AZ

Körpələri öpməzdən əvvəl bir daha düşünün!

Cəmiyyətdə körpə və uşaqları öpmək adətən sevgi ifadəsi kimi qəbul olunur. Amma onların immun sistemi tam inkişaf etmədiyi üçün bu davranış bəzən ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, məsum öpüşlər təhlükəli ola bilər.

Çocuk Sağlığı və Xəstəlikləri mütəxəssisi Dr. Ufuk Ertural bildirib ki, yetkinlərdə sadəcə uçuğa səbəb olan herpes virusu, körpələrdə sürətlə yayıla və ağır fəsadlara yol aça bilər. Bu virus bəzən orqanları zədələyərək daha ciddi xəstəliklərə səbəb olur.

O vurğulayıb ki, insanların körpələri görəndə tez-tez yanaqlarından və ya alnından öpməsi adət halını alıb. Halbuki herpes simpleks virusu (HSV-1) çox yayılmışdır və sadə bir öpüşlə asanlıqla uşaqlara keçə bilər. Əlamətlər görünməsə belə, virus dəri hüceyrələrində gizli qala və yoluxa bilər. Bu səbəbdən “məsum öpüşlər” körpələr üçün gigiyena baxımından risk daşıyır.

Körpələrin immun sistemi zəifdir:

Dr. Ertural qeyd edib ki, ana südü müəyyən qədər qoruma təmin etsə də, həyatın ilk aylarında körpələrin immun sistemi kifayət qədər yetkin olmur. Onların qan-beyin baryeri də tam inkişaf etmədiyi üçün beyin infeksiyaları riski yüksəkdir. Bu vəziyyətdə adi soyuqdəymə, ishal və ya qusma belə ciddi fəsadlara yol aça bilər.

Niyə ehtiyatlı olmalıyıq?

Araşdırmalar göstərir ki, yenidoğan körpələrin bakterial infeksiya riski, böyük uşaqlara və böyüklərə nisbətən daha yüksəkdir. Buna görə valideynlərin, yaxınların və ətrafdakı insanların bu məsələdə daha diqqətli olması vacibdir.

Körpələri öpməzdən əvvəl diqqət ediləcək qaydalar

Soyuqdəymə və ya qrip olarkən körpələri qətiyyən öpməyin. Əgər ağız ətrafında uçuq (HSV-1) varsa, bu körpələr üçün daha təhlükəlidir.

Körpəyə yaxınlaşmadan əvvəl əllərinizi yuyun.

Mütləq öpmək istəsəniz, dodaq, üz və əllərindən deyil, saç və ya kürək bölgəsindən öpməyə üstünlük verin.

Makyajlı və ya parfümlü halda körpənin dəri ilə təmasdan çəkinin.

Körpə və uşaqların bədən sərhədlərinə və iradəsinə hörmət edin – istəmədikləri halda öpməyə məcbur etməyin.

Ailədən olmayan insanların körpəni öpməsinə icazə verilməməlidir.

Sevginizi göstərməyin alternativ yolları var: qucaqlamaq, oyun oynamaq və birlikdə keyfiyyətli vaxt keçirmək.

Unutmayın: Körpələrin sağlamlığı hər şeydən önəmlidir. Sevgi göstərərkən daha diqqətli və şüurlu davranmaq lazımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
12
e-saglam.az

1Mənbələr