AZ

Sülh Ermənistanın son şansıdır

İki dövlət arasında gözlənilən sülh bölgəmizə əmin-amanlıq və əməkdaşlıq gətirəcək. Gedən proseslər deməyə əsas verir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi 2026-cı ilin birinci yarısına qədər imzalanacaq. Artıq belə deməyə əsası da var. Bu il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşü bu fikri daha da qüvvətləndirir. Bununla yanaşı, Ermənistan-Türkiyə münasibətlərinin də normallaşdırılması istiqamətində səyləri intensiv xarakter alır.

Xarici agentliklərə istinadən xəbər verilir ki, bu barədə İtaliyanın Trento şəhərində fəaliyyət göstərən “Osservatorio Balcani Caucaso Transeuropa” (OBCT) tərəfindən hazırlanan analitik yazıda bildirilir. Məqalədə 12 sentyabrda İrəvanda Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan və Türkiyə Prezidentinin xüsusi elçisi Sərdar Kılıç arasında altıncı görüş keçirildiyi xüsusi vurğulanır. Qeyd olunur ki, 2022-ci ildən bəri davam edən dialoq çərçivəsində ilk dəfə idi ki, görüş Ermənistan paytaxtında baş tuturdu. Türkiyənin xarici işlər naziri Hakan Fidan görüşdən sonra açıqlamasında qeyd edib ki, Azərbaycan-Ermənistan sülh sazişinin 2026-cı ilin ilk yarısında imzalanması gözlənilir və bundan dərhal sonra Ermənistan–Türkiyə münasibətlərinin tam normallaşması və sərhədlərin açılması mümkün olacaq. Türkiyənin bir şərti var ki, o da Ermənistanın sülh müqaviləsini Azərbaycanın şərtlərindən kənara çıxmamaqla və gecikdirmədən imzalamasıdır.

Rəsmi İrəvan isə sərhədlərin daha tez açılacağına ümid edir və yeni ticarət yollarından yararlanmaq istəyir. Bununla yanaşı, daxildə Paşinyan hökuməti ciddi tənqidlərə məruz qalır, daşnakların, kilsə ruhanilərinin və revanşistlərin hücumlarını neytrallaşdırmalı olur. Sentyabrda hökumətin Ermənistan pasport və sərhəd möhürlərindən Ağrı dağının təsvirini çıxarmaq qərarı müxalifət tərəfindən “milli kimliyin zəiflədilməsi” kimi qiymətləndirilib. Arxasında xarici qüvvələrin dayandığı bu qruplar Ermənistan hökumətinin Türkiyənin barmaq işarəsi ilə hərəkət etməsi barədə yalan və böhtanlar yağdırır, hər fürsətdə cəmiyyəti Nikol Paşinyan iqtidarına qarşı qaldırmağa cəhd edirlər. Baş nazir isə həyata keçirilən tədbirlərin Türkiyə ilə aparılan danışıqlarla bağlı olmadığını bildirir. Halbuki siyasətdən uzaq ermənilər Türkiyə bazarlarını arzulayır, qonşu ölkəyə dolanışıq yerləri kimi baxırlar. Xatırladaq ki, hazırda Türkiyə bazarlarında 70 mindən artıq erməni alver edir, külli miqdarda pullar gətirən sərbəst ticarət şirkətləri açırlar.

Artıq Ermənistan 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinə hazırlaşır. Revanşistlərin iddiasına görə, Nikol Paşinyanın reytinqi rekord dərəcədə aşağı düşüb və onun siyasi taleyi birbaşa sülh prosesinin nəticələrinə bağlanıb. Bu fikir heç də reallığa bənzəmir. Çünki erməni valdeynlər müharibə istəmirlər və bu məsələdə Paşinyanı dəstəkləyirlər. Şübhəsiz ki, əlində real hakimiyyət olan Paşinyan düşmənlərinin müqavimətini qıra biləcək. Çünki onun da arxasında duran qüvvələr var. Bu arada Azərbaycan İrəvandan konstitusiyaya dəyişiklik edilməsini tələb edir ki, bu da sazişin imzalanmasını ləngidə bilər. Məhz bundan istifadə edib Paşinyanı hədəfə alan hər cür müxalif tör-töküntülər seçkilərdə narazıları ona qarşı qaldırmağa çalışırlar. Şantajçılar baş nazirin Azərbaycan ərazilərindən əl çəkməsini “satqınlıq” adlandırır, ona günah kimi yamayırlar. Təbii ki, bu, xəstə təxəyyüllü hayların ən “yaralı” yeridir. Hələ onu demirik ki, həmin xəstələr seçkiyə qədər Nikol Paşinyanı zorla devirmək niyyəti güdürlər. Digər tərəfdən, Türkiyə də normallaşmanı rəsmi Bakı ilə razılaşmanın nəticəsi kimi görməkdə israrlıdır. Beləliklə, Paşinyan iqtidarının vəziyyəti nə qədər mürəkkəb olsa da görünən odur ki, müxaliflərin öhdəsindən gələcək.

Beləliklə, qarşıdakı gərgin keçəcək aylar Ermənistanın siyasi kursu üçün həlledici olacaq. Paşinyan üçün sülh prosesi həm daxili sabitliyi təmin etmək, həm də ölkəsinin beynəlxalq nüfuzunu qorumaq baxımından son şans hesab olunur. Görünən odur ki, Ermənistanın baş naziri də ölkəsini blokadadan çıxarmaq üçün bunu məqbul sayır. Ermənistan üzərində böyük təsirə malik olan ABŞ isə bu vasitəçilikdən yeni diplomatik qələbə qazanmağa ümid edir. Bu meyl özünü Prezident Donald Trampın Zəngəzur dəhlizinin açılışa hazırlığına maraq göstərməsində də biruzə verir və dəhlizi “Tramp yolu” adlandırır. Bir neçə gün əvvəl Prezident Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etməsi bu məsələyə kimlərinsə məsələyə qarışmasını bloklayır. ABŞ-ın olduğu yerdə marıqda gözləyən ölkələr bu gözləntidən nəyəsə nail ola bilməzlər. O ki, qaldı daxili araqarışdıranlara onların da köpü alınacaqdır. Bunun üçün baş nazirin əlində ordu, milli təhlükəsizlik və polis qüvvələri var.

Vəli İlyasov, “İki sahil”

Seçilən
18
ikisahil.az

1Mənbələr