Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu 27 Sentyabr – Anım Gününə həsr olunmuş toplantı keçirib.
QHT.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, Dövlət Himni səsləndirilib.
Toplantıda Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatlarının İdarə Heyəti, müxtəlif QHT rəhbərləri, şəhid ailələrinin təmsilçiləri, müharibə veteranları iştirak edib. Vətən müharibəsinin başlanması səbəbləri və tarixi Zəfərlə nəticələnməsi, yaranan yeni reallıq geniş təhlil olunub.
Sonda 27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Milli QHT Forumunun bəyanatı səsləndirilib. Bəyanatı təqdim edirik: “5 il əvvəl - 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq, Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatı kimi dünya hərb tarixinə düşən əks-hücum əməliyyatına başladı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə ərazilərimizin işğaldan azad olunması ilə nəticələndi, milli ləyaqət nümunəsinə çevrildi.
27 Sentyabr – Anım Günü Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinə yüksək ehtiramın təcəssümüdür. Şəhidlərimizin canı və qanı bahasına yazılan bu Zəfər tarixi ədaləti təmin etdi, regional güc balansını Azərbaycanın xeyrinə dəyişdi, gələcək nəsillərə təhlükəsizlik və tərəqqi miras qoydu.
Biz fəxr edirik ki, şəhidlərimiz 44 günlük müharibənin gedişində Gəncə, Tərtər və Bərdə rayonlarında dinc əhaliyə qarşı raket hücumlarının qisasını döyüş meydanında aldı. Biz bundan sonra da şəhidlərimizin şərəfli həyat yolunu öyrənəcək və öyrədəcək, onların tarixi missiyasını unutmayacağıq.
2020-ci ildəki 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzü, 2023-cü il 19-20 sentyabr tarixində keçirilən antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrinin icrasına təkbaşına nail oldu. Hazırda azad edilmiş ərazilərdə dünyada bənzəri olmayan geniş bərpa və quruculuq işləri aparılır, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı həyata keçirilir.
Azərbaycan beynəlxalq hüququn prinsiplərinə – suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına sadiq qalaraq, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində qətiyyətli addımlar atır. Bu ilin 8 avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamə tarixi əhəmiyyət kəsb edir. Bu sənəd Azərbaycanın əsas ərazisi ilə Naxçıvan bölgəsi arasında maneəsiz bağlantının – Zəngəzur dəhlizinin reallaşmasını da təmin edəcək.
Bütün bunlar həm də şəhidlərimizin fədakarlığı, müharibə veteranlarımızın əzmi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, müdrik siyasəti, yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev müharibənin qalibi olduğu kimi, sülhün də müəllifidir.
Azərbaycan QHT-ləri qəhrəman şəhidlərimizin ailələrinə bundan sonra da müqəddəs əmanət kimi yanaşacaq.
Azərbaycan QHT-lərinin çətir təşkilatı olan Azərbaycan Milli QHT Forumu şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edir, onların ruhu qarşısında baş əyir”.