AZ

İlham Əliyev Xəzərin ağır probleminin köklərinə BMT-də sərrast işarə vurdu...


“Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında mən Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsini qaldırmışdım. Bu gün vəziyyət daha pisdir. Xəzər dənizi sürətlə kiçilir. Əsas səbəb iqlim dəyişmələri deyil”. Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı səsləndirib.

Dövlət başçısı qeyd edib ki, gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac var. Azərbaycan, həmçinin bu problemin həlli istiqamətində BMT ilə də sıx əməkdaşlığa hazırdır. Ekspertlər hesab edir ki, Azərbaycan prezidentinin bu məsələyə BMT tribunasında toxunması və dənizin kiçilməsinin səbəbinin heç də iqlimlə bağlı olmadığını bildirməsi təsadüfi deyil. Məsələ burasındadır ki, hazırda dənizdə səthlə bağlı problem daha çox Rusiyadan qaynaqlanır. Bunu hətta Rusiyada da etiraf edirlər. Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin rəhbərinin müavini Vasili Sokolov bu günlərdə qeyd edib ki, 1990-cı illərin ortalarından bəri Xəzər dənizinin səviyyəsi iki metrdən çox aşağı düşüb. O qeyd edib ki, bu müddət ərzində dəniz demək olar 2,4 metr dayazlaşıb. Eyni zamanda, sahil xətti və su bioloji resursları çox böyük xarici təsirlərlə üzləşməyə davam edir. Nəticədə bəzi növlərin populyasiyaları yox ola bilər: "Rusiya yaxın gələcəkdə Volqanın axınının tənzimlənməsi məsələsini həll etməzsə, həm Xəzər suitilərinin sayı ilə, həm də daha kütləvi və heç də az əhəmiyyətli olmayan kilkə kimi növlərlə bağlı problemlərlə üzləşə bilərik". Dənizə 130-a yaxın çay axır, onlardan ən böyüyü Volqa və Uraldır ki, dənizə illik axının əsas hissəsini təmin edir. Volqa çayının illik axını 2021 və 2022-ci illərdə orta uzunmüddətli göstəricidən xeyli aşağı olub. 250 kubkilometrə qarşı müvafiq olaraq cəmi 216 və 215 kubkilometr təşkil edib. 2023-cü ildə bu göstərici daha da aşağı düşüb. Xatırladaq ki, Xəzər dənizinə suyun 80 faizi Volqa çayı ilə gəlir. Amma indi Volqa çayı əvvəlki qədər dənizə su gətirmir. Məsələ həm də budur ki, Xəzərə ən çox su gətirən Volqa çayının üzərində bəndlər tikilib. Hər il həmin bəndlərdən 25-30 kubkilometr su götürülür ki, bu da Xəzərin səviyyəsinin ildə 8-9 santimetr aşağı düşməsinə bərabərdir. Uralın yuxarı axarında 300-ə yaxın, Volqada isə 11 su anbarı var. Bu anbarların doldurulması sonda Xəzərə ciddi problem yaradır. Ümumiyyətlə, Xəzər dənizinin dayazlaşmasına ən çox ona axan çaylardan gələn suyun həcminin azalması təsir edir. Bundan başqa, Xəzərə tökülən digər çayların, Kürün, Terekin, Ural çaylarının da səviyyəsi düşüb. Lakin əsas problem Volqadan qaynaqlanır. Volqa çayı su hövzəsinin əsas su qaynağıdır və çayın axını; yağıntı rejimi, qar və qış ərzində yığılan qar miqdarı, çəmənliklər və bəndlər kimi insan fəaliyyətləri ilə birbaşa təsirlənir. Rusiyada Volqa çayı boyunca inşa edilmiş çoxsaylı bəndlər mövcuddur. Bunlara Verxnevoljskoye, Ivanovo, Ugliç, Rıbinsk, Gorki, Çeboksar, Kuybişev, Saratov, Volqoqrad kimi böyük su anbarları daxildir. Bu hidroqovşaqlar illərlə çayın təbii axınını məhdudlaşdırır; bahar ərzində qarın əriməsi zamanı çayın deltaya çatdırmalı olduğu suyun müəyyən hissəsi bəndlərdə saxlanılır ya da başqa məqsədlər üçün yönləndirilir. Bəndlərin su sərfiyyətinin və su tutulmasının miqdarını azaltmaqla, Volqa çayının Xəzər dənizinə çatdırdığı suyun həcmi ciddi azalmaqdadır.

Xəzər dənizində son otuz ildə müşahidə edilən ümumi azalma qeyd edildiyi kimi 2,4 metr təşkil edir. Son on ildə isə bu azalma 1,14 metr səviyyəsində qeydə alınıb. Bu qədər ciddi azalma yalnız ekoloji deyil, həm də iqtisadi və sosial fəsadlar yaradır. Dəniz səviyyəsinin düşməsi nəticəsində sahil ekosistemləri – bataqlıqlar, balıq yumurtlama sahələri və nəm torpaqlar tədricən quruyur. Volqa deltası kimi bioloji cəhətdən zəngin ərazilər artıq bu azalmadan ciddi təsirlənib. Xüsusilə Xəzərin şimal sahilində yerləşən Rusiya və Qazaxıstan ərazilərində torpaq eroziyası və bioloji müxtəlifliyin itkisi müşahidə olunur. Digər tərəfdən, balıqçılıq sektoru da zərər görür. Xüsusilə kür baliqlarının yumurtlama yerlərinin quruması bu növlərin azalmasına səbəb olur. Su səviyyəsinin düşməsi gəmiçilik və liman fəaliyyətlərini də çətinləşdirir. Gəmilərin dərinlik tələbləri ilə bağlı problemlər artır, limanlar isə ya genişləndirilməli, ya da fəaliyyətini dayandırmalıdır. Bundan əlavə, sahil ərazilərində yaşayan insanlar üçün içməli su təminatı, kənd təsərrüfatı və suvarma sistemləri risk altına düşür. Turizm və dənizkənarı infrastruktur da bu dəyişikliklərdən mənfi təsirlənir. Bir çox mütəxəssis Volqanın axınının azalması ilə Xəzərin səviyyə dəyişməsi arasında güclü korrelyasiya olduğunu bildirir və bu korrelyasiyanın xüsusilə 2005-ci ildən sonra daha aydın göründüyünü qeyd edir. Problemin həlli üçün bir neçə istiqamətdə tədbirlərin görülməsi zəruridir. İlk növbədə, Volqa çayı üzərindəki hidroqovşaqların su idarəetmə rejimi yenidən nəzərdən keçirilməli, yaz axınlarının dənizə çatması üçün kvotalar müəyyən olunmalıdır. Eyni zamanda Xəzəryanı dövlətlər – Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan – arasında su paylaşımı və idarəçiliyi ilə bağlı yeni razılaşmaların əldə edilməsi vacibdir. Suvarma və sənaye sahələrində suya qənaət edən texnologiyaların tətbiqi, əkin sahələrinin optimallaşdırılması və alternativ enerji mənbələrinin təşviqi də problemin yumşaldılmasına töhfə verə bilər. İqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri də vacib əhəmiyyət daşıyır. Regional səviyyədə meşə salma, torpaq örtüyünün bərpası və su buxarlaşmasını azaldan tədbirlərlə su itkisinin qarşısı alınmalıdır. Bununla yanaşı, ekoloji monitorinq sistemləri gücləndirilməli, Volqa və Xəzər üzrə su axını, buxarlaşma, yağıntı və səviyyə dəyişiklikləri müntəzəm izlənməli və əldə edilən məlumatlar əsasında qərar qəbul edilməlidir.

Ramil QULİYEV

Seçilən
55
baki-xeber.com

1Mənbələr