AZ

27 Sentyabr - Milli qürura QAYIDIŞ

Yazını böyüt
Yazını kiçilt

Məhz bu gündən etibarən xalqımız 30 ilə yaxın davam edən erməni işğalına qarşı tariximizin ən şanlı səhifələrindən birini yazmağa başladı...

27 sentyabr 2020-ci il - Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı əks-hücuma keçdiyi şanlı tarix – ANIM GÜNÜ. O gündən başlayaraq 44 gün davam edən Vətən müharibəsi dövlət və millətimiz üçün böyük dönüş nöqtəsinin başlanğıcı oldu. Beş ildir ki, Azərbaycan dövləti və xalqı Zəfərin saldığı yol ilə hərəkət edir və dünyanın diqqətini regionda yaratdığı yeni reallıqlara cəlb etməkdədir.

27 sentyabr 44 günlük savaşdan beş il ötsə də, hər il yenidən təhlil olunur, öyrənilir: 27 sentyabr əks-hücum əməliyyatı və 44 günlük savaşın qazandığı zəfərin dövlətimiz və xalqımız üçün əhəmiyyəti nədir və dövlət-millət üçün nəyi ifadə edir?

“Erməni məsələsi tarixin səhifələrindən silindi”

Milli Məclisin deputatı Zahid Oruc hafta.az-a bildirib ki, 27 sentyabr Azərbaycan tarixi və yeni siyasi təqvim üçün müqəddəs bir dövrə çevrildi.

Onu belə əlamətdar və milli dövlətçilik tariximizdə simvolik edən səbəblər son dərəcə tarixi, ümumxalq, bəşəri, konstitusional, beynəlxalq, hüquqi mahiyyət daşıyır.

Z.Oruc hesab edir ki, bu hadisəni yalnız torpaqlar uğrunda aparılan müharibə kimi qiymətləndirmək doğru olmaz. Müharibə 44 günə başa çatsa da, öncədən aparılan bütün mübarizələr məhz həmin dövr, həmin məqsəd üçün idi. O, bunu iki-üç əsrlik prosesin nəticəsi kimi dəyərləndirib:

“Azərbaycanın iştirak etdiyi müharibələr müxtəlif fazalardan keçib və fərqli üsul və formaları ilə fərqlənib. Sovetlər birliyinin dağılmasından sonra baş verən Birinci Qarabağ müharibəsi, təəssüf ki, Azərbaycanın məğlubiyyəti ilə nəticələndi. Biz bu məğlubiyyəti yalnız xalqın deyil, o dövrdə hakimiyyətdə olan qüvvələrin uğursuzluğu kimi qiymətləndirirdik və zaman göstərdi ki, haqlı olmuşuq. Bu, həm də uzun əsrlər ərzində baş verən hadisələrin davamı idi. Həyatımızda dəyişən uğur nümunələri yalnız qalibiyyət və zəfər salnamələri deyildi. Əksinə, biz Şərq aləmində mənfi mənada nümunə kimi göstərilirdik - azərbaycanlılar ərazilərini itirən və beynəlxalq aləmdə mövqeyini qoruyub saxlaya bilməyən xalq kimi təqdim olunurdu. Bütün bu səbəblərə görə də bu savaş bizim üçün suverenlik döyüşü idi.

Konstitusiyamızın ölkənin bütün ərazilərində bərpası, beynəlxalq məkanda layiqli yerimizin təmin olunması uğrunda mübarizə idi. Uzun illər taleyimizi başqa paytaxtlarda həll edənlərə qarşı çıxış idi”.

Deputat qeyd edir ki, 1990-cı illərdən sonra regionda formalaşan monopolist güclər və müəyyən maraq dairələri bu reallığı davam etdirirdilər. Onlara qarşı mübarizə aparmaq, yeni siyasi arxitektura qurmaq və təhlükəsizlik sistemini formalaşdırmaq vacib idi. Eyni zamanda, xaricdən gələn və bölgədə dağıdıcı siyasət aparan qüvvələrə qarşı da ciddi mübarizə aparıldı.

“Bütün bu proseslərdə liderlərin xalqa müraciətləri mühüm rol oynadı. Bu müraciətlər siyasi iradənin formalaşmasına və xalqın bir yumruq kimi səfərbər olunmasına xidmət etdi. Tarixdə bir çox nümunələr - məsələn, Çerçillin və Şarl de Qollun müraciətləri kimi - bu da zaman keçdikcə öyrəniləcək və araşdırılacaqdır. 27 sentyabrdan sonra yaranan birlik - dövlət, xalq və ordu triadası - tariximizdə yeni keyfiyyət nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyevin zəminində qurulmuş dövlət sistemi, Prezident İlham Əliyevin gücləndirdiyi ordu və müasir texnologiyalarla təchiz edilmiş Silahlı Qüvvələr bu uğurun əsas amilləridir. Qısa müddətdə əldə olunan nəticələr göstərdi ki, düzgün təşkilatlanmış və vahid məqsədə yönəlmiş səylərlə ən az itki ilə maksimum nəticə əldə etmək mümkündür”, - deputat deyib.

Z.Oruc qeyd edir ki, müharibə həm də ədalət mübarizəsi, məcburi köçkünlərin haqlarının bərpası, doğma torpaqların geri qaytarılması və xalqın tarixi ədalətinin təmin olunması uğrunda idi:

“Bununla regionda qeyri-ədalətli siyasi reallıqlar aradan qaldırıldı və separatizmin izləri tarixin arxivinə göndərildi. Nəticədə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bu qələbə xalqımızın tarixində əbədi yaşayacaq. XXI əsrdə, xüsusilə 44 günlük müharibə fonunda, Azərbaycan qısa müddətdə və qətiyyətlə qalib dövlət nümunəsinə çevrildi. Bu qələbə müqəddəsdir - çünki o, xalqın, dövlətin və ordunun birgə iradəsi, ədaləti və suverenliyi uğrunda aparılmış ümumxalq mübarizəsi idi. Gənc nəsil də əmin oldu ki, görmədikləri torpaqlar onların da haqqıdır - onlar Azərbaycanındır. Qətiyyət, iradə, xalqın səfərbərliyi, informasiya sistemlərinin idarə olunması - bunların hamısı XXI əsrin beynəlxalq müharibələrində önəmli amillər idi. Qarşı tərəfin təxribatlarının neytrallaşdırılması, informasiya müharibəsində üstünlük qazanılması bu qələbədə mühüm rol oynadı. Obrazlı desək, ölkə rəhbərinin xalqa müraciətləri müharibə tarixində bir çox liderlərin - məsələn, Çerçillin, Şarl de Qollun müraciətləri ilə eyni ruhda, eyni qətiyyət və mahiyyət daşıyırdı. Əminəm ki, zaman keçdikcə bu müraciətlər tarixi nümunə kimi dəyərləndiriləcək, öyrəniləcək və tədqiq olunacaq. Digər tərəfdən, bu savaş yalnız coğrafi bütövlüyümüzü təmin etmədi, həm də yeni qələbələr gətirdi.

2021 və 2022-ci illərdə aparılan sistemli əməliyyatlar, 2023-cü ildə isə Xankəndi və Laçın yolunda baş verən proseslər artıq müharibənin hərbi fazadan sülh fazasına keçdiyini göstərdi. Nəhayət, Xankəndi zəfəri bizi tam və qəti qələbəyə qovuşdurdu. Məhz buna görə də ölkə rəhbəri bu nəticəni tam və parlaq qələbə adlandırır. Separatçılıq məsələsi birdəfəlik aradan qaldırıldı. Ermənistanda hakimiyyətin devirilməsi planlarına xidmət edən, Şahramanyan kimi separatçı rəhbərlərin verdiyi qərarlarla sonadək davam etməyə çalışan separatizm birgünlük əməliyyatdan sonra məhv edildi.

Azərbaycan dövləti isə həmin günlərdə bölgədə yaşayan erməni əhalisinin qalması üçün reinteqrasiya təklifləri, ardıcıl çağırışlar və humanitar addımlar atsa da, onların öz istəkləri ilə bölgəni tərk etməsi prosesi baş verdi. Bununla da son 100 ildə Azərbaycan coğrafiyasına yerləşdirilmiş erməni məsələsi tarixin səhifələrindən silindi və Azərbaycan dövlətçiliyinə təhlükə yaradan amil ortadan qalxdı. Ona görə də bu qələbə parlaqdır, möhtəşəmdir və xalqımızın tarixində əbədi yaşayacaq”.

“Yalnız torpaqlar deyil, xalqın ümidi, milli kimliyi geri qaytarıldı”

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov bildirib ki, 2020-ci il 27 sentyabr Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir.

Polkovnik qeyd edir ki, məhz bu gündən etibarən xalqımız 30 ilə yaxın davam edən erməni işğalına qarşı tariximizin ən şanlı səhifələrindən birini yazmağa başladı:

“Vətən müharibəsində canını torpaq uğrunda fəda edən oğulların qəhrəmanlığı bu günü həm kədər, həm də qürur günü kimi yaddaşlara həkk etdi. Azərbaycan xalqı bu gün də 44 gün boyunca döyüş meydanında qanı və canı ilə tarix yazan qəhrəman Vətən oğullarının xatirəsini sonsuz ehtiramla anır. Bu gün, eyni zamanda, 200 ildən artıq davam edən erməni təcavüzkarlığına və düşmənçiliyinə verilən ən qəti və ədalətli cavabın rəmzidir. Bu tarix həm də bütün dünyaya, xüsusən də düşmənlərimizə Azərbaycanın gücünü, xalqının birliyini və dövlətin iradəsini nümayiş etdirdi”.

C.Xəlilov bildirir ki, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri və sentyabrın 27-də ölkəmizə qarşı başlanan növbəti təcavüz bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan bu işğalla heç vaxt barışmayacaq:

“Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzə son qoymaq məqsədilə Ali Baş Komandan İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə, rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün silaha sarıldı. Ali Baş Komandanın döyüş əmri bizi Qarabağ arzumuza yaxınlaşdıran tarixi günün başlanğıcı oldu. O gün millətin daxilində illərlə yığılıb-qalan döyüş ruhu və birlik hissləri, sanki vulkan kimi püskürdü. Dövlət başçısının xalqa müraciətində dediyi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri əsgərlərimizin döyüş əzmini daha da gücləndirdi.

Döyüş meydanında da, arxa cəbhədə də hər kəs bir məqsədə xidmət edirdi - rəhbər, ordu və xalq birliyi. Hər qazanılan zəfərin arxasında qəhrəman şəhidlərin qanı var. Prezident İlham Əliyevin 27 Sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı imzaladığı Sərəncamı şəhidlərimizə və onların doğmalarına ali ehtiramın göstəricisi kimi qeyd edib. Bu gün Qarabağa Böyük Qayıdışın sevinci onların sayəsindədir. Bu gün viran qalmış yurd yerlərimizdə yanan işıqlar öz nurunu şəhid ruhlarından alır”.

C.Xəlilov Prezidentin rəhbərliyi ilə azad olunmuş torpaqlarda çoxşaxəli layihələrin həyata keçirilməsinə diqqət çəkib. Bildirib ki, ATƏT-in Minsk qrupu 28 il ərzində sadəcə bölgəyə turist kimi səfərlər etməklə işlərini bitmiş hesab edirdilər. Məqsədləri münaqişəni Ermənistanın xeyrinə dondurmaq idi:

“Nəhayət, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan özü ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsi hərb meydanında reallığa çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan azad olundu. 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə separatizmə son qoyularaq dövlət suverenliyimiz tam təmin edildi. Bu qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar formalaşdı. Təhlükəsizlik, dayanıqlı sülh və əməkdaşlıq üçün zəmin yarandı. Bütün bunlar Prezident İlham Əliyevin 22 illik qətiyyətli siyasəti, sərrast diplomatiyası və xalqın dəstəyi ilə mümkün oldu. O, hakimiyyətə gəldiyi ilk gündən bir nömrəli vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını qarşısına məqsəd qoydu. Həmin vaxtdan etibarən milli maraqlarımızın təmin olunması uğrunda məqsədyönlü və uzaqgörən siyasət yürüdən qalib lider dünya gücləri ilə bərabər səviyyədə mübarizə apararaq Azərbaycanı bütövləşdirdi. Beləliklə, o, həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətini gerçəkləşdirdi. İlham Əliyevin rəhbərliyi ilə Şuşaya, Xankəndiyə, Kəlbəcərə, Laçına qayıdış sadəcə torpağa deyil, kimliyə, tarixə və milli qürura qayıdış oldu. Qələbəmiz ədalətli və tam bir qələbədir. Bu Qələbə göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. İlham Əliyev bir millətin 30 illik həsrətinə, Qarabağ dərdinə son qoydu. O, yalnız torpaqları deyil, xalqın ümidini, ləyaqətini, milli kimliyini geri qaytardı. Şuşaya qayıdışla xalqın mədəni ruhunu dirçəltdi, Xankəndini azad edərək ədaləti bərpa etdi, Laçını və Kəlbəcəri isə sülh yolu ilə, siyasi iradə və qətiyyətlə geri aldı. Bu tarixi ədalətə, əzəli həqiqətə, xalqın milli heysiyyatına qayıdış idi. Bu gün artıq Qarabağda həyat var, çünki artıq orada Azərbaycan əsgəri var, Azərbaycan bayrağı dalğalanır, Azərbaycan xalqı öz doğma yurduna qayıdır. Bu gün Qarabağda yanan hər bir işıq, dalğalanan hər bir bayraq, atılan hər bir bərpa addımı bir daha sübut edir: Qarabağ Azərbaycandır! Qalib Ordumuzun, şəhidlərimizin və Müzəffər Ali Baş Komandanın yazdığı bu şanlı tarix hər birimizin mənəvi borcudur yaşatmalı, gələcək nəsillərə ötürməliyik”.

“Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu”

Politoloq Rəşad Bayramov hafta.az-a bildirib ki, 27 sentyabr tarixi xalqımızın yaddaşından, hərb tariximizdən heç bir zaman silinməyəcək.

O, qeyd edib ki, məhz həmin gün 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu:

“İşğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistanın silahlı birləşmələri növbəti dəfə atəşkəs rejimini pozaraq qanlı əməllərini gerçəkləşdirməyə cəhd etdilər. Bu ilk cəhd deyildi. Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir dövrdür ki, davam edirdi. Ermənistanın 2016-cı il aprel Lələtəpə və 2020-ci il Tovuz döyüşlərindən dərs çıxarmayaraq yenidən Azərbaycana qarşı terror və təcavüzə cəhd etməsi əslində 30 il ərzində davam edən beynəlxalq riyakarlığın nəticəsində mümkün olmuşdu. Münaqişənin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. BMT isə bu müddət ərzində işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirir, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalaraq icra olunmadı. Məqsəd status-kvonu qoruyub-saxlamaq və son anda Azərbaycanı işğal faktı ilə barışmağa məcbur etməkdən ibarət olmuşdu. Məhz beynəlxaq birliyin bu mövqeyi Ermənistanı yeni əraziləri işğal etməyə ruhlandırdı və nəticədə 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribatı baş verdi. Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərinin şiddətli artilleriya atəşinə tutulması nəticəsində hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Ali Baş Komandan İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə, ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmək üçün fəaliyyətə start verimiş oldu. Bununla da həm Ermənistan, həm də onlara havadarlıq edən beynəlxalq güclər qarşılarında nəyin bahasına olursa-olsun, öz torpaqlarını düşmən tapdağından azad etməyə qərarlı olan güclü bir Azərbaycan gördülər. Hər kəs anladı ki, artıq qarşılarında 90-cı illərin zəif, gücsüz, müdafiəsiz Azərbaycanı deyil, öz milli maraq və mənafelərini hər şeydən üstün tutan, bu yolda əzmlə mübarizə aparan Azərbaycan var. Hər kəs uzun illər ərzində səbr edən, dözüm göstərən Azərbaycan xalqının, Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun tək yumruq olduğuna şahidlik etdi.

44 gün davam edən Vətən Müharibəsi milli həmrəyliyin, peşəkar və qətiyyətli rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü ilə düşmənin məhvinə və ərazilərimizin işçğaldan azad olunmasına gətirib-çıxardı. Bu müharibə ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu”.

Seçilən
58
hafta.az

1Mənbələr