AZ

“Rusiya onilliklərdir NATO ölkələrinin hava məkanını cəzasız şəkildə pozur” – The Economist

The Economist nəşri yazır ki, Rusiya onilliklər ərzində vaxtaşırı NATO müttəfiqlərinin hava məkanını pozur. Lakin Qərb rəsmilərinin sözlərinə görə, son bir ildə bu cür pozuntuların sayı təxminən iki dəfə artıb.

Nəşr vurğulayır ki, Estoniya hava məkanının sonuncu pozulması son 20 ilin ən ciddi insidentidir. Bundan əlavə, Polşaya qarşı həyata keçirilən dron hücumu alyansın 76 illik tarixində hava məkanının ən böyük pozuntusu hesab olunur.

Maraqlıdır ki, 2025-ci ilə qədər NATO yalnız 7 dəfə Alyansın 4-cü maddəsini – 32 üzv dövlət arasında məsləhətləşmələr aparılmasını nəzərdə tutan proseduru – tətbiq etmişdi. Son iki həftə ərzində bu maddə artıq iki dəfə işə salınıb: əvvəl Polşa, sonra isə Estoniya tərəfindən.

19 sentyabr insidenti: 3 Rusiya təyyarəsi radiobağlantıya çıxmadan uçuşunu davam etdirdi

Hadisə zamanı İtaliya, Finlandiya və İsveç Rusiya təyyarələrini müşayiət etmək üçün qırıcılarını havaya qaldırıb. Lakin Rusiya təyyarələri kurslarını dəyişməyib və əlaqə yaratmağa cəhd etməyiblər.

İnsidentlərin bir çoxu isə dronlarla bağlıdır. Məsələn, 22 sentyabrda Kopenhagendə və Oslo hava limanlarında naməlum PUA-ların hava məkanında görünməsi səbəbilə müvəqqəti bağlanma halları yaşanıb.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bu barədə belə deyib:

“Şübhə yoxdur ki, burada peşəkar bir aktorun əli var. Mən bunu hibrid hücum adlandırardım.”

Rusiya provokasiyalarını niyə artırıb? Qərb konkret səbəbi bilmir

Qərb rəsmiləri Rusiyanın bu provokasiyaları niyə artırdığını dəqiq bilmirlər. Bəzi NATO üzvləri düşünür ki, Polşa və Estoniyadakı insidentlər Rusiyanın səhlənkarlığı nəticəsində təsadüfi baş verib. Lakin Polşa bu fikirlə razı deyil və məsələni çox ciddi qəbul edir.

Son dörd ilə yaxındır ki, Rusiya Ukraynaya qarşı tammiqyaslı müharibə aparır və bu müddət ərzində Avropanı qorxudaraq Ukraynaya hərbi yardımını azaltmağa məcbur etməyə çalışıb. Amma The Economist yazır ki, Putin bu məqsədinə nail ola bilməyib.

Rusiya ABŞ ilə Avropanı bir-birinə qarşı qoymağa çalışır

Nəşrin fikrincə, Kreml son provokasiyalarla Avropa və ABŞ arasında gərginlik yaratmaq, eyni zamanda NATO daxilində parçalanma yaratmaq məqsədi güdür. Belə hücumlar Avropanın öz hava məkanını qoruya bilmədiyi görüntüsünü yaradır və ictimaiyyətin öz hökumətlərinə olan etimadını sarsıdır.

Məqalədə vurğulanır ki, bu hadisələr ABŞ Prezidenti Donald Trampın böhran dövründə Avropa müttəfiqlərini dəstəkləməkdə istəksiz olduğunu da ortaya qoyur. Bundan əlavə, Avropa daxilində belə təxribatlara qarşı hansı tədbirlərin görülməsi barədə vahid mövqe yoxdur.

Bəzi komandirlər hələ də atəş açmağa səlahiyyətli deyil

Məsələn, İsveç Hərbi Hava Qüvvələrinin rəhbəri, general-mayor Yonas Vikman bildirib ki, lazım gəlsə belə, onun Rusiya təyyarəsini vurmaq səlahiyyəti yoxdur.

Vikman qeyd edib ki, Estoniyada baş verən insident zamanı Rusiya təyyarələrinin “hava-hava” raketləri ilə silahlandığı müəyyən edilsə də, onlar yerüstü obyektlər üçün birbaşa təhlükə yaratmırdı.

Rusiya təyyarəsini vurmaq alyansda böhran yaradarmı?

Kağız üzərində hər bir NATO ölkəsi öz hava məkanında istənilən təyyarəni vurmaq hüququna malikdir. Lakin qorxu ondadır ki, əgər belə bir addım Rusiyanın eskalasiyasına səbəb olsa və ABŞ (Tramp rəhbərliyində) geri çəkilsə, onda Avropa daxilində həmin ölkəyə dəstək verilib-verilməməsi ilə bağlı parçalanma yarana bilər.

The Economist yazır ki, bu səbəbdən bütün NATO üzvləri mövcud status-kvonun artıq davamlı olmadığını qəbul edir.

Macarıstanın Baş naziri Viktor Orban Brüsselin Avropa İttifaqını Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşdırdığını bildirmişdi. Orbanın sözlərinə görə, Brüssel “Rusiya üzərində qalib gəlmək” məqsədini qarşıya qoyub və bunun üçün hər bir Avropa vətəndaşı, şirkət və ölkə bu məqsədə xidmət etməlidir. Macarıstan isə bu yolda iştirak etmək istəmir.

Bundan əlavə, “PUA divarı” layihəsi çərçivəsində Avropanın şərq cinahındakı ölkələr çoxmərhələli hava hücumundan müdafiə sistemi hazırlayır. Bu sistem sayəsində dronlar erkən mərhələdə aşkarlanıb məhv ediləcək. Layihədə Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstan, həmçinin Ukrayna iştirak edir. Ukrayna bu sistemdən faydalanmasa da, PUA-ların məhv edilməsi sahəsində ən böyük təcrübəyə malik ölkədir.

Seçilən
12
veteninfo.az

1Mənbələr