AZ

Azərbaycan Cüdo Federasiyası yeni strateji mərhələyə start verir

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkəmizdə bu idman növünün inkişafı istiqamətində yeni strateji mərhələyə qədəm qoyur. Cüdo Federasiyasından SİA-ya verilən məlumata görə, yeni mərhələ “Özünü kəşf et” sloqanı ilə təqdim olunur və cüdonun yalnız döyüş idmanı deyil, eyni zamanda hörmət, özünüinkişaf və şəxsiyyət formalaşdıran bir imkan kimi dəyərləndirilməsini hədəfləyir.

Federasiyanın əsas məqsədi cüdonu qadınlar, kişilər, uşaqlar və gənclər də daxil olmaqla bütün insanlar üçün əlçatan və maraqlı etməkdir. Bu yanaşma həm ölkədə cüdonun populyarlığının artmasına, həm də yeni istedadların üzə çıxarılmasına xidmət edəcək. Strategiyanın mərkəzində cüdonun dəyərlərinin geniş kütləyə çatdırılması və sağlam həyat tərzinin təşviqi dayanır.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu yeni mərhələ ilə bağlı bunları deyib: “İdmanla məşğul olmaq yaşdan asılı olmayaraq fiziki və mental sağlam qalmağın ən vacib yoludur. Yeni strategiyamızın əsas məqsədi "Özünü kəşf et" sloqanı ilə yeni təşəbbüslərimizi həyata keçirmək və cüdo dəyərlərini cəmiyyətimizə daha da yaxınlaşdırmaqdır. İnanırıq ki, tatamidə formalaşan iradə və intizam Azərbaycanın güclü gələcəyinə öz töhfəsini verəcək".

Yeni strategiya çərçivəsində məktəblərdə və regionlarda uşaqlar və gənclər üçün daha geniş imkanların yaradılması, qızların idmana cəlb olunmasına yönəlmiş xüsusi proqramların icrası, ailələrin və ictimaiyyətin cüdoya marağını artıracaq açıq tədbirlərin təşkili nəzərdə tutulur. Bütün bu fəaliyyətlər cüdonun əsas fəlsəfəsi — hörmət və özünüinkişaf prinsiplərinə əsaslanan vahid kommunikasiya xətti ilə həyata keçiriləcək.

Federasiya, həmçinin yeni yaradılmış sosial media hesabı vasitəsilə (https://www.instagram.com/judoazerbaijan) strategiyanın əsas istiqamətləri, sosial proqramlar, uşaqlar, gənclər və valideynlərə yönəlmiş təşəbbüslər barədə mütəmadi məlumat paylaşacaq. Bununla yanaşı, cüdonun dəyərləri, idmana yeni başlayanların inkişaf mərhələləri və gündəlik hekayələr də ictimaiyyətə təqdim ediləcək.

Seçilən
19
7
sia.az

9Mənbələr