AZ

Nizami və Rustaveli: qonşu xalqların mədəni körpüsü

Gəncə şəhərində Azərbaycan və Gürcüstan arasında elmi-mədəni əməkdaşlığın möhkəmlənməsinə həsr olunmuş beynəlxalq səviyyəli mühüm tədbir - “Nizami Gəncəvi və Şota Rustaveli-mədəniyyət kəsişmələri” mövzusunda birinci Azərbaycan–Gürcüstan konfransı keçirilib.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Gəncə Şəhər İcra Hakimiyyəti və Gürcüstanın aidiyyəti qurumlarının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda hər iki ölkənin tanınmış alimləri, elm və ictimaiyyət nümayəndələri, o cümlədən akademik Fuad Əliyev, professor İrma Ratiani, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev və Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze çıxış ediblər.

Tədbir Ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Konfrans çərçivəsində AMEA-nın Gəncə Bölməsinin foyesində Nizami Gəncəvi və Şota Rustavelinin irsinə həsr olunmuş sənət sərgisi nümayiş olunub. Sərgi haqqında ziyarətçilərə sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Həşimova ətraflı məlumat verib.

Akademik Fuad Əliyev çıxışında qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında mövcud dostluq və əməkdaşlıq əlaqələri bu gün daha da genişlənir. Prezidentlər İlham Əliyev və Mixeil Kavelaşvilinin 2025-ci ildə Bakıda keçirdiyi görüşün elmi müstəviyə də müsbət təsir etdiyini bildirən akademik bu konfransın iki xalq arasında mədəni yaxınlığın sübutu olduğunu vurğulayıb.

Şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında qeyd edib ki, Azərbaycanın qazandığı Böyük Qələbə bölgədə yeni əməkdaşlıq imkanları yaradıb. Bu konfrans da Azərbaycan-Gürcüstan əlaqələrinin elmi və mədəni istiqamətdə inkişafına mühüm töhfə verir.

Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze tədbirin təşkilatçılarına təşəkkür edərək bu cür layihələrin iki xalq arasında tarixi dostluğun rəmzinə çevrildiyini bildirib.

Konfransda bir sıra elmi məruzələr dinlənilib. Dosent Zəhra Allahverdiyeva Nizami irsinin Rustaveli yaradıcılığına təsirindən danışıb. Miranda Kaşalaşvili iki şairin əsərlərindəki məhəbbət anlayışını müqayisə edib. Dosent Əlimuxtar Muxtarov Nizaminin Gəncəsi barədə, professor İvane Amirxanaşvili isə “Biz yenə bərabərik” adlı məruzə ilə çıxış edib.

Simuzər Qafarlı Azərbaycan və Gürcüstanın tarixi və ədəbi körpülərini, Təranə Verdiyeva isə ədəbi əlaqələri araşdırıb. Sənətşünaslar Xəzər Zeynalov və Minayə Dəyanət-Feyzullayeva isə konfransda ədəbiyyatla incəsənətin sintezindən danışıblar.

Tədbir çərçivəsində gürcüstanlı qonaqlara AMEA-nın 80 illik yubileyinə həsr olunmuş suvenir xalçalar və elmi nəşrlər hədiyyə olunub. Onlar həmçinin Nizami Gəncəvinin məqbərəsini, Nizami Muzeyini və görkəmli gürcü şairi Nikoloz Barataşvilinin Gəncədəki baralyefini ziyarət ediblər.

Professor İrma Ratiani konfransın nəticəsi olaraq artıq birgə elmi monoqrafiyanın nəşr edildiyini, layihənin ikinci mərhələsində isə müxtəlif sahələri – təsviri sənət, musiqi, teatrı əhatə edən multidissiplinar tədqiqatların planlaşdırıldığını açıqlayıb.

Dosent Aygün Bağırlı bildirib ki, AMEA tərəfindən hazırlanmış “Nizami Gəncəvi və Şota Rustaveli” kitabı artıq gürcü və ingilis dillərində də nəşr olunub. Bu, iki xalqın ortaq dəyərlərinin dünyaya tanıdılması baxımından əlamətdar hadisədir.

Konfrans iştirakçıları gələcəkdə bu cür tədbirlərin Bakıda, Tbilisidə, Kutaisidə və digər şəhərlərdə davam etdiriləcəyinə ümid etdiklərini bildiriblər.

Hamlet QASIMOV
XQ-nin bölgə müxbiri,
Gəncə

Seçilən
13
xalqqazeti.az

1Mənbələr