AZ

Azərbaycanın inkişaf strategiyası: milli prioritetlər və yeni siyasi reallıqlar

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Prezident İlham Əliyevin sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycanın həm tarixi ədaləti bərpa edən, həm də qlobal və regional məsələlərdə fəal rol oynayan bir dövlət kimi mövqeyini nümayiş etdirir. Bu çıxış ölkəmizin ərazi bütövlüyünün bərpası, dövlət suverenliyinin qorunması və regionda sülhün təmin edilməsi istiqamətində atdığı əhəmiyyətli addımları vurğulayır. Həmçinin, ölkənin beynəlxalq əməkdaşlığa və qlobal çağırışlara olan sadiqliyini bir daha sübut edir.

30 ilə yaxın davam edən sülh danışıqlarının nəticəsiz qalması Azərbaycanı 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməyə məcbur edib. Ermənistanın hərbi təcavüzü şəhərlərə və kəndlərə ballistik raketlərin atılması, kasetli mərmilərlə bombalanma və 100-dən çox günahsız mülki vətəndaşın qətlə yetirilməsi kimi faciələrlə nəticələnib. Azərbaycan Silahlı Qüvvələri isə müharibəni beynəlxalq humanitar hüquqa riayət etməklə apararaq mülki infrastrukturu hədəfə almayıb.

44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərimiz azad edilib. Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq təmin edib. 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiyası tarixi ədalətin bərpası və regionda yeni siyasi reallıqların formalaşmasının başlanğıcı kimi mühüm önəm kəsb edir.

Uzun illər ərzində Azərbaycan regionda sülh və sabitliyin təmin edilməsi üçün davamlı səylər göstərib. Beynəlxalq hüquq və qlobal əməkdaşlıq prinsiplərinə əsaslanan təşəbbüslər irəli sürülüb. Tərəflər arasında konstruktiv dialoq qurmaq məqsədilə bir sıra səmərəli işlər həyata keçirilib. Bu proses çərçivəsində ölkəmiz sülh müqaviləsinin hazırlanması və danışıqların təşkili üçün önəmli addımlar atıb. Dövlətimizin başçısının BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında vurğuladığı kimi, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik: “Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”.

Danışıqlar və diplomatik səylər nəticəsində regionda sülhün bərqərar olunması istiqamətində mühüm irəliləyişlər əldə edilib. Bu proses tərəflər arasında etimadın artırılması və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün vacib olub. 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə xarici işlər nazirləri sülh müqaviləsinin mətnini paraflayıblar və Birgə Bəyanat imzalanıb. Eyni zamanda, ATƏT-in Minsk qrupu və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanlanıb və sentyabrın 1-də bu mexanizmlər rəsmi olaraq ləğv edilib.

Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. Ermənistan işğalı dövründə yerlə-yeksan edilmiş şəhər və kəndlər, dağıdılmış məscidlər və digər infrastruktur layihələri Azərbaycan tərəfindən bərpa edilir. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır.

Postmünaqişə dövründə qarşıya çıxan ciddi humanitar problemlərdən biri də minaların yaratdığı təhlükədir. Bu mərhələdə 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. Mina təhlükəsi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə ciddi maneələr yaradır. Həmçinin, Birinci Qarabağ müharibəsi dövründən etibarən itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi narahatlıq doğurur.

Azərbaycan, həmçinin qlobal çağırışlara cavab olaraq inklüziv, ədalətli və ümumbəşəri həll yollarının təşviqində fəal rol oynayır. COP29-a ev sahibliyi etməsi və qlobal iqlim maliyyələşdirilməsində göstərdiyi uğurlu fəaliyyət ölkəmizin bu sahədə lider mövqeyini nümayiş etdirir. Eyni zamanda, Azərbaycan regionda yaşıl iqtisadiyyatın inkişafı və davamlı enerji layihələrinin həyata keçirilməsi ilə nümunəvi təşəbbüslər göstərir. Bu fəaliyyətlər həm də qlobal iqlim siyasətinə böyük töhfə verməklə dövlətin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi qlobal iqlim maliyyəsində tarixi mərhələdir: “Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi”.

Qalib dövlət olaraq Azərbaycanın sülhə yönəlmiş siyasəti həm region xalqlarının sabit gələcəyini təmin edir, həm də ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş kimi nüfuzunu möhkəmləndirir. Uzun illər davam etmiş işğal və ədalətsizlikdən sonra ölkəmizin ərazi bütövlüyünün bərpası yalnız tarixi ədalətin təntənəsi deyil, həm də regionda yeni siyasi və geostrateji reallıqların təsdiqi kimi dəyərləndirilir. Əməkdaşlıq və qarşılıqlı anlaşma platforması ilə çıxış etmək suveren dövlətin gücünü və məsuliyyətini göstərir.

Bu amillər bir daha sübut edir ki, müharibəni dayandırmaq Qələbənin başlanğıcı, sülhü təmin etmək isə onun ən ali mərhələsidir. Azərbaycan tarixi zəfərlər nəticəsində regionda sülhün təminatçısı kimi çıxış edir və postmünaqişə dövründə davamlı əməkdaşlıq, təhlükəsizlik və inkişafın təminatçısı olaraq rolunu gücləndirir.

Heydər Əsədov

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
2
sesqazeti.az

3Mənbələr