AZ

Bir milyon illik sirr: Çində tapılan kəllə insan tarixini yenidən yazır...

Yeni tədqiqat Homo sapiens-in düşündüyümüzdən yüz minlərlə il əvvəl mövcud ola biləcəyini göstərir...

Poliqon xəbər verir ki, Çinin Hubey əyalətində 1990-cı ildə aşkarlanan və Yunxian 2 adlandırılan kəllənin rəqəmsal rekonstruksiyası insan təkamülü barədə təsəvvürləri dəyişə bilər.

Uzun illər Homo erectus-a aid edilən bu fosil üzərində aparılan yeni araşdırma, onun Homo longi (“Əjdaha Adamı”) və hətta Homo sapiens ilə yaxın qohum olan bir xəttə mənsub ola biləcəyini irəli sürür. Bu nəticə müasir insanın ən yaxın əcdadlarının təxminən 400 min il daha əvvəl meydana çıxdığını göstərə bilər.

London Təbiət Tarixi Muzeyinin antropoloqu Kris Strinqer bildirib ki, kəşf insan təkamülü barədə mövcud təsəvvürləri alt-üst edir: “Bir milyon il əvvəl artıq əcdadlarımızın müxtəlif qruplara ayrıldığını görürük. Bu isə təkamülün düşündüyümüzdən daha erkən və mürəkkəb şəkildə baş verdiyini göstərir”.

Araşdırmada alimlər kompüter tomoqrafiyası (KT), strukturlaşdırılmış işıq modelləşdirilməsi və rəqəmsal rekonstruksiya kimi müasir texnologiyalardan istifadə ediblər. Fudan Universitetindən professor Siczün Ni qeyd edib ki, komanda nəticələrin inandırıcı olduğuna əmin olmaq üçün modelləri dəfələrlə yoxlayıb: “Çünki əldə etdiyimiz faktlar demək olar ki, inanılmaz görünürdü”.

Elm adamlarının qənaətinə görə, Yunxian 2 Homo longi və bəlkə də Homo sapiens-in erkən qohumlarının nümayəndəsi ola bilər. Bu, uzun müddət mövcud olmuş “insanların yalnız Afrikada təkamül etməsi” nəzəriyyəsinə də ciddi suallar yaradır.

Avstraliya İnsan Təkamülü Mərkəzindən professor Maykl Petraqlia qeyd edib ki, bu kəşf Asiyanın insanın miqrasiyası və təkamülündə düşündüyümüzdən daha mühüm rol oynadığını göstərir. Yunxian 2 bir milyon ilə 300 min il əvvəl mövcud olmuş müxtəlif insan xətlərini aydınlaşdırmağa kömək edir. Tapıntılar Homo sapiens, neandertallar və digər qohum növlərin Asiyada uzun müddət yanaşı yaşaya və hətta qarışa biləcəyini göstərir.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr