AZ

10 manatlıq şirkət 298 min manatlıq müsabiqədə qalib oldu – adı və rəhbərliyi bir neçə dəfə dəyişib

Tikilməkdə olan obyektlərin Müdiriyyəti “Sağlam məhəllə” layihəsi çərçivəsində 3 rayonda açıq meydançaların tikintisi və avadanlıqlarla təchizatı işlərinin satın alınması üzrə tenderin nəticələrini açıqlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə 297.733,33 manat dəyərində müqavilə bağlanacağı gözlənilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “OMAR NN GROUP” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi Namiq Ömərov Nüsrət oğludur.

Əldə etdiyimiz məlumata görə, şirkət fəaliyyətə 2009-cu ildə “İNŞAAT-İ” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə başlayıb. Həmin dövrdə qanuni təmsilçi Quliyev Nəcəf Yaqub oğlu olub. 2011-ci ildə rəhbərlik dəyişərək Əhmədov İman Rəvan oğluna, 2019-cu ildən isə Namiq Ömərov Nüsrət oğluna keçib.

2025-ci il sentyabrın 26-dan etibarən şirkətin adı dəyişdirilərək “OMAR NN GROUP” MMC olub.

Beləliklə, bu şirkət bir neçə dəfə ad və rəhbərlik dəyişikliyi ilə diqqət çəkir.

Seçilən
49
nocomment.az

1Mənbələr