AZ

Azərbaycan seçimini edib: sülh, əmin-amanlıq, inkişaf

İndi söz gor qonşumuzundur!

Sanki hər şey acılı-şirinli bir nağıl imiş. Mayası həqiqət, gerçək olan bir həyat hekayəsi. Alnının tərinə, əlinin zəhmətinə güvənən, çörəyini halallıqla qazanan qədim bir elin çox namərd və nankor qonşuları varmış. Sığındıqları elin süfrəsindən hər zaman qarın doyursalar da, şüurlarına hopmuş xislətin diktəsi ilə fürsət yaranan kimi xəyanətlər edir, qırğınlar törədir, günahsız insanları, sadəcə, azərbaycanlı olduqlarına görə qətlə yetirirdilər. 

Tarixin qanlı səhifələri kimi yaddaşlara əbədi həkk olunan Bakı, Şamaxı, Quba, Qarabağ… qırğınlarının dəyişməyən müəllifləri məhz ermənilərdir. Azərbaycanın ən gözəl təbiəti, təmiz havası, saf suyu olan dağlıq ərazilərində məskunlaşdırılan, uzun illər dövlətimizin sosial-iqtisadi imkanlarından gen-bol bəhrələnən ermənilər o həddə qudurdular ki, Qarabağı Azərbaycandan qoparıb "müstəqil dövlət" qurmaq niyyətinə düşdülər. Havadarlarının köməyi ilə silahlanıb müharibəyə başladılar. Kəndlərimiz, şəhərlərimiz odlara qalanıb viran qoyuldu, cənnət Qarabağda, Şərqi Zəngəzurda daş üstdə daş qalmadı. Bir milyon soydaşımız isti ocağından, doğma ev-eşiyindən perik salındı. Azərbaycanın bütün bölgələrinə məcbur köçkün etiketli soydaşlarımız səpələndilər. 30 il qaçqın qəsəbələrində, çadır düşərgələrində, yük vaqonlarında, torpaq daxmalarda məskunlaşan insanlar ağır məhrumiyyətlər yaşadılar, zillət çəkdilər. 

Zülmün də bir sonu, səbrin də bir həddi olur. İntiqam üçün 30 il gözləməli olduq. Əlbəttə, xəyallar qurub mürgüləmədik. Bu illər ərzində xalq-dövlət-ordu birliyi formalaşdı. Dövlət modern ordu quruculuğunda arzu olunan hədəflərə çatmaq üçün heyrətamiz uğurları gerçəkləşdirdi. Azərbaycan Silahlı Qüvvələri NATO standartları səviyyəsinə çatdırıldı. Zərgər dəqiqliyi ilə seçilən taktika və strategiya verilən qərarın, atılan addımın qələbəylə sonuclanacağını təmin etdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı Ilham Əliyev Azərbaycan əsgərinin hünərinə, xalqın ona olan sonsuz inamına, yenilməz etibarına güvənib hücum əmri verəndə bu anı səbirsizliklə gözləyən milyonlarla soydaşımızın ürəyi eyni ritmlə döyünürdü. Ordu da, xalq da, ordu-xalq birliyinin fövqündə dayanan Müzəffər Ali Baş Komandan İlham Əliyev də Qələbəyə köklənmişdilər, Zəfərə qanadlanmışdılar.

Cəmi 44 gün davam edən bu müqəddəs savaşın zəfər dolu hər günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Şanlı Azərbaycan Ordusu Qarabağı, Şərqi Zəngəzuru 30 ilin işğalından azad etdi. Darmadağın edilən düşmən ordusuna təslim olmaqdan başqa yol qoyulmadı. Sinəsinə çalın-çarpaz dağlar çəkilən yaralı torpaqlarımızın, sinəsini düşmən gülləsinə sipər edən şəhidlərimizin, Qarabağ həsrətiylə ömrə əlvida edən soydaşlarımızın, ruhlar diyarına çevrilmiş kəndlərimizin, şəhərlərimizin dağıdılıb yerlə yeksan edilən tarixi abidələrimizin, düşmənin donuz saxladığı məscidlərimizin, itirdiyimiz hər şeyin qisasını layiqincə aldıq. Əyilən qamətimiz düzəldi, illərin xəcalət yükündən xilas olduq. Şükr olsun Yaradana! İndi çox qürurluyuq! 

Yaxın keçmişdə "Qarabağ Ermənistandır. Nöqtə" deyən düşmənə "Qarabağ Azərbaycandır. Nida işarəsi" cavabını verən Prezident İlham Əliyev həmişə olduğu kimi, yenə də sözünə sahib çıxdı, Qarabağı düşmən caynağından qoparıb Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Dünən döyüş meydanında, müqəddəs savaşda tarixi Zəfər qazanan, vətən sevdalı ürəklərdə xilaskar heykəlini ucaldan Müzəffər Ali Baş Komandan bu gün müharibənin xarabalıqları üzərində yeni qurulan, yüksək zövqlə bərpa edilən Qarabağın və Şərqi Zəngəzurun baş memarıdır. Prezident iş qrafikinin gərginliyinə baxmayaraq, vaxtaşırı bu ərazilərə səfər edir, aparılan tikinti, bərpa-quruculuq işləri ilə tanış olur, dəyərli və faydalı məsləhətlər verir. Dövlətin qayğısı ilə indi Qarabağda, Şərqi Zəngəzurda xarüqələr yaradılır, xəyallar gerçəkləşir. Laçın öz gözəlliyi ilə "dağ mirvarisi"nə çevrilib. Şuşada beynəlxalq tədbirlər keçirilməsi artıq ənənə halı alıb. Xankəndi sürətlə, həm də zövqlə yenidən qurulur. Xocalıya, Cəbrayıla, Kəlbəcərə normal həyat qayıdır, kənd və şəhərlərə dönüş gündən-günə sürətlənir.

Əlbəttə, bütün bunlar çox yaxşıdır, könül xoşluğudur, yüksək əhvali-ruhiyyədir. Böyük inşaat meydanına çevrilmiş Qarabağda və Şərqi Zəngəzurda tikinti, bərpa, quruculuq işləri bir gün də səngimir və bütün bu işlər Prezidentin şəxsi nəzarətindədir. Çəkilən yollar Avropa standartlarından da üstündür. Artıq Ağdama sürət qatarı işləyir. Füzuli və Laçın hava limanları xarici qonaqları qəbul edir. Yeni layihəyə əsasən, Ağdam möhtəşəm bir şəhər olacaq. Murov dağı dəlib keçən, Kəlbəcərə gedən yolu yaxınlaşdıran, dünyanın ən möhtəşəm layihələri ilə müqayisə edilən 11 kilometrlik tunel tikintisi başa çatmaq üzrədir. İşğaldan azad edilmiş ərazilərdə inşa edilən yeni fabrik və zavodlar, böyük ərazilərdə salınmış meyvə bağları, aqroparklar Qarabağın və Şərqi Zəngəzurun iqtisadi potensialını artırır.

Ürəkaçan, könüloxşayan möhtəşəm quruculuq işləri hesabına yaxın gələcəkdə regionda həyat firavanlığının, xoş güzəranın təmin olunacağına ümidlər böyükdür. Gündən-günə vüsət alan bu proses hər kəsdə məmnunluq doğurur. Amma bugünkü narahat dünyamızda baş verən təhlükələrdən heç kim və heç bir ölkə sığortalanmayıb. Odur ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin əsas hədəfi Azərbaycanın təhlükəsizliyini təmin etməkdir. Biz müharibənin ağrı-acılarını yaşamışıq. Kəndlərimiz, şəhərlərimiz bombalanıb. Övladlarımız şəhid olub, mülki vətəndaşlarımız öldürülüb. Çox şey itirmişik. İndi gündəm dəyişib. Dayanıqlı və etibarlı sülh ən doğru yoldur. Arxada qalan, artıq tarixə çevrilən müharibədə kim nə qazandı?

 Bu savaşda biz də, ermənilər də çox şey itirdik. Min bir zəhmətlə tikib-qurduğumuz yurd-yuvamız dağıldı. Onlar da uzun illər boyu yaşadıqları evlərini qoyub getməli oldular. Boyunu sevə-sevə böyütdüyümüz oğulları, onlar da itirdi, biz də. İtirdiklərimizi sadalasaq, böyük bir siyahı alınar. Biz qalib dövlətik. Barış üçün ağır şərtlər də qoya bilərdik. Amma sülh naminə, xalqımızın humanist xarakteri naminə bunu etmədik. Əmin-amanlıq olsun deyə etmədik. İndi dünyanın fövqəldövləti ABŞ-nin vasitəçiliyi ilə sülhün bir addımlığına gəlib çıxmışıq. Təəssüf ki, bu həssas məqamda da erməni revanşistləri, Ermənistanın keçmiş dövlət başçıları sərsəm sayıqlamalar edirlər. Qarabağı müharibə yolu ilə qaytarmağa çağırışlar səsləndirirlər. Amma unudurlar ki, onların "qatar"ı çoxdan gedib, havadarları da indi öz canı hayındadır. "Dəmir yumruq" isə yerindədir.

Fikirlərimizi son günlərin xoş bir təəssüratı ilə yekunlaşdırmaq istərdik. Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə böyük önəm verərək Azərbaycan Prezidenti İlham Əliyevə müraciətlə dedi: "Mən sizə təşəkkür etmək istəyirəm, dostum… Mən sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız".

Şərhə ehtiyac varmı? İndi seçim sizindir, gor qonşularımız: sülhmü istəyirsiniz, yoxsa savaşmı?

Lazım QULİYEV,

"Azərbaycan"

Seçilən
31
azerbaijan-news.az

1Mənbələr