AZ

Gözlənilən İsrail-İran müharibəsi ilə bağlı VACİB DETALLAR: Kim birinci hücum edəcək?

Son aylarda İsrailin İran əleyhinə sərt ritorikası beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Təl-Əviv Tehranı hər fürsətdə hədəfə alacağını bəyan edir, İran isə öz növbəsində müqavimət göstərməyə hazır olduğunu bildirir. Regiondakı gərginlik fonunda açıq hərbi toqquşma ehtimalı barədə suallar aktuallaşır.

Mövzunu politoloq Əli Mustafa KONKRET.az-a şərh edib:

Əli Mustafa

Əli Mustafanın sözlərinə görə, İsrail hər fürsətdə “İranı vuracağını” deyir. Hərbi potensialı yetərli olsa, Tehranı növbəti dəfə hədəfə ala bilər:

“Lakin bunun üçün İsrailin ciddi və əsaslandırılmış səbəblərə, məsələn, İranın nüvə fəaliyyətinin kəskin şəkildə genişləndirilməsi və ya zənginləşdirilmiş uranın məhz nüvə silahı istehsalına yönəldiyinə dair etibarlı dəlillərə ehtiyacı var. Hazırda məsələ ətrafında müəyyən bir “qeyri-müəyyən pauza” müşahidə olunur və tərəflər bu sualı dəqiqləşdirməyə çalışırlar”.

Politoloq, İsrailin beynəlxalq müstəvidəki vəziyyətinin də hücum qərarına təsir etdiyini vurğulayıb. Onun qeyd etdiyi kimi, Fələstin məsələsi, Doha görüşlərində baş verənlər və ərəb dünyasında müşahidə olunan yeni mövqelər İsrail üçün əlavə təzyiqlər yaradıb və bu, Təl-Əvivin hərbi addımlarını çətinləşdirən amillərdən biridir:

“Eyni zamanda daxili ictimai rəyin kəskinləşməsi Netanyahu hökumətini “kritik məqamlarda” hərbi əməliyyatla diqqəti yayındırmağa sövq edə bilər bu, mümkün ssenarilərdən biridir”.

Digər tərəfdən, İranın raket arsenalının İsrail üçün dağıdıcı potensiala malik olduğunu xatırladan Əli Mustafa ABŞ-ın mövqeyinin də həlledici olduğunu bildirib:

“Tramp administrasiyasının Netanyahunu dəstəklədiyi vurğulansa da, son görüşlərdə və beynəlxalq konsultasiyalarda ABŞ-ın Yaxın Şərq siyasətində müxtəlif nüansların yarandığına işarə olunub. İranın nüvə proqramı ilə bağlı hansı qərarların veriləcəyi və beynəlxalq sanksiyalara dair mövqelər gələcək gedişatı müəyyən edəcək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
22
2
konkret.az

3Mənbələr