AZ

27 sentyabr - Həqiqət anının gəldiyi gün

30 il ərzində işğal altında qalmış torpaqlarımızda ermənilərin törətdikləri dəhşətli cinayətlər hələ uzun illər müxtəlif yönümlü araşdırmaların və dəyərləndirmələrin mövzusu olacaq.

Ancaq bir şey bəllidir ki, sivil dünyada yaşadığımızı iddia etdiyimiz bir dövrdə ermənilərin dinc insanlara, işğal etdikləri torpaqlara, bu torpaqlar üzərində insanların alın təri ilə ərsəyə gəlmiş minlərlə tikililərə, o cümlədən bəşəri əhəmiyyət daşıyan tarixi-mədəni abidələrimizə qarşı törədilmiş cinayətlər heç də sivil dünyanın yaşam qaydalarına uyğun hərəkətlər deyildi. Bütün bunları ermənilər bizim torpaqlarımızda, bizim şəhər və kəndlərimizə qarşı və nəhayət bizim xalqımıza qarşı etmişdilər.

Nəhayət, 2020-ci ilin 27 sentyabr tarixində qoşunların təmas xəttində ermənilərin törətdiyi növbəti hərbi təxribat Qarabağ uğrunda azadlıq müharibəsinin alovlanması üçün bir qığılcım oldu. Həmin gün Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqla Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Hərbi qulluqçular, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.

Azərbaycan Ordusu 27 sentyabrdan noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliklər, Zəngilanda Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana döyüşsüz təhvil verildi.

Beləliklə, Azərbaycan Cənubi Qafqaz üçün xain əllərin cızdığı bütün məkrli planları alt-üst edərək öz torpaqlarına sahib çıxdı. Sovet dövründən miras qalmış “Dağlıq Qarabağ” söz birləşməsi leksikondan çıxarıldı, Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidləri təsis olundu. Doğma torpaqlarımız öz sahibinə qovuşmaqla bərabər həm də öz tarixi adlarına qovuşdu.

Azərbaycan Ordusu 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən müharibədə əsgər və zabitlərimizin qəhrəmanlığı və ümummilli həmrəyliyimiz düşmən üzərində tam və qəti qələbəmizi təmin etdi. Vətən savaşımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u və yenilməz Azərbaycan Ordusunun dünyaya səs salan şanlı Zəfəri ilə milli həmrəylimizin təntənəsi olaraq tarixə çevrildi. Vətən müharibəsindəki qələbəmiz bir daha göstərdi ki, birlik və həmrəylik, iradə və əzmkarlıq Qələbəyə aparan yeganə yoldur.

Vətən müharibəsinin başlandığı 27 Sentyabr gününün dövlət başçımızın Sərəncamı ilə Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həyatını əsirgəməyən şəhidlərimizə ehtiramın və onların doğmalarına ümumxalq minnətdarlığının təcəssümüdür. Ölümləri ilə ölümsüzlüyə qovuşmuş şəhidlərimiz heç zaman unudulmayacaq.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı

Seçilən
5
5
moderator.az

6Mənbələr