AZ

LDU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə  27 Sentyabr - Anım Gününə həsr olunmuş konfrans  keçirilib. Tədbirdə torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra Azərbaycan Respublikasının  Dövlət Himni səslənib.“27 Sentyabr-Zəfərə aparan yolun başlanğıcı” mövzusunda keçirilən konfransda çıxış edən LDU-nun rektoru, professor Natiq İbrahimov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük  Zəfərin əhəmiyyətindən, igid oğullarımızın şucaətindən söz açıb.

Bildirib ki, şəhid oğullarımızın qanı bahasına  qazanılan  Zəfər 30 ilə qədər düşmən tapdağında qalan torpaqlarımızı bizə qaytarmaqla yanaşı, həm də  xalqımıza baş ucalığı gətirib, şəhid ağrılarımıza təsəlli olub. LDU-da gənclərin  vətənpərvərlik tərbiyəsinə böyük önəm verildiyini deyən  rektor tələbələrin vətənpərvərlik hisslərinin yüksək olduğunu qeyd edib, 44 günlük Vətən müharibəsində universitetin tələbə və məzunları arasında 11 nəfərin şəhidlik zirvəsinə yüksəldiyini xüsusi vurğulayıb. Rektor BMT Baş Assambleyasının 80-ci sessiyasında prezident İlham Əliyevin çıxışının bütün həmvətənlərimizdə qürur və sevinc hissi yaşatdığını bildirərək ölkə başçısının nitqindən sitatı konfrans iştirakçılarının diqqətinə çatdırıb: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam.

Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü”.

Çıxışını  prezident İlham Əliyevin  “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq” sözləri ilə bitirən prof. Natiq İbrahimov   şəhidlərin xatirəsinin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini, əbədi yaşayacağını bir daha vurğulayıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva çıxışında  27 Sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd edilməsini Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali  ehtiramın göstəricisi hesab edib. Bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü, iradəsini, birliyini bir daha bütün dünyaya  göstərdi. Göstərdi ki, xalqımız heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq. Bu müharibədə əsgər və zabitlərimiz, mülki insanlarımız, bötövlükdə xalqımız əzm və iradə , həmrəylik nümayiş etdirərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  düşmənə sarsıdıcı zərbələr endirərək  böyük qələbəyə imza atdı.

Tarix və onun tədrisi metodikası  kafedrasının  müdiri dos. Kamal Mahmudov, dos. Emin Məlikov mövzu ətrafında  məruzə ediblər. Məruzələrdə  44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbədən, həmin dövrdə ölkədə yaşanan böyük vətənpərvərlik ab-havasından, qələbənin əhəmiyyətindən, ordumuzun misilsiz döyüş taktikasından, LDU-da gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən söz açılıb.

Qeyd edək ki, konfrans iştirakçıları tərəfindən I tədris korpusunda LDU şəhidlərinin xatirəsinə ucaldılmış xatirə abidəsi və şəhid məzun Vüsal Kazımovun  məzarı  ziyarət olunub.
  


 

Seçilən
12
2
adalet.az

3Mənbələr