AZ

Naxçıvanda qanunsuz su satışı həyata keçirilib

Naxçıvanda qanunsuz su satışı həyata keçirilib

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi (Agentlik) və tabeli qurumları tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarə edilməsinə dair uyğunluq auditi aparılıb.

Agentlik tərəfindən müvafiq illərdə büdcə və büdcədənkənar xərclərin proqnozlaşdırılması düzgün aparılmayıb, 2023-cü ərzində isə bir neçə halda ödənişlərin təyinatı dəyişdirilərək xərc edilib.

Audit obyekti tərəfindən 2023 və 2024-cü illər ərzində bir sıra hallarda işçilərə artıq əməkhaqqı hesablanaraq ödənilib. İki il ərzində artıq hesablanaraq ödənilən vəsait audit dövrü ərzində büdcəyə bərpa edilib.

Agentliyin tabeliyindəki içməli su anbarlarına və təmizləyici qurğularına baxış zamanı bəzi hallarda ümumi çıxış sayğaclarının nasaz olduğu, bəzi hallarda isə sayğacların ümumiyyətlə mövcud olmadığı müəyyən olunub. Ümumilikdə, 1066288.0 m³ içməli suyun Agentliyin məlumatlarında qeydiyyatının olmadığı aşkarlanıb.

Audit obyektinin balansında olan su tutarlarında quraşdırılmış 3 ədəd Su Elektrik Stansiyasına elektrik enerjisi almaq üçün su verilmiş, lakin verilmiş suyun həcminin ölçülmədiyi, elektrik enerjisinin istehsalı ilə bağlı buraxılmış suyun dəyərinin aidiyyəti dövlət qurumu tərəfindən ödənilmədiyi müəyyənləşib.

Agentlik tərəfindən Muxtar Respublika ərazisində əkin altında olan torpaqlara suvarma suyunun verilişi icra edilib, lakin suvarma suyunun uçotunun aparılması üçün ölçü cihazlarının və nəzarət sisteminin olmaması aşkarlanıb.

Muxtar Respublikada içməli su şəbəkəsinə sayğac quraşdırılıb və su satışı həyata keçirilib. Audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğunun fəaliyyət göstərməməsinə baxmayaraq, bəzi ərazilərdə abonentlərdən su pulu yığılması halları da müəyyən olunub.

Audit qrupu tərəfindən suvarma suyunun mənbələrində verilən suyun həcminin ölçülməsi üçün hesablamalar aparılıb. Alınan nəticələrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatı ilə müqayisə edildikdə, 2023-cü ildə suvarma suyu üzrə itki tələb olunan suya nisbətdə 1.7 dəfə, 2024-cü ildə isə 1.4 dəfə çox olub.

Audit obyektinin ərazisində yararsız vəziyyətdə olan 87 adda 115 ədəd texnika və avadanlıq müəyyən edilib. Həmin əsas vəsaitlərin utilizasiyası həyata keçirilib və əldə olunan vəsait büdcəyə ödənilib.

Agentlik tərəfindən balansında olan iri su tutarları və hövzələri istisna olmaqla digər meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması həyata keçirilməyib.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su Təmir-Tikinti İdarəsi ilə təchizatçı arasında bağlanmış 6.4 milyon manatlıq müqavilə üzrə avadanlıqların əksəriyyətinin təhvil-təslimində çatışmazlıqlar aşkarlanıb. Həmçinin müqavilə şərtlərinə əsasən təchizatçı tərəfindən aradan qaldırılması nəzərdə tutulan qüsurların vaxtı keçmiş olub.

Agentlik tərəfindən dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməyib: ilkin plan təsdiq edilməyib, məlumatlar vahid portala yerləşdirilməyib, 132615.0 manatlıq satınalmalar razılıq alınmadan birbaşa müqavilə ilə icra edilib. Bəzi hallarda satınalmalar hissələrə bölünərək aparılıb.

Ehtimal olunan qiymətlərin düzgün müəyyən edilməməsi və nəzarət mexanizmlərinin təkmil olmaması nəticəsində dövlət vəsaitinin artıq istifadəsinə yol verilib. 2024-cü ildə tikinti materiallarının alınması üçün 257000.57 manatlıq tender üzrə müqavilə bağlanılıb, ödəniş tam icra edilsə də, 7 adda 41987.31 manat dəyərində avadanlıq göndərilməyib və ya yararsız olub. Audit dövründə həmin avadanlıqlar təchizatçıdan tələb olunaraq bərpa edilib.

Hesablama Palatasının Kollegiyası tərəfindən aşkar edilmiş məsələlərlə bağlı aidiyyəti qurumlara məlumatların göndərilməsi qərara alınıb.

Seçilən
28
12
afn.az

8Mənbələr