“Beynəlxalq Konkisürmə Birliyinin (ISU) yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, turnirin sonuncu günündə 30 ölkədən olan 35 qadın idmançı sərbəst proqram üzrə çıxış edib.
Yarışın ümumi nəticələrinə əsasən Cənubi Koreyalı idmançı Yuseong Kim 185.99 xalla turnirin ali kürsüsündə 1-ci yerə,Yaponiyalı fiqurlu konkisürən Mayuko Oka 184.22 xalla 2-ci yerə, İsrailli idmançı Sophia Shifrin 176.95 xalla 3-cü yerə sahib olublar.
Mükafatlandırma mərasimində buz üstündə rəqs proqramı üzrə çütlüklər və sərbəst proqram üzrə çıxış edən qadın idmançılar təltif olunublar.
Qaliblərə medalları Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və Federasiyasının Baş katibi Günel Bədəlova təqdim edib.
Bundan əlavə sərbəst rəqs proqramının finalında 13 ölkədən 15 cütlük birincilik uğrunda mübarizə aparıblar. Gərgin və rəqabətli keçən mübarizədə 2 günün nəticələrinə əsasən Fransalı cütlük Ambre Perrier Gianesini və Samuel Blanc Klaperman 162.21 xalla 1-ci, İtalıyalı cütlük Zoe Bianchi və Daniel Basile 149.64 xalla 2-ci yerə, Kanadalı cütlük Summer Homick və Nicholas Buelow isə142.38 xalla 3-cü yerə sahib olublar.
Qeyd edək ki, Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilib. Turnirdə 38 ölkədən 92 idmançı iştirak edib.
Yarışda Azərbaycanı fiqurlu konkisürmənin tək konkisürmə növündə idmançılarımız Səbinə Əliyeva, Leyli Axundova və Arina Kaluqina, buz üstündə rəqs növü üzrə isə Anna Obrayn və Dreyk Tonq təmsil ediblər.