AZ

İranda hicab məsələsi gündəmdən çıxmır

Prezident Pezeşkian isə cəmiyyətə fərdi azadlıq mesajları verir

İran İslam Respublikasında qadınların hicab taxmaları həm dini ənənələrin, həm də dövlət qanunvericiliyinin tələbi kimi formalaşıb. Lakin bu qaydanın məcburi xarakter daşıması bəzən ictimai müzakirələrə səbəb olur. Xüsusilə böyük şəhərlərdə gənc nəsil arasında fərqli geyim tərzinə meylin artması bu məsələdə müxtəlif baxışların olduğunu göstərir. Bəzi qadınlar hicabı dini dəyərlərə hörmət əlaməti sayaraq könüllü qəbul etsə də, digərləri bunu şəxsi seçim azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir. Bu fərqli münasibətlər cəmiyyətdə sosial və mədəni dinamikanı gücləndirir. Rəsmi dairələr isə hicabla bağlı qaydaların qorunmasının vacibliyini önə çəkir. Beləliklə, hicab məsələsi İranda həm fərdi azadlıq, həm də dini və hüquqi qaydaların tarazlığını əks etdirən mühüm müzakirə mövzusuna çevrilib.

Bu günlərdə İran Prezidenti Məsud Pezeşkian da məsələyə münasibətini açıqlayıb. O, “NBC News” telekanalına müsahibəsində qadınların məcburi hicab taxmalarına qarşı olduğunu bildirib. Pezeşkian cümə günü “NBC axşam xəbərləri” proqramının aparıcısı Tom Llamasa müsahibəsində üç il əvvəl İranın əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölümü geniş etirazlara səbəb olmuş Məhsa Amini ilə bağlı sualı cavablandırarkən deyib: “İnsanların seçim hüququ var. Biz daxili problemlərimizi düzgün idarə etmədik və onların həllini həyata keçirmədik”.

O, həmçinin dünyanın qalan hissəsinin həmin etirazlar zamanı vəziyyəti nəzarətdən çıxacaq şəkildə qarışdırdığını söyləyib: “Əlbəttə, hər bir insan həyatı dəyərlidir. Ancaq Livanda, Qəzzada və Fələstinin bütün ərazisində, Yəməndə və Suriyada hər gün yüzlərlə insan ölür və heç kim gözünü qırpmır. Niyə? Onlar insan varlığından aşağıdırlar?”

Qeyd edilib ki, müsahibə dövlət tərcüməçisinin iştirakı ilə aparılıb. Tərcüməçi müsahibəni real vaxt rejimində tərcümə edib. “NBC News”un tərcüməni müstəqil şəkildə analiz etdiyi vurğulanır.

İran Prezidentinin qadınların məcburi hicab geyinməsinə dair ABŞ-ın dünyaca məşhur telekanalına verdiyi açıqlama ölkənin ictimai-siyasi həyatında diqqətçəkən hadisə kimi qiymətləndirilir. Onun “insanların seçim hüququ var” fikri həm İranda, həm də beynəlxalq müstəvidə müəyyən rezonans doğurub. Bu mövqe ilk növbədə, İran cəmiyyətində uzun illərdir müzakirə olunan hicab məsələsini yalnız dini çərçivədə deyil, insan hüquqları kontekstində də gündəmə gətirir.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında 23 yaşlı Məhsa Amininin əxlaq polisi tərəfindən Tehranda saxlanıldıqdan sonra ölümü qadınların geyim azadlığı ilə bağlı bütün İran ərazisində geniş etirazların başlanmasına səbəb olmuşdu. Həmin vaxtdan bəri hicab məsələsi İran daxilində mühafizəkar və islahatçı siyasi qüvvələr arasında fikir ayrılıqlarını daha da kəskinləşdirib. Məlumdur ki, M.Pezeşkian islahatçı qanadı təmsil edir və onun son çıxışı bu mübahisələrdə yeni mərhələnin siqnalı kimi dəyərləndirilə bilər. O, məsələyə radikal yanaşmadan uzaq, lakin vətəndaşların fərdi seçim hüququnu nəzərə alan yumşaq mövqe sərgiləyib. Bu yanaşma İran daxilində bütövlükdə, islahatçı qüvvələrin mövqeyini ifadəsi sayıla bilər. Bununla belə, ölkədə güclü təsirə malik mühafizəkar dairələr qadınların hicab taxmasının dini dəyərlərin qorunması və ictimai qayda baxımından vacib olduğunu müdafiə edirlər. İctimai müzakirələrdə iki mövqenin toqquşması, əslində, İran cəmiyyətinin modernləşmə meyilləri ilə dərin dini ənənələri arasında tarazlıq axtarışının göstəricisidir.

M.Pezeşkianın “daxili problemlərimizi düzgün idarə etmədik” sözləri həm də son illər ölkənin siyasi rəhbərliyinin etirazlar və sosial gərginliklərə münasibətdə buraxdığı boşluqların etirafı kimi görünür. Bu, ictimai narazılığın səbəblərinin təkcə xarici müdaxilələrlə deyil, daxili idarəetmədəki problemlərlə bağlı olduğunu göstərir. Digər tərəfdən, Pezeşkianın Livan, Qəzza, Yəmən və Suriyada yaşanan faciələrə toxunması Qərb dünyasının insan hüquqlarına münasibətdə selektiv davranışını tənqid kimi səslənir. Bu açıqlama onun həm beynəlxalq ədalətsizliklərə diqqət çəkdiyini, həm də İranın daxili məsələlərinə daha humanist yanaşma sərgiləmək istədiyini ortaya qoyur.

Əlbəttə, İran Prezidentinin mövqeyini radikal dəyişiklik kimi qiymətləndirmək doğru olmaz. O, mövcud qaydaların tamamilə ləğvini deyil, vətəndaşların fərdi seçim hüququna hörmətin artırılmasını önə çəkir. Bu isə ölkədə uzun illərdir davam edən ənənəvi dini qaydalarla müasir ictimai tələblər arasında kompromis axtarışını göstərir. Hicab məsələsinin insan hüquqları baxımından gündəmə gətirilməsi, hər halda, İranda sosial mühitin yumşaldılmasına, fərqli düşüncələr arasında dialoqun güclənməsinə xidmət edə bilər.

***

Onu da bildirək ki, M.Pezeşkian prezident kimi and içərək vəzifəsinin icrasına başladığı 2024-cü il iyulun 30-dan etibarən hicab məsələsi, ümumiyyətlə İranda insan hüquqlarına dair pozitiv fikirlər səsləndirib. Məsələn, o, ötən il bildirmişdi ki, əxlaq polisi qadınları məcburi hicab taxmaları üçün bir daha təqib etməyəcək. Ancaq maraqlıdır ki, əxlaq polisinin hicabsız qadınları küçələrdə sıxışdırmasını qadağan etmək İran Prezidentnin səlahiyyətindən kənardadır. Bu baxımdan qadınların İranın şəhər və kəndlərinin küçələrində başlarını örtmədən sərbəst və problemsiz gəzə biləcəkləri inandırıcı görünmür. Təsadüfi deyil ki, prezidentin bəyanatlarından dərhal sonra Ali Məhkəmənin sədri Məhəmməd Cəfər Müntəziri Pezeşkianın əxlaq polisi ilə bağlı fikirlərini tənqid etmişdi. Müntəziri prezidentin mətbuat konfransında İslam dəyərlərinə və hicab qanunlarına uyğun olmayan geyimdə bir qadının göründüyünü və Pezeşkianın ona deyil, əxlaq polisinə xəbərdarlıq etdiyini söyləmişdi. Ancaq burada bir məqamı da qeyd etmək lazımdır. Son illərdə İranda bir çox məsələlərdə vəziyyət xeyli yüngülləşib. Küçələrdə çoxlarının hicab taxmaq qaydalarına əməl etmədiklərini görmək olar və buna görə heç kim həbs olunmur. Əxlaq polisi bəzən hicabsız müəyyən qızları seçib incidir, lakin onlar müqavimət göstərirlər. Yəni, bu kimi hallar artıq İran cəmiyyətinin reallığıdır.

Ümumilikdə, Pezeşkianın açıqlaması onun islahat yönümlü xəttinə işarədir. Bu, ölkənin daxili sabitliyinə, həmçinin beynəlxalq imicinə müsbət təsir göstərə biləcək addım kimi dəyərləndirilir. İranın gələcək siyasi kursunda mühafizəkarlarla islahatçılar arasında kompromisin nə dərəcədə mümkün olacağı isə hələ açıq qalır. Hər halda, yeni prezidentin insan hüquqları mövzusuna diqqət yetirməsi, məcburi hicab siyasətinin yumşaldılması barədə mesajlar verməsi İranda tədrici sosial dəyişikliklər üçün müəyyən ümidlər doğurur.

Səxavət HƏMİD
XQ

Seçilən
21
1
xalqqazeti.az

2Mənbələr