AZ

Atamın da qələbə medalı başqalarından fərqli deyilmiş...

İki gündür Seymur Baycanın “Quqark” romanını oxumağa başlamışam. Ənənəvi olaraq, bu gün də işə gələndə kitabı özümlə götürdüm ki, metroda oxuyum. Yarımçıq qaldığım hissədən davam etdim. Nə təsadüf ki, bu gün həm də Anım günüdür.

Seymur Baycan yazır ki, müharibə dövründə erməni qulağını kəsmək adət idi. Hətta bəzi insanlar həmin qulaqları boyunlarından asıb, çürüyənə qədər gəzdirirdilər. Bu bir növ onların qələbəsinin nişanəsi sayılırdı. Həmin sətirlər məni uşaqlığıma qaytardı...

Uşaqlığım atamın müharibə fotoları və xatirələri ilə keçib. Elə hadisələr eşidirdim ki, özümü istəmsizcə o anların mərkəzində hiss edirdim. Yaşamadığım, görmədiyim səhnələrin şahidinə çevrilirdim. Söhbət açılanda qohumlarımız danışırdı ki, atam hər qayıdanda özü ilə erməni qulaqları gətirirmiş. Bu söhbətləri eşidəndə çox pis olurdum. Çünki atam mənim gözlərimdə qəhrəman idi, amma bu hərəkətləri qəddarlıq kimi görünürdü. Marqarita pizza

Məktəbdə oxuyanda isə müəllimlərimiz hər Anım günündə ermənilərin bizə qarşı törətdiyi vəhşiliklərdən danışırdılar. Onları eşitdikcə atamın hərəkətlərinə haqq qazandırırdım. Düşünürdüm ki, əksinə, onlar qədər qəddar olmayıb. Bu gün romanı oxuyanda isə bir az da rahatladım. Çünki təkcə “qulaq kəsən” mənim atam deyilmiş. Bəlkə də həmi qulaqlar onun da qələbəsinin simvolu idi...

Bütün uşaqlığım bu cür ağır xatirələrlə dolu olub. Özümü tanıyandan bəri Anım günlərinə nifrət edirdim və hər zaman içimdə bir qorxu gəzdirirdim. İndi isə yəqin ki, böyümüşəm deyə qorxularım da azalıb. Hətta deyəsən, artıq yalnız doğmalarımı itirməkdən qorxuram.

Torpaq və Vətən qorxumuzdan isə biz beş il öncə azad olduq. Məhz 27 Sentyabr qələbəmizin başlanğıcı olsa da, mənim üçün bu dövr də asan keçmədi. Çünki atam birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də könüllü olaraq iştirak etdi. Gecə saat 4-də yola düşəcəyini deyəndə inanmamışdım, bəlkə də inanmaq istəməmişdim. O günlər necə keçdiyini xatırlamaq belə ağırdır. Hər an gələcək bir xəbərə hazır dayanırdıq. Atam hərdən qısa mesaj yazaraq yaxşı olduğunu bildirirdi, hərdən də günlərlə əlaqə kəsilirdi.

O günlərdə mən şəhid analarının, şəhid övladlarının yaşadığı hissləri bir parça da olsa anladım. Müharibənin dəhşəti sözlə ifadə ediləsi deyil. Bəşər tarixi yaranandan bu yana insanlıq onun ağrılarını öz bədənində daşıyır. Müharibə insanlığın ən ağır dərsidir...

Bu gün biz qürurluyuq, sevincliyik. Bütöv Azərbaycan torpaqlarında başımız dik gəzirik. Amma bir tərəfimiz yenə də yaralıdır. Müharibə neçə-neçə ocağı işıqsız qoydu, neçə-neçə ananı göz yaşına qərq etdi. Bəlkə zamanla biz bu dəhşətləri unudaq, amma şəhid valideynləri, şəhid övladları heç vaxt unutmayacaqlar. Biz bir millət olaraq onların yarasına məlhəm ola bilməsək də, hər zaman qəhrəman oğullarımızla qürur duyacağıq.

27 Sentyabr həm acımız, həm də qürurumuzdur. O gün şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın birliyi ilə yazılan tarixdir. Bu tarixdən boylanan acı da, sevinc də bir amalın içindədir. Bu Azərbaycanın birliyi və bütövlüyüdür. Biz itirdiklərimizi unutmadıq, unutmayacağıq, amma qalib millətin övladları kimi daim başı uca gəzəcəyik.

Vətən uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edirik!

Aydan Hacı


Telegram kanalımız
Seçilən
10
1
yenisabah.az

2Mənbələr