AZ

Tramp Ərdoğana rus neftindən imtina təklif etdi - əvəzində isə söz verdi...


Azər Həsrət: “Türkiyənin Rusiya neftindən imtina etməsi müqabilində alternativləri var”

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib ki, Türkiyənin Ukraynadakı müharibəni bitirmək üçün edə biləcəyi ən yaxşı şey Rusiyadan neft və qaz almağı dayandırmaqdır.

Tramp bir neçə dəfə Türkiyənin Rusiyadan neft və qaz alışını dayandırmasını istədiyini bildirib. O, Türkiyəyə tətbiq edilən sanksiyalara ABŞ tərəfinin baxacağını bildirib. Həmçinin, F-35 təyyarələri ilə bağlı məsələnin müzakirə ediləcəyini deyib. Tramp faktiki bununla demək istəyir ki, F-35, F-16 hərbi təyyarələrinin satışı məsələsində razılıq Türkiyənin Rusiyadan neft alışını dayandırmasından asılıdır. Yəni hardasa şərt qoydu ki, bütün bu deyilənlər Türkiyənin Rusiya neftindən imtina etməsindən asılıdır.

Yeri gəlmişkən, Hindistan bəyan edib ki, Rusiyadan neft idxalını dayandırmağa hazırdır. Hindistan tərəfi bildirir ki, bu, yalnız bir şərtlə, ABŞ-ın sanksiya altında olan İran, Venesuela vasitəsilə neft idxalına icazə verməsi ilə mümkün olacaq. Hind rəsmilər bildiriblər ki, eyni anda İran, Rusiya və Venesuela kimi üç neft nəhəngindən idxalı dayandırmaq çətin qərardır. Buna görə də ölkənin nümayəndələri neft idxalına icazə üçün ABŞ-la danışıqlar aparıblar. Göründüyü kimi, hətta Hindistan da ABŞ-ın tətbiq etdiyi tariflərdən xilas olmaq üçün müəyyən şərtlər daxilində Rusiya neftindən imtina etməyə hazır olduğunu bildirir.

Maraqlıdır, Türkiyə Rusiya neftindən imtina edə bilərmi? Ankara buna necə reaksiya verəcək? Türkiyə rus neftindən imtina edərsə, Azərbaycan qardaş ölkənin neftə olan tələbatını ödəyə bilərmi?

Sözügedən məsələ ilə bağlı fikirlərini bakı-xeber.com-la bölüşən siyasi şərhçi Azər Həsrətin bildirir ki, Türkiyənin tərəfdaşı olan ABŞ hansısa təkliflər verə bilər, istəklərini dilə gətirə bilər, amma gərək Ankaranın da istəklərini nəzərə alsınlar: “Yəni Türkiyə Birləşmiş Ştatlardan F-35 qırıcı təyyarələrini almaq istəyir. ABŞ bunu Türkiyə üçün təmin etmirsə, o zaman qardaş ölkə nə etməlidir? Əlbəttə alternativ axtarmalıdır. Yəni alternativ axtarılmaması üçün ABŞ öz bazarını Türkiyə üçün qeyd-şərtsiz açmalıdır. Türkiyə hər cür imkanlardan rahat istifadə edə bilməlidir. Bu, bir. İkincisi, Birləşmiş Ştatlar Ukraynada müharibəni dayandırmaq istəyirsə, hamıdan əvvəl öz mövqeyini sərt şəkildə dilə gətirməlidir. Yoxsa mən yaxşı oğlan olub burda dayanım, siz Rusiyaya qarşı münasibətləri sərtləşdirin qoy müharibəni dayandırsın. Belə olmur. Hamıdan öndə ABŞ Rusiyanı sıxışdırmalıdır. İkili oyunları artıq bitirmək lazımdır. Trampın Putin haqqında xoş sözlərini hər halda biz unutmamışıq. Düzdür, son günlər Tramp Rusiya ilə bağlı ritorikasını sərtləşdirib. O cümlədən, Tramp dedi ki, NATO da ABŞ-la birlikdə bu işə kömək etməlidir. Lakin Tramp xeyli gecikib. O mənada ki, Tramp bunu ilk gündən deməli idi və bu yöndə fəaliyyət göstərməli idi. Hesab edirəm ki, Türkiyənin Rusiyadan neft alıb-almaması məsələsi ABŞ-ın mövqeyindən çox asılıdır. ABŞ dəqiq, qəti mövqe sərgiləsə nəinki Türkiyə, başqa dövlətlər də artıq birmənalı olaraq işğalçı, təcavüzkar Rusiyaya qarşı sərt mövqedən çıxış edə bilərlər. O cümlədən də Hindistan. Hindistan ona görə belə narahatdır ki, ABŞ-ın tətbiq etdiyi rüsumlar bu ölkənin iqtisadiyyatına ciddi zərər vuracaq. İndiki şəraitdə Rusiya Hindistanı öz tərəfinə çəkə bilib. Hindistan sanksiyalara qoşulmur, bunun əvəzində Rusiyadan ucuz neft alır. Ancaq belə görünür ki, Hindistan bəzi şərtlər müqabilində geri addım atmaq istəyir. Türkiyənin Rusiya neftindən imtina etməsi müqabilində alternativləri var. Özü də bir yox, bir neçədir. Azərbaycan, İraq nefti hesabına tələbatını ödəyə bilər. Həmçinin, Qazaxıstanın, Türkmənistanın neft-qazının Avropaya yolu açılıb artıq. Söhbət Türkiyə üzərindən ixracdan gedir. Fikrimcə, Türkiyə bu ölkələrin enerji resurslarından da istifadə edə bilər. Bir sözlə, Türkiyə üçün alternativlər az deyil”.

Vidadi ORDAHALLI

Seçilən
30
baki-xeber.com

1Mənbələr