AZ

Malayziyada şəhidlərimizin xatirəsi anılıb

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərindəki Yunus Əmrə İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş mərasim keçirilib.

Ölkəmizin Malayziyadakı səfirliyindən “İki sahil”ə bildiriblər ki, Azərbaycan və türk icması üzvlərinin iştirak etdikləri tədbirdə əvvəlcə dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.

Səfir İrfan Davudov 27 sentyabr tarixinin xalqımızın qəhrəmanlıq tarixində mühüm yer tutduğunu, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsinin daim yaşadılacağını və onların hər zaman yüksək ehtiramla yad ediləcəyini vurğulayıb. O bildirib ki, 44 günlük Vətən müharibəsinin başlanğıc tarixi olan həmin gün Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğala son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlayıb. Azərbaycan xalqının birliyi, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun şücaəti ilə ərazi bütövlüyümüzün bərpası təmin edilib.

Səfir, həmçinin qeyd edib ki, bu il avqustun 8-də Vaşinqtonda əldə olunmuş sülh razılaşması Azərbaycanın sülh təşəbbüsü irəli sürən və sülh prinsiplərini təşviq edən dövlət kimi tanınmasını, sülh üçün də mübarizə apardığını bir daha göstərib.

Türkiyənin Malayziyadakı səfiri Emir Salim Yüksel 27 sentyabr tarixinin qürur günü, Azərbaycanın birlik və toxunulmazlıq rəmzi olduğunu qeyd edərək, 44 günlük Vətən müharibəsindəki Zəfərin təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün tarixi hadisəyə çevrildiyini vurğulayıb.

Tədbirdə 44 günlük Vətən müharibəsinə və antiterror əməliyyatına dair videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, 27 Sentyabr – Anım günü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Malayziyanın ən böyük və tarixi məscidlərindən olan Kuala Lumpur Böyük Federal ərazi məscidində qılınan cümə namazı zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, məscidin imamı Camal bin Abdul Halim şəhidlərimizə dair xütbə oxuyub, dualar səsləndirilib.

Seçilən
12
1
ikisahil.az

2Mənbələr