AZ

Şərəf və qürur tariximiz » AzadMedia.az


Xanlar Fətiyev,
Milli Məclisin deputatı


Azərbaycan xalqının dövlətçilik tarixinin qəhrəmanlıq və şərəf salnaməsi olan 44 günlük Vətən müharibəsinin başlanmasından 5 il ötür. 2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlardan sonra başlanan bu savaş ilk gündən Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyətinin, hərbçilərimizin vətənpərvərliyinin və xalqımızın milli-siyasi birliyinin təntənəsinə çevrildi.
Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanısa da, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə 4 qətnamə qəbul edilsə də, respublikamız 30 ilə yaxın bir müddətdə ikili standartlarla və beynəlxalq ədalətsizliklə üz-üzə qaldı. BMT həmin qətnamələrin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməsi ilə bağlı heç bir mövqe ortaya qoymadı və yalnız tərəfləri sülhə çağıran deklorativ fikirlərlə kifayətləndi. O cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişənin həlli istiqamətində irəliyə doğru bir addım atmadılar.
Bütün bunlara baxmayaraq Azərbaycan xalqı torpaqlarımızın azad ediləcəyinə olan inamını itirmədi. Hələ ötən əsrin 90-cı illərində, Azərbaycanın beynəlxalq mövqelərinin indiki qədər güclü olmadığı bir şəraitdə Ulu Öndər Heydər Əliyev danışıqlar prosesində respublikamızın haqlı mövqeyini və milli maraqlarını qətiyyətlə qorudu.
Bu siyasəti qətiyyətlə davam etdirən Prezident İlham Əliyev respublikamıza rəhbərliyinin ilk günündən torpaqlarımızın işğaldan azad edilməsini öz fəaliyyətini başlıca prioriteti kimi müəyyənləşdirdi. 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində etdiyi çıxışda cənab İlham Əliyev nəyin bahasına olursa olsun torpaqlarımızın işğaldan azad olunacağını bəyan etdi:
“Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti Qarabağ probleminin sülh yolu ilə həllinə çalışdı, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində fəal iştirak etdi. Eyni zamanda cənab İlham Əliyev hər zaman onu da açıq şəkildə bəyan etdi ki, sülh danışıqları nəticəsiz qalarsa, torpaqlarımız müharibə yolu ilə işğaldan azad olunacaq. Bu məqsədlə Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi olaraq respublikamızın iqtisadi yüksəlişi və maliyyə imkanlarının artması ən müasir silah və texnikaların Silahlı Qüvvələrimizin arsenalına daxil edilməsinə imkan verdi. Hələ Vətən müharibəsindən illər əvvəl keçirilən hərbi paradlar Azərbaycanda həyata keçirilən modern hərbi quruculuqdan xəbər verirdi. O cümlədən 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı onu deməyə əsas verirdi ki, Silahlı Qüvvələrimiz işğalçını döyüş meydanında məhv etməyə qadirdir.
2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş verən proseslər, Azərbaycanın işğal olunmuş ərazilərində xaricdən köçürülən ermənilərin məskunlaşdırılması, Qarabağdakı separatçı rejimin əməlləri, baş nazir N.Paşinyanın Qarabağın Ermənistan ərazisi olması barədə səsləndirdiyi sərsəm fikir və 2020-ci ildə Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində həyata keçirdiyi təxribat danışıqlar prosesinin artıq mənasız olduğunu ortaya qoydu.
Ermənistanın növbəti hərbi təxribatının nəticəsi olaraq 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı «dəmir yumruq» əməliyyatı ilk gündən düşmənin darmadağın edilməsi ilə nəticələndi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın azad edilməsi uğrunda tarixi missiyasının icrasına başlayan ordumuz düşmənin onilliklər boyu möhkəmləndirdiyi və «Ohanyan səddi» adlandırdığı bir neçə mərhələli müdafiə xəttini birinci həmlədə yardı. Döyüşlərin ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndinin işğaldan azad edilməsi müharibənin Azərbaycanın zəfəri ilə başa çatacağından xəbər verirdi.
44 gün davam edən savaşda ordumuz hər gün irəli getdi, hər gün torpaqlarımız işğaldan azad olundu. Elə bir döyüş olmadı ki, bölmələrimiz geri çəkilsin. Xalqımız hər gün cənab Prezident İlham Əliyevin şəhər və rayonlarımızın azad olunması barədə müjdəsini gözlədi. Müzəffər Ali Baş Komandanın televiziya vasitəsilə Cəbrayılın, Suqovuşanın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının işğaldan azad olunmasını bəyan etməsi xalqımız tərəfindən bayram coşqusu ilə qarşılandı. Mədəniyyətimizin baş ünvanı, Qarabağın mirvarisi Şuşanın 2020-ci il noyabrın 8-də azad olunması isə Vətən müharibəsinin gedişatında həlledici mərhələ oldu. Məhz bundan sonra Ermənistanın rəhbərliyi Prezident İlham Əliyevin şərtlərini qəbul edərək, kapitulyasiya aktını imzaladı. 2020-ci il noyabr ayının 10-da imzalanan və Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin siyasi-hüquqi təsdiqi olan Üçtərəfli Bəyanata uyğun olaraq ordumuz bir güllə də atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını da işğaldan azad etdi.
Böyük qürur hissi ilə qeyd etməliyik ki, Vətən müharibəsi günlərində yalnız xalqımız deyil, bütün dünya cənab Prezident, Müzəffər Ali Baş Komanadan İlşam Əliyevin qətiyyətli və cəsarətli siyasətinə şahidlik etdi. Məlum olduğu kimi döyüşlərin getdiyi 44 gün ərzində və ondan sonra Ermənistanın qatı müdafiəçisi rolunda çıxış edən Fransa başqa olmaqla müxətlif siyasi mərkəzlər tərəfindən respublikamıza qarşı təzyiqlərin edilməsinə cəhdlər göstərildi, təhdidlər yağdırıldı. Hətta Fransanın təşəbbüsü ilə BMT-də Azərbaycana qarşı sənədin qəbul edilməsinə cəhd edildi. Lakin Prezident İlham Əliyev qətiyyətli siyasəti ilə bütün bu cəhdləri puça çıxardı, respublikamıza qarşı beynəlxalq səviyyədə diplomatik cəbhənin yaradılmasına imkan vermədi. O cümlədən dövlətimizin başçısı müharibə günlərində xarici KİV-ə verdiyi müsahibələrlə infomasiya savaşında da Ermənistanı və Fransanı məğlubiyyətə uğratdı.
Heç bir müharibə qansız, qadasız ötüşmür. 44 günlük Vətən müharibəsində döyüşən bütün hərbçilərimiz öz qəhrəmanlıqları ilə vətənpərvərlik dastanları yazdılar, torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər, şəhidlik mərtəbəsinə yüksəldilər. Xalqımız şəhidlərin ölməz xatirəsini hər zaman uca tutur, onları hər zaman ehtiramla anır. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Bu günlərdə Azərbaycanın bütün bölgələrində şəhidlərimiz ehtiramla yad olunur. Hər birimiz torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi önündə baş əyirik. Torpaqlarımızın işğaldan azad olunması, o cümlədən Qarabağda erməni separatizminə son qoyulması və bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpa edilməsi ilə həm də bütün şəhidlərimizin qisası alındı, onların qanı yerdə qalmadı.
27 sentyabr Anım Gününü xalqımız qürurla qarşılayır. Cənab Prezident İlham Əliyevin liderliyi ilə 2020-ci ilin məhz bu tarixindən torpaqlarımızın azadlığı uğrunda başlanan hərbi mübarizə öz məntiqi sonluğuna uğurla çatıb. Artıq torpaqlarımız azaddır, ərazi bütövlüyümüz isə tam bərpa olunub. Qələbələrimizin və uğurlarımızın müəllifi olan Prezident İlham Əliyev bu gün həm də regionda sülhü bərqərar edir.
Seçilən
18
50
azadmedia.az

10Mənbələr