AZ

Alkoqolizm: Səbəblər, təsirlər və müalicə yolları

Alkoqol insan orqanizminə həm qısa, həm də uzun müddətli ciddi təsirlər göstərir. O, mərkəzi sinir sisteminə təsir edərək davranışları dəyişdirir, qaraciyər və digər orqanlara zərər verir.

E-saglam.az xəbər verir ki, uzun müddətli istifadəsi isə alkoqolizm və xroniki xəstəliklərə yol açır.

Alkoqol (etanol) qəbuldan bir neçə dəqiqə sonra qana qarışmağa başlayır və orqanizm onu dərhal müxtəlif kimyəvi maddələrə parçalamağa girişir. Bu prosesdə mədə, qaraciyər və bəzi toxumalar iştirak edir. Əsas rol isə qaraciyərə məxsusdur. Qaraciyər “alkoqol dehidrogenaza” adlı ferment vasitəsilə etanolu sirkə aldehidinə (asetaldehid) çevirir. Bu maddə isə çox toksikdir – beyin hüceyrələrinə, qaraciyərə və digər orqanlara zərər vurur. Sonrakı mərhələdə asetaldehid sirkə turşusuna çevrilir ki, bu artıq zərərsizdir və orqanizmdə bir çox kimyəvi reaksiyalarda iştirak edir.

Lakin spirtli içkilərdən sui-istifadə zamanı maddələr mübadiləsi pozulur, orqan və sistemlərin fəaliyyəti tədricən zədələnir və bir-birini gücləndirən patoloji proseslər zənciri başlayır. Bu dairəni qırmaq isə çox çətin, bəzən isə mümkünsüz olur.

Alkoqolizmin səbəbləri aşağıdakılardır:

Mütəxəssislər alkoqolizmin üç əsas səbəb qrupunu ayırırlar:

Fizioloji – əsasən irsi meyillik.

Sosial – cəmiyyət, mühit və həyat tərzi ilə bağlı amillər.

Psixoloji – insanın xarakteri, emosional dayanıqlığı və çətinliklərlə mübarizə bacarığı.

Ümidsizlik, qorxu və narahatlıq çox vaxt insanı içkiyə sövq edir. Bu səbəbdən alkoqolizm sadəcə zərərli vərdiş deyil, kompleks müalicə tələb edən bir xəstəlikdir.

Tarixi yanaşmalar:

Keçmişdə alkoqolizmi məcburi əməyin tətbiq olunduğu müəssisələrdə (LTP) müalicə etməyə çalışırdılar. Dövlət səviyyəsində “qadağa kampaniyaları” da aparılıb, hətta bəzi ölkələrdə (məsələn, Finlandiyada) “quru qanun” uzun müddət qüvvədə olub. Lakin bu metodlar kütləvi alkoqolizmlə mübarizədə uğurlu olmayıb.

Digər tərəfdən, demək olar ki, bütün xalqların öz içki adətləri və qaydaları mövcuddur. Onların əksəriyyəti sərxoşluğu təşviq etməsə də, alkoqolu müəyyən sosial mərasimlərin bir hissəsinə çevirib.

Hazırda inkişaf etmiş ölkələrin yetkin əhalisinin 90 faizindən çoxu spirtli içki qəbul edir, onlardan 20–40 faizi sui-istifadə edir, təxminən 4–5 faizi isə alkoqolizmdən əziyyət çəkir. Bu səbəbdən müasir tibb alkoqolizmi həm xəstəlik, həm də ictimai problem hesab edir.

Opiyanma mərhələləri:

0,04–0,05% – Beyin qabığı fəaliyyətini itirir, insan özünə nəzarəti itirir.

0,1% – Dərin beyin mərkəzləri zədələnir, hərəkətlər koordinasiyasız olur, davranışlarda yersiz sevinc və təlaş yaranır.

0,2% – Emosional davranışı idarə edən sahələr zədələnir, aqressivlik artır.

0,3% – Şüur qalır, lakin insan gördüyünü və eşitdiyini dərk etmir (“spirtli oyanıqlıq”).

0,4% – Şüur itkisi, nizamsız tənəffüs, sidiyin qeyri-ixtiyari ifrazı.

0,6–0,7% – Çox vaxt ölüm.

Spirtli içkiyə aludə olanlarda isə “zapoй” adlanan vəziyyət müşahidə olunur – səhər ayılma üçün içilən spirt axşama qədər davam edir və bu, günlərlə, hətta həftələrlə sürə bilər.

Müalicə və dəstək:

Müasir dövrdə alkoqolizmin müalicəsi ilə məşğul olan ixtisaslaşmış klinikalar və tibbi mərkəzlər mövcuddur. Lakin yalnız tibbi yardım kifayət etmir – xəstənin ailəsi, yaxın çevrəsi dəstək göstərməli, bəzən isə insanın bütün mühiti – iş yeri, yaşayış yeri və ünsiyyət dairəsi dəyişdirilməlidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
16
e-saglam.az

1Mənbələr