AZ

Uşaqlarda şəkər böyümə geriliyinə səbəb ola bilər – Xəbərdarlıq

Düzce Universiteti (DÜ) Tibb Fakültəsi Ailə Həkimliyi Kafedra müdiri dosent Dr. Zərrin Qamsızkan, uşaqların tərkibində şəkər qarışıqları olan qablaşdırılmış qidaları istehlak etməsi barədə valideynləri xəbərdar edib.

E-saglam.az xəbər verir ki, 19–25 sentyabr Dünya Şəkər İstehlakına Diqqət Həftəsi çərçivəsində açıqlama verən Qamsızkan, xüsusilə böyümə çağında olan uşaqlarda artıq şəkər istifadəsinin sağlamlığa ciddi ziyan vurduğunu bildirib.

Təbii şəkər lazımdır, əlavə şəkər zərərlidir:

Dosent Qamsızkan qeyd edib ki, meyvə, tərəvəz və südün tərkibində olan təbii şəkərlər uşaqlar üçün enerji baxımından vacibdir. Lakin qidalara istehsal zamanı əlavə edilən “sərbəst şəkərin” həddən artıq qəbulu həm gündəlik kalori qəbulunu artırır, həm də daha keyfiyyətli qidaların istifadəsini azaldır. Bu isə böyüməkdə olan uşaqlarda keyfiyyətli qidalanmaya mane olaraq inkişaf geriliyinə səbəb ola bilər.

Şəkərli içkilərə asan çıxış təhlükə yaradır:

O, Səhiyyə Nazirliyinin son araşdırmalarına istinad edərək bildirib ki, şirniyyat, şərbət, bal, meyvə suları və konsentratlardakı sərbəst şəkər insanların ümumi enerji qəbulunu artırır, amma faydalı qidaların payını azaldır. Əgər böyüklərdə bu, ciddi fəsad yaratmaya bilərsə də, uşaqlarda sağlam böyümənin qarşısını ala bilər. Buna görə valideynlər və müəllimlər, uşaqları şirin içkilərdən uzaqlaşdırmaqda yönləndirici olmalıdır.

Şəkər asılılıq yaradır:

Qamsızkan əlavə edib ki, şəkər beyindəki “mükafat sistemini” aktivləşdirərək asılılıq yaradır və insanlar fərqinə varmadan normadan çox qəbul edə bilir. O, vurğulayıb ki, şəkərin həm dadı, həm də yüksək enerji dəyəri səbəbindən emal olunmuş qidalarda geniş istifadə olunması uşaqlarda doyma hissini azaldır, bu isə artıq istehlakla nəticələnir.

Seçilən
23
e-saglam.az

1Mənbələr