AZ

Bakı Dövlət Universiteti 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

Bakı Dövlət Universitetinin (BDU) doktorant və tələbələrindən ibarət heyət 29 sentyabr – 3 oktyabr 2025-ci il tarixlərində Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində (IAC 2025) iştirak edir.

“İki sahil” xəbər verir ki, Azərbaycan Milli Elmi Komandasının tərkibində BDU-nun SABAH qruplarının “Kompüter elmləri” ixtisasının IV kurs tələbəsi Bəxtiyar Novruzov, “Riyaziyyat müəllimliyi” ixtisasının IV kurs tələbəsi Nuray Səfərli, “Kimya müəllimliyi” ixtisasının məzunu, BDU-nun doktorantı Qəmzə Yahyayeva Bakı Dövlət Universitetini və ölkəmizi Beynəlxalq Astronavtika Konqresində uğurla təmsil edirlər.
Bu nüfuzlu tədbir kosmos sənayesi və akademiyasının ən yeni inkişafını, tədqiqatları və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün dünya miqyasında bir araya gələn platformadır.
Konqresin builki əsas mövzusu “Dayanıqlı Kosmos: Dayanıqlı Yer” (Sustainable Space: Resilient Earth) olub, kosmos texnologiyalarının Yer üzündə dayanıqlılığa verdiyi töhfələri araşdırır və dünyanın müxtəlif ölkələrindən 10000-dən çox iştirakçını cəlb edir.
BDU tələbələri və gənc tədqiqatçıları – Bəxtiyar Novruzov, Nuray Səfərli, Fidan Sərdarova, Aişə Xəlilli, Qəmzə Yəhyayeva və İsgəndər Məmmədov konqresdə müxtəlif mövzular üzrə məruzələrlə çıxış edəcəklər. Onların təqdimatları kosmos məlumatlarının böyük verilənlər və data analitikası üsulları ilə analizi, astronavtların kosmik şüalanmadan qorunması və məktəblilərə kimya ilə kosmosun inteqrasiyasının öyrədilməsi kimi müxtəlif mühüm mövzuları əhatə edir.
Bu iştirak BDU tələbələrinin beynəlxalq elmi mühitdə ölkəmizi uğurla təmsil etməsinə, Azərbaycanın kosmik tədqiqatlardakı mövqeyini möhkəmləndirməsinə və gənc alimlər üçün geniş təcrübə mübadiləsi imkanlarının yaradılmasına xidmət edir.

Seçilən
16
3
ikisahil.az

5Mənbələr