AZ

Kukla Teatrında “İnnab ağacı” tamaşasının premyerası olub

Anım Günü münasibətilə Dövlət Kukla Teatrında iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan yeganə azərbaycanlı Həzi Aslanova ithaf olunmuş “İnnab ağacı” tamaşasının premyerası olub.

XQ xəbər verir ki, nümayişdə əfsanəvi qəhrəmanın ailə üzvləri iştirak edib.

Teatrın sifarişi ilə yazılan əsər İkinci Dünya müharibəsində qələbənin 80, Həzi Aslanovun 115 illiyinə ithaf olunub.

Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında hazırlanan birhissəli kukla tamaşası “qara kabinet” üslubunda qurulub.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.

Musiqi tərtibatlı səhnə əsərində unudulmaz qəhrəmanımızın həyat və döyüş yoluna nəzər salınıb, məktubları və haqqındakı xatirələr əsasında fərqli səhnə işi ərsəyə gətirilib.

Tamaşada qəhrəmanların kukla obrazlarını teatrın aktyorları Rauf Babayev, Lina Məmmədova, Araz Həsənli və İqbal Əliyev yaradıblar.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan təsirli portret-tamaşanın nümayişindən sonra səhnə əsərini dəyərləndirən qəhrəmanımızın nəvəsi - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov belə maraqlı təşəbbüsə və təsirli səhnə işinə görə, teatrın rəhbərliyinə və yaradıcı heyətə təşəkkürünü bildirdi.

Vurğulayıb ki, unudulmaz sərkərdənin həyatına, keçdiyi döyüş yoluna, dolğun və mənalı ömür yoluna fərqli nəzər olan bu kukla tamaşası H. Aslanov irsini yetişən nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Əsərin müəllifi Sevinc Nuruqızı da maraqlı və orijinal səhnə işinə görə təşəkkür edib, teatrın yaradıcı heyətinin tarixi irsimiz və ədəbiyyatımıza layiqincə sahib çıxaraq, zəngin repertuar tərtib etdiyini xatırlatdı.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qüdrətli sərkərdə, görkəmli hərbi xadim Həzi Aslanovun İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətlərinin olduğunu və buna görə də milyonlarla insanın qəlbində özünə əbədi yer tutduğunu bildirib.

Yenilməz sərkərdənin döyüşdə göstərdiyi qəhrəmanlıqların hərb tariximizin ən şanlı səhifələri olduğunu xatırladan direktor uşaq və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda yetişməsi üçün belə nümunələrin repertuarda mütəmadi yer aldığını və “İnnnab ağacı”nın da bu ideyanın davamı olduğunu bildirib.

Seçilən
15
1
xalqqazeti.az

2Mənbələr