AZ

“Oyunçularımla danışıb onlara izah etdim ki…”

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının VI turunun “Neftçi” – “Karvan Yevlax” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

“Bu gün 44 günlük müharibənin başlamasından 5 il keçir. Bu gün münasibətilə şəhidlərimizə rəhmət, onların ailə üzvləri və yaxınlarına səbr diləyirəm. Oyuna gəldikdə isə, “Neftçi”nin gücü hamıya bəllidir. Buna görə də oyuna ciddi hazırlaşmışdıq, rəqibin əvvəlki turda “Sumqayıt”la keçirdiyi oyunu ciddi təhlil eləmişdik. Çalışdıq ki, mümkün qədər “Neftçi”nin fərdi keyfiyyətlərə sahib olan oyunçularına rahat hərəkət imkanı verməyək, onlara mane olaq. Planlaşdırmışdıq ki, oyunumuzu müdafiədən, əks-hücuma doğru oynayaq.İstəyirdik ki, bu oyundan ən azı bir xal qazanaq. Və bir iki epizod da oldu ki, əks-hücumda rəqibə qol vura bilərdik, amma vurmadıq. Futbolçularımız əzmkar mübarizə apardı. Bu mübarizəyə görə də futbolçularımı təbrik edirəm və “Neftçi”yə gələcək oyunlarda uğurlar arzulayıram”.

-Bir həftə əvvəl “İmişli”dən 3 cavabsız qol buraxan “Karvan Yevlax” bu gün “Neftçi” səfərindən 1 xalla ayrıldı. Deyə bilərik mi ki, “İmişli” Karvan Yevlax” üçün “Neftçi”dən daha çətin rəqibdir?

-Elə deməzdim. Sadəcə üç oyun dalbadal 1-ci hissədə, stardart vəziyyətdən qol buraxdıq. Bu oyuna hazırlıq mərhələsində isə çalışdıq ki, eyni səhvlərə yol verməyək. Onu deməliyəm ki, çempionatda iştirak edən hər komanda ilə oyunda mübarizə aparmalısan ki, xal qazanasan. Yəni, bu futboldur-hər şey ola bilər.

Buna qədərki dövrdə zədəlilərimiz də çox idi və məncə bu xal qazanmağımızın səbəblərindən biri də o oldu ki, biz onların yerini doldurmağı bacardıq. “İmişli” məğlubiyyətindən sonra oyunçularımla danışıb onlara izah etdim ki, başqa komandalar bizə 3 xal kimi baxmasınlar deyə silkələnmək lazımdır. Və şükürlər olsun ki, bu gün də 1 xal qazandıq.

-İmişli” ilə oyuna çıxdığınız heyətlə bu oyundakı heyətiniz arasında ciddi fərq var. Heyətə baxanda görünür ki, müdafiə yönümlü oyunçulara daha çox yer vermisiniz. Yəni, bu oyuna məqsədli şəkildə 1 xal almaq, qol buraxmamaq üçün çıxmışdınız, ya necə?

-“İmişli” ilə oyuna 4lü müdafiə ilə çıxmışdıq ki, hücumda daha çox vaxt keçirək, çoxlu qollar vuraq. Sadəcə gördük ki, belə alınmır, ona görə də bu oyunda 5li müdafiəyə keçdik. Məqsəd güclü müdafiə qurub rəqibi əks-hücumda yaxalamaq idi. Biz müdafiədən oynamağa çalışırdıq ki, bu da gördüyünüz kimi,alındı.

-Elvin Yunuszadənin oynamamağının səbəbi nə idi ? Onu cəzalandırmışdınız?

-Yox, sadəcə əzələsində bir balaca mikrozədə var idi. Ona görə Elvini heyətə yazmadıq ki, o zədə bərpa olunsun ki, o da gələn oyunlarda sağlam şəkildə bizimlə olsun.

Ümumiyyətlə, komandamızda əvəzolunmaz futbolçu yoxdur. Ona görə də Elvinin yerinə İmani Bakirini oyuna buraxdıq və o da əlindən gəldiyi qədər komandaya kömək olmağa çalışdı.

-Uzun müddətdən sonra heəyət qayıdan oyunçulardan biri də Səid İranxan idi. Düzü, Səid oyun boyu olduqca aqressiv görünürdü. Necə düşünürsünüz onun aqressiyası komandaya mənfi təsir edə bilərdimi?

-Məncə, müdafiə yönümlü oyunçular aqressiv, emosional olmalıdır. Futbol xarakter oyunudur. Yəni, mən gözləmirdim ki, o qırmızı ya sarı vərəqə alar. Bu,futbolda olan şeydi. Xülasə, Səidin bu aqressiyasına normal yanaşıram.

– Birinci hissədə “Neftçi”nin təzyiqi yüksək idi. Amma ikinci yarıda bunu görmədik. Fasilədə oyunçularla nə danışdınız?

– İkinci hissədə də təzyiq gözləyirdik. Sadəcə oyunçularımıza təmkinli olmağı, top saxlamağı və əks-hücum qurmağı tapşırmışdıq. Bu da bizdə normal alındı.

– Bəs, Kamran İbrahimovun performansını necə dəyərləndirirsiz?

– Kamran son 3 oyunda 8 top buraxmışdı. Əsas qapıçımız zədəlidir. Ona dedim ki, dəyərlisən, biz sizə inanırıq, ən yaxşı oyununu oynayacaqsan. Kamran 9 il “Neftçi”də olub. Bu gün onun üçün motivasiya idi. Bütün futbolçular 95 dəqiqə sona qədər mübarizə apardılar, inandılar ki, xal qazana bilərik.

Şahlar Ruhi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
futbolpress.az

1Mənbələr