerlərdə deyil, başqa stansiyalarda quraşdırıldığı, bir hissə avadanlıqların yararsız vəziyyətdə olduğu müəyyən edilib.

İçməli su anbarlarında nasaz və ya mövcud olmayan sayğaclar səbəbindən 1 mln. m³-dən çox suyun uçotu aparılmayıb. Su Elektrik Stansiyalarına verilən suyun həcmi ölçülməyib, nəticədə elektrik istehsalından dövlətə ödəniş daxil olmayıb. Suvarma şəbəkələrində də ölçü-nəzarət sistemi qurulmadığından 2023–2024-cü illərdə su itkisi rəsmi məlumatdan dəfələrlə artıq olub.

Audit həmçinin dövlət satınalmaları sahəsində pozuntular aşkarlayıb: satınalmaların bir qismi planlaşdırılmadan, razılıq alınmadan və hissələrə bölünməklə həyata keçirilib. 2024-cü ildə bağlanmış tender müqavilələri üzrə avadanlıqların bir hissəsi göndərilməyib və ya yararsız olub, sonradan geri qaytarılaraq bərpa edilib.

Əlavə olaraq, Agentliyin balansında istifadə olunmayan metal tərkibli texnika və avadanlıqların utilizasiyası həyata keçirilib, əldə olunan vəsait büdcəyə köçürülüb.

Hesablama Palatasının Kollegiyası artıq xərclərin və ödənilməmiş vəsaitlərin bərpası, avadanlıqların düzgün uçotu, aktivlərin balansda əks etdirilməsi və satınalma proseslərinin qanunvericiliyə uyğun aparılması barədə qərar qəbul edib. Məsələ ilə bağlı aidiyyəti qurumlara da məlumat göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
9
apa.az

10Mənbələr